XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Oliqarxlar sığorta şirkətlərini bazara buraxmır? - GƏLİŞMƏ

Oliqarxlar sığorta şirkətlərini bazara buraxmır? - GƏLİŞMƏ

Oliqarxlar sığorta şirkətlərini bazara buraxmır? - GƏLİŞMƏ
13-01-2020, 10:58

Mütəmadi paytaxt Bakıda yerləşən ticarət mərkəzlərində baş verən güclü yanğın ölkə gündəmini də dəyişir.

Xüsusən də "Diqlas”, “Binə”, “Sədərək”, “Eurohome” kimi iri ticarət mərkəzlərində baş vermiş yanğınlar göstərir ki, bu ticarət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsi aktual problemlərdəndir. Əvvəllər bu cür hadisələr baş verəndə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti həmin obyektin fəaliyyətinin dayanmasına nail ola bilirdi.

Amma indi sanki FHN-nin buna səlahiyyəti çatmır. Görünür, oliqarxlara məxsus bu obyektlərə “batmaq” mümkün deyil. Bu ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlara dəyən ziyanın miqdarı isə milyon manatlarla ölçülür. Yanğının mütəmadi baş verməsinin səbəbi isə birdir, obyekt rəhbərliyi yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməməsidir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, artıq yanvarın 1-dən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinə iaşə obyektlərində yoxlamalar keçirməyə icazə verilib:

“Artıq Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərində, o cümlədən müəssisələrdə və bazarlarda yoxlamalar keçirə bilər. Nöqsanlar aşkar olunarsa, Xidmət onun qarşısının alınması məqsədilə obyekt rəhbərliyi qarşısında məsələ qaldıra bilər. Xəbərdarlığa məhəl qoyulmadığı təqdirdə, Xidmət obyektin fəaliyyətini dayandıra bilər. Bu səlahiyyət artıq FHN-ə verilib. Ümumiyyətlə, iri müəssisələrdə tikinti zamanı bütün təhlükəsizlik qaydalarına mütləq əməl olunmalıdır.

Əks halda, fövqəladə hal baş verən zamanı zərərin miqyası da böyük olur. Əsasən, müasir standartlara tikilən “mollar”da təhlükəsizlik qaydalarına tam əməl olunub. Bu mərkəzlər avtomatik yanğınsöndürmə vasitələri, yanğın dolabları, siqnalizasiya vasitələrinə qədər bir çox avadanlıqlarla təchiz olunub. Amma digər iri ticarət mərkəzlərinin tikintisində təhlükəsizlik qaydalarına riayət olunmayıb. Mallar pərakəndə düzülüb, anbarlarda heç bir təhlükəsizlik qaydalarına əməl olunmur, o cümlədən obyektlər arasında olan məsafəyə və təxliyə yollarına satış malları yığaraq süni şəkildə maneələr yaradılıb. Fövqəladə hadisə baş verən zaman insanlar hansı təxliyyə planına uyğun olaraq hərəkət edəcəyi ilə bağlı sxem belə yoxdur. Üstəlik, içəridə xüsusi işarələrlə belə göstərilməyib ki, insanlar hansı yolla təhlükəsiz yerə keçə bilər. Heç çıxış qapısının hansı tərəfdə olması da bilinmir. Bu cür ərazilərə təcili tibbi yardım maşınlarının, eləcə də yanğınsöndürənlərin girməsi üçün yer yoxdur. Bazar rəhbərliyi icarəyə verdiyi mağazalardan 30-40 kvadratmetr önə sahibkarlar öz mallarını düzürlər. Üzbəüz hər iki sıradan sahibkar mağazaların qarşısına mallarını düzəndə nəinki maşınların, heç insanların keçməsi üçün yol qalmır. Bu isə xilasetmə qruplarının işini çətinləşdirir”.

Ekspert onu da qeyd edib ki, ticarət mərkəzlərində insanların təhlükəsiz toplanış məntəqələri olmalıdır:

“Fövqəladə vəziyyət yarananda insanlar hara toplanacağını öncədən bilməlidir. İri ticarət mərkəzlərində işçilərin bu cür mərkəzlər barədə məlumatlı olması, təbii ki, orada olan müştərilərin də təxliyyəsinə kömək edir. Qanunda könüllü yanğınsöndürmə qruplarının olması barədə müddəa yer alır. Əgər bir obyektdə 15 nəfərdən çox işçi varsa, orada könüllü yanğınsöndürmə qrupları mütləq fəaliyyət göstərməlidir. Bu qrupun işi fövqəladə hal baş verdikdə yanğınsöndürmə briqadası gələnə qədər vəziyyəti bir növ əldə saxlamaqdan ibarətdir. Yəni ilk növbədə insanlar həmin ərazidən təhlükəsiz təxliyə olunur, daha sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının qarşısını alınır. Daha sonra könüllü yanğınsöndürmə qrupları hadisə yerinə gələn yanğınsöndürmə briqadasına yanğın haqqında ilkin məlumatlar verməlidir. Bu qrupun olması yanğınsöndürmə briqadasının işini çox asanlaşdırır. Təbii ki, insanlar könüllü yanğınsöndürmə qruplarına peşəkar təlimlər keçəndən sonra təyin olunur. Bu qrupun üzvləri kənar şəxslər yox, həmin obyektlərdə çalışan işçilərdən ibarətdir. Qrupun təlim keçmiş üzvləri sayəsində baş verən hadisədən minimum zərərlə ötüşmək olar”.

Elmar Nurəliyevin sözlərinə görə, baş verən hər hansı bir hadisəyə görə obyekt rəhbəri məsuliyyət daşıyır:

“Bu obyektlərdə insanların özləri və əmlakları ziyan görür. Buna görə də yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Bu cür kütləvi obyektlərdə kiçik sahibkarlar özləri də məsuliyyətli olmalıdır. Təhlükəsizlik qaydalarına əməl olunmayan bazarlarda, ticarət mərkəzlərində fəaliyyət göstərməkdən kütləvi şəkildə imtina olunmalıdır. Bu zaman müəssisə rəhbəri bütün təhlükəsizlik qaydalarının tələblərinə əməl etməyə məcbur olacaq. Əgər bu cür iaşə obyektlərində təhlükəsizlik qaydalarına tam əməl olunarsa, sığorta şirkətləri də orada olan malları və mülkləri sığortalamaqda maraqlı olacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.