SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ramiz Mehdiyev nə istəyir: Paralel idarəçilik, yoxsa tarix üçün xidmət?.. - GƏLİŞMƏ

Ramiz Mehdiyev nə istəyir: Paralel idarəçilik, yoxsa tarix üçün xidmət?.. - GƏLİŞMƏ

Tarix:

20-02-2021, 12:11

/ 809 dəfə oxundu.
Ramiz Mehdiyev nə istəyir: Paralel idarəçilik, yoxsa tarix üçün xidmət?.. - GƏLİŞMƏ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi fəaliyyətə başlayacaq. Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib.

AMEA-dan bildirilib ki, şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır. Həmin şöbəyə müdir vəzifəsinə isə Qafqaz tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru İradə Bağırovanın namizədliyi irəli sürülüb. İ.Bağırova 1979-cu ildən institutda çalışır. O, 1998-2002-ci illlərdə “Space” telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyib

AMEA-da Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsinin yaradılması barədə qərarın Akademiyanın Prezidenti Ramiz Mehdiyev tərəfindən verildiyi şübhəsizdir. Uzun illər siyasi fəaliyyətlə məşğul olan, siyasi partiyalarla bu və ya digər əlaqələrə malik olmuş Ramiz Mehdiyevin elm ocağında Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi yaratması birmənalı qarşılanmır. Sosial şəbəkələrdə bu addımı müsbət qiymətləndirınlərlə yanaşı, Mehdiyevin siyasi partiyalarla bu yolla əlaqələr qurmaq və paralel idarəçilik həyata keçirmək niyyəti güddüyü kimi şərh edənlər var.

ADP sədri Sərdar Cəlaloğlu şöbənin yaradılmasını çox vacib və əhəmiyyətli qərar adlandırdı: “Bu, hətta bir az gecikmiş qərardır, əslində illər öncədən yaradılmalı idi. Azərbaycanda siyasi partiyalaşmanın tarixi 100 ildən artıqdır. İlk yaradılan partiyaların əksəriyyəti indi mövcud deyil. Nə onların, nə yüz ildən artıq tarixi olan və bu gün də yaşayan partiyaların, nə 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra yaradılan partiyaların tarixi, fəaliyyəti dəqiq araşdırılmayıb. Məsələn, şəxsən bizim partiya barəsində baxıram ki, Vikipediyada yanlış məlumatlar yer alır, guya bizim partiya dövlət qeydiyyatına 2000-ci ildə alınıb. Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri siyasi tarixidir. Bu tarixin içində siyasi partiyalar yer alır. Bu tarixi öyrənməliyik. Bu tarix öyrənildikcə dövlətçilik tariximiz, dövlət xadimlərimiz də öyrəniləcək. Azərbaycan yüz il bundan əvvəl çox ciddi bir partiyalaşma dövrü keçib. Bu barədə aydın, geniş məlumatlar yoxdur. Eləcə də müstəqilliyimizin bərpasından sonra siyasi təşkilatların, ictimai qurumların yaradılması prosesi getdi.

Bütün bunların tarixini elmi şəkildə öyrənmək üçün sözügedən şöbə işlər görə bilər. O şöbə ciddi işlər görə və ölkədə çoxpartiyalı siyasi sistemə ciddi töhfələr verə bilər. Orada həm də hər halda partiyalaşmanın qüsurları da araşdırılacaq. Partiyalarla bağlı bütün istiqamətlərdə elmi araşdırmalara ehtiyac var. Bəzi adamlar Elmlər Akademiyasında belə bir şöbənin yaranmasını Ramiz Mehdiyevin dövlət içində dövlət yaratması kimi yanlış yozurlar. Elmi tədqiqat aparılacaq, bunun nəyi pisdir? Bunu hansı məntiqlə o cür yozurlar?! Mənim partiyam haqqında məsələn, bir elmi iş yazılanda o deməkdir ki, məni idarə edəcəklər?! Tarixi öyrənmək məgər pisdir? Ramiz Mehdiyevin yanlış işini tənqid etmək lazımdır, ancaq AEMA-da qeyd etdiyimiz mütərəqqi və lazımlı addım atılıbsa, bunu alqışlamaq lazımdır. Başqa səmtlərə yozmaq lazım deyil".

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan müstəqillik əldə edəndən sonra siyasi partiyalar yaradılmağa başlayıb: “Partiyaların yaranması, necə formalaşması, fəaliyyəti, nəticələri barədə bir elmi araşdırmaya ehtiyac var. Əgər AMEA-da məhz bu işlə məşğul olacaq şöbə fəaliyyət göstərəcəksə, belə bir şöbənin yaradılmasını təqdir eləmək olar. Partiyaların tarixi ilə bağlı məlumatlar əldə etmək istəyəcəklərsə müraciət edə bilərlər. Amma hansısa dövlət qurumu ilə paralel qurum yaratmaq məqsədi güdüləcəksə, bizim partiya ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Azərbaycanda təxminən 1 ildir ki, Prezident Administrasiyasında Siyasi Partiyalar və qanunverici orqanla iş şöbəsi yaradılıb. Həmin şöbə ilə siyasi partiyalar arasında yaxşı münasibətlər qurulub və münasibətlər səmərəli şəkildə inkişaf edir. Dediyim odur ki, başqa hansısa qurumun bu missiyanı öz üzərinə götürmək niyyəti olacaqsa biz bunda imtina edəcəyik. Elmlər Akademiyasında yaradılan şöbə ümid edək ki, sırf elmi fəaliyyətlə məşğul olacaq, paralel struktur olmayacaq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, AMEA-da məlum şöbənin yaradılması hələ də Ramiz Mehdiyevin təsir dairəsində olan partiyalara verilən bir mesajdır: “AMEA-da yaradılan yeni şöbə qurumun prezidenti Ramiz Mehdiyevin siyasi üsyan üçün qərargahıdır. Ramiz Mehdiyev AMEA-nı dövlətə, dövlətçiliyə qarşı mübarizə qərargahı elan edir və bunu açıq şəkildə bildirməkdən çəkinmir. Ramiz Mehdiyev paralel strukturlar yaradır. Bir də görəcəyik ki, AMEA daxilində Dövlət Təhlükəsizliyi Xidmətinin tarixi şöbəsi də yaradılacaq. Bunu əminliklə deyirəm. Adam dövlət içində ”paralel dövlət" qurur, siyasi üsyan ocağı yaradıb. Dövlət bununla bağlı konkret addımlar atmalıdır. Yaranan şöbədə partiyaların tarixinin araşdırılmasından söhbət gedə bilməz. Bu addım hələ də Ramiz Mehdiyevin təsir dairəsində olan partiyalara verilən bir mesajdır. Demək istəyir, elə bilməyin ki, mən sizi unutmuşam, sizi sahibsiz qoymuşam. Buradayam, sağam, hətta sizinlə işləmək üçün şöbə də yaratmışam".

YAP-çı deputat Elman Nəsirov isə bildirib ki, AMEA-da yaranan şöbənin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə heç bir əlaqəsi yoxdur: “Burada siyasi partiyaların tarixini öyrənən bir şöbədən söhbət gedir. Bu tamamilə başqa şeydir. 2019-cu ildə Prezident Aparatında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbə bu gün partiyalararası, parlament, icra hakimiyyəti arasında dialoq məsələlərini kurasiya edir və ona hörmətli Ədalət Vəliyev rəhbərlik edir. Xeyli də işlər görüblər. Siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında bu şöbənin rolu böyükdür və işi uğurlu alınıb. Ancaq haqqında danışdığınız Elmlər Akademiyasında yaranan Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi partiyalar arasında münasibətləri deyil, məhz partiyaların tarixini öyrənən şöbədir. Bu, AMEA-nın Tarix İnstitutunda yaradılıb. Bu baxımdan hesab edirəm ki, siyasi partiyaların tarixinin öyrənilməsi Tarix İnstitutunun profilinə uyğun məsələdir. Və məlum Prezident Administrasiyasındakı şöbə ilə paralellikdən söhbət gedə bilməz”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ