SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ

"Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ

Tarix:

18-06-2020, 11:08

/ 2 164 dəfə oxundu.
"Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ

Özbəkistan Ədliyyə Nazirliyi və Baş Prokurorluğu ölkənin keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın Fransadan 10 milyon dollarlıq aktivlərini geri alıblar.

Qaytarılan vəsaitlər Özbəkistan dövlətinin büdcəsinə köçürülüb və ümumi qaydada istifadə ediləcək. Fransadan qaytarılan aktivlərin sosial layihələrə xərclənməsi və görülən işlərin gedişi haqda müntəzəm olaraq geniş ictimaiyyətə məlumat verilməsi planlaşdırılır.

Gülnarə Kərimova hazırda 10 illik həbs həyatı yaşayır və xaricdəki aktivlərinin əlindən alınmasına qədər o, ölkə daxilində olan və dəyəri 10 milyonlarla ölçülən əmlakları dövlətə qaytarmışdı.

Hazırda Özbəkistan Ədliyyə Nazirliyi və Baş Prokurorluğu Gülnarə Kərimovanın İsveçrə, ABŞ, Fransa və Rusiyada olan 1,3 milyard dollarlıq aktivlərinin geri qaytarılmasına çalışır.

Gülnarə Kərimovanın bunca əmlakının geri qaytarılması Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mal-mülkünün Azərbaycan qaytarılması məsələsini yenidən gündəmə gətirib. Hazırda Londonda yaşayan 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. O, Britaniyada 2018-ci ildən tətbiq olunmağa başlayan “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk hədəfi olub. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilmədiyindən bu sərəncama əsasən Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkü və Berkshiredə təmtəraqlı qolf kursu nəzarətə alınıb, üzərinə həbs qoyulub. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından 10 milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib. Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur.

Yada salaq ki, Zamirə Hacıyeva 2018-ci ilin noyabrında Azərbaycan hüquq-mühafizə orqanlarının xahişi ilə Bakıya ekstradisiyası məsələsinə baxılması üçün həbsə alınmışdı. Lakin sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya olunmayıb. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb.

Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidatın faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaiti hesabına alınması şübhə doğurmur. Özbəkistan Fransadan Gülnarə Kərimovanın 10 milyon dollarlıq aktivlərini geri alıb digər ölkələrdəki 1.3 milyardlıq aktivlərə iddia irəli sürürsə, Azərbaycan da eyni addımı Zamirə Hacıyevaya qarşı nədən atmasın?

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyevayanın Londonda müsadirəyə hazırlanan əmlaklarına Azərbaycan dövləti iddia edə bilər. Burada hər hansı bir hüquqi maneə yoxdur: “Azərbaycan Londona təcrübəli hüquqşünaslar göndərib isbat etməlidir ki, Zamirə Hacıyevanın sərəncamında olmuş varidat məhz Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan bu sahədə təcrübəsi olan hüquqşünaslara müraciət edə bilər. Elə İngiltərənin özündə belə hüquqşünaslar var və onlarla müqavilə bağlamaq olar. Güman edirəm ki, Özbəkistan da Gülnarə Kərimovanın Fransadan 10 milyon dollarını qaytarmaq üçün təcrübəli hüquqşünaslarla müqavilə bağlayıb. Nəticəsi də göz qabağındadır - dövlətdən oğurlanan, xalqdan oğurlanan pullar Özbəkistana qaytarılıb. Azərbaycan təcrübəli hüquqşünaslarla müqavilə bağlamaqla yanaşı, Beynəlxalq Bankla bağlı sənədlərin açılmasına da hazır olmalıdır. Əks halda, nəticə biz istədiyimiz kimi olmayacaq. Bu halda Beynəlxalq Bankla əlaqəli həbslərin dairəsi geniş olmalıdır. Cahangir Hacıyev 10 milyonlarla vəsaiti təkbaşına mənimsəyə bilməzdi. Bu gün həbs olunanlardan 10 dəfə artıq şəxs həbsə getməlidir. Hər kəsə aydındır ki, Zamirə Hacıyeva istəsəydi belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməzdi. Zamirə Hacıyeva işsiz-gücsüz qadındır, onda bu qədər pul ola bilməzdi.

Zamirə Hacıyeva deyir ki, pulları əri qazanıb. Əri isə dövlət bankının vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək həbsdədir. Sadəcə həbsə alınma və məhkəmənin aparılması qaydası bu gün Cahangir Hacıyevə özünü az qala siyasi məhbus kimi qələmə verməyə imkan verir. Onun üzərində məhkəmə açıq və ədalətli olmalı idi və dövlət pullarının mənimsənilməsində əli və rolu olan hər kəs həbsə alınmalı idi ki, bu gün rahat şəkildə Azərbaycan dövləti ondan oğurlanan pullara iddia edib geri ala bilsin".

Əkrəm Həsənov deyir ki, istənilən halda Azərbaycan dövləti büdcədən oğurlanan pullara sahib çıxmaq üçün hərəkətə keçməlidir: “Zamirə Hacıyeva ilə əqd bağlayıb sərəncamında olmuş əmlakların Azərbaycana məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilər. Bundan sonra oradakı əmlaklar əqddə nəzərdə tutulan faiz nisbətində Azərbaycan dövlətinə qaytarıla bilər. Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər. Zamirə Hacıyevanın həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz".
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ