SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ticarət mərkəzlərində sığorta və yanğın təhlükəsizliyi problemi - Nə etməli?..

Ticarət mərkəzlərində sığorta və yanğın təhlükəsizliyi problemi - Nə etməli?..

Tarix:

18-12-2019, 09:52

/ 1 325 dəfə oxundu.
Ticarət mərkəzlərində sığorta və yanğın təhlükəsizliyi problemi - Nə etməli?..

Son vaxtlar ticarət mərkəzlərində baş verən böyük yanğınlar bu obyektlərdə yanğından mühafizə qaydalarına əməl olunması vəziyyətini gündəmə gətirib. Məhz yanğınlardan sonra məlum olub ki, ticarət mərkəzlərində yanğından mühafizə qaydalarına demək olar ki, heç kim riayət etmir. Sahibkarlıq subyektlərində yoxlamaları qadağan edən qanunun qəbul olunması bir çox sahibkarların yanğın təhlükəsizliyi qaydalarını gözardı etməsinə gətirib çıxarıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları və başqa qurumlar bu cür iri obyektlərdə reyd keçirəndə “sahibkarların fəaliyyətinə əngəl yaradılır” deyə hay-küy salırlar. Hazırda heç bir qurum söz-söhbət qalxmasın deyə yoxlama apara bilmir.

Redaksiyamıza iri ticarət mərkəzində çalışan mənbənin verdiyi məlumata görə, irili-xırdalı ticarət mərkəzlərində yanğının böyüməsinin qarşısını almaq üçün istinad divarları olmalıdır: “Yanmaya həssas mallar əsasən anbarlarda yerləşdirilməlidir. Mal anbardan verilməlidir. Oda həssas mallar vitrində bir-birindən bəlli məsafədə saxlanmalıdır. Dükanlararası istinad divarlarının yerinə fanerka, dikt və ya alçivan vurur ticarətçilər. Bu da yanğını lokallaşdırmağa imkan vermir”.

Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyevin “Yeni Müsavat”a dediyinə görə, yanğın təhlükəsizliyinə ticarət mərkəzlərinin sahibləri ilə yanaşı, orada icarə əsasında fəaliyyət göstərən sahibkarlar da məsuliyyət daşıyırlar: “Hərəsinin öz məsuliyyəti var. Ticarət mərkəzinin sahibi icarədar sahibkarları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə bir növ, məcbur etməlidir. Yəni bu sahədə sərt nəzarət yaratmalıdır. Qaydaları pozan bir-iki sahibkar ticarət mərkəzindən kənarlaşdırılsa, inandırım sizi, bundan digər sahibkarlar da nəticə çıxararlar. İri ticarət mərkəzləri dünyanın heç yerində yanğından tam sığortalanmayıb, bu və ya başqa səbəbdən yanğın hər yerdə ola bilər. Sadəcə olaraq, Azərbaycanda ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunma səviyyəsi çox aşağıdır. Belə obyektlərdə yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, siqnalizasiya sisteminin, yanğınsöndürmə qurğularının, yanğın dolablarının, yanğın hidrantlarının, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planı və bunu göstərən lövhələrin, ehtiyat yanğın su çəninin olmasına, nasos və qurğuların daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir”.

Ekspert deyir ki, təhlükəsizlik tədbirləri mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir: “Bina fasadında asan yanan materiallardan istifadə edilməsi, satılan malların materialının tez alışan olması, məişət cihazlarından və elektrik alətlərindən istifadə edilməsi ani bir qığılcımda böyük yanğına səbəb ola bilər. Bundan əlavə, mərkəzdə satılan malların bir-birinin yanına düzülmə ardıcıllığı, ara məsafəsi nəzərə alınmalıdır. Elə tikinti materialları var ki, açıq havada qaldıqdan sonra bağlı anbara yığılan zaman alovlanmaq ehtimalı böyükdür. Belə materialları xüsusi qayda ilə anbara yerləşdirmək lazımdır. Ona görə də ticarət mərkəzinin rəhbərliyinin özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da bu qaydalara ciddi riayət edilməsini tələb etməlidir. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş, kustar üsulla düzəldilmiş elektrik, qaz cihazlarında yemək, çay qızdıranlara qədər rast gəlmək olar. Bir çox elektron cihazlar satılan mağazalarda həmin cihazları bütün gün elektrik xəttinə qoşub müştəri cəlb etmək üçün işlədirlər. Bu, həm ümumi mərkəzə gələn elektrik xətlərində yüklənməyə səbəb olur, həm də yanğın təhlükəsi yaradır. Yanğınların əksəriyyəti elektrik qısaqapanmasından baş verdiyi üçün obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına, həmçinin təmizliyə fikir verilməlidir. Bazarlarda məişət tullantıları ətrafa atılır, satıcılar, müştərilər siqareti çəkib yerə atırlar. Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir...”

E.Nurəliyevin sözlərinə görə, qanunvericilikdə iri müəssisələrdə işçilərdən ibarət yanğın qruplarının fəaliyyət göstərməsi tələbi var: “Bunlara ”könüllü yanğın dəstələri" də deyilir. Bu qruplarda müvafiq dövlət qurumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Yəni “könüllü yanğın qrupu”nun üzvlərinə təlimlər keçdikdən sonra onlar fövqəladə vəziyyətdə nə etmək lazım olduğunu, insanları və əmlakı necə təxliyə etməli olduğunu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə necə müdaxilə etməli olduğu barədə anlayışları olur. Onlar fövqəladə vəziyyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edərək, həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edə bilərlər. Təsəvvür edin, ticarət mərkəzində, yaxud bazarda fövqəladə vəziyyət vaxtı nə etmək lazım olduğunu bilən şəxslər var... Görün, onların nə qədər faydası olar. Hesab edirəm ki, bütün ticarət mərkəzlərində bu cür qrupların olması vacibdir".

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlının sözlərinə görə, sığorta şirkətləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayan ticarət mərkəzlərinin könüllü sığortasında maraqlı deyillər: “Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması riskin dərəcəsini müəyyən edir. Düzdür, daşınmaz əmlakın icbari sığortasında bu prinsip nəzərə alınmır. Çox təəssüflər olsun ki, ”İcbari sığortalar haqqında" Qanun mənzillərə münasibətdə risk qiymətləndirilməsinin aparılması haqqı tanımır sığorta şirkətlərinə. Amma sahibkarlıq subyektləri ilə bağlı belə qiymətləndirmə aparılır. Hətta sığorta haqqından azadolma məbləği də, sığorta haqqı da məhz yanğından mühafizə vəziyyətinə əsasən müəyyən olunur. Yəni bu məsələ sığortanın məbləğinə təsir göstərən bir saylı amildir. Eyni obyekti on min manata da, əlli min manata da sığortalamaq olar. Bu, asılıdır həmin obyektdə yanğın riskinin səviyyəsindən. Bir obyektdə bütün yanğın təhlükəsizliyi qaydalarına əməl olunursa, binanın bütün yanğın təhlükəsizliyi sistemləri mövcuddursa, obyektin özündə işçilərdən ibarət yanğından mühafizə qrupu varsa, belə obyektlərə sığorta şirkətləri daha yüksək qiymət təyin edirlər".

Mütəxəssisin sözlərinə görə, hazırda “Binə” və bu kimi ticarət mərkəzlərində əmlakın könüllü sığortasının olmaması bilavasitə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi ilə bağlıdır: “Düzdür, icbari sığorta olunur - simvolik məbləğə. Amma oradakı malların könüllü sığortasını etmək istəsəniz, heç kim yaxın durmayacaq. Çünki 10 min sığorta haqqına görə milyonlarla manat zərərə düşməyi heç kim istəmir. Bir var, 20 min sığorta haqqı alıb, 5 min ondan qazanc götürəsən, bir da var, onqat artığını itirəsən. Ticarət mərkəzlərinin rəhbərləri, orada iş quran sahibkarlar bunu nəzərə almalıdılar”.

Qeyd edək ki, əksər hallarda yanğından zərərçəkən sahibkarların zərəri dövlət tərəfindən qarşılanır. Bu isə ticarət mərkəzlərində işləyən sahibkarları bir növ, arxayın salır: onlar nə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, nə də mallarını könüllü sığortalatmağa həvəs göstərmirlər...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ