SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xadimənin də adına iki dəfə kredit götürülüb - Həbsdə olan sabiq deputatın məhkəməsi

Xadimənin də adına iki dəfə kredit götürülüb - Həbsdə olan sabiq deputatın məhkəməsi

Tarix:

2-03-2017, 15:12

/ 1 755 dəfə oxundu.
Xadimənin də adına iki dəfə kredit götürülüb - Həbsdə olan sabiq deputatın məhkəməsi

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayt işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib.

Hakim sabiq deputata ifadə verməyi təklif edib. Ancaq D.Xəlilov indiki mərhələdə ifadə vermək istəmədiyini deyib. Daha sonra məhkəmədə şahidlər ifadə verib. İlk şahid "İntertekistil" şirkətinin əməkdaşı Paşa Namazov olub. O, deyib ki, digər işçilərdən olduğu kimi, ondan da bankdan kredit götürmək üçün sənədləri imzalamaq tələb olunub: "Biz də banka gedib sənədləri imzaladıq. Bizə demişdilər ki, şirkət üçün lazımdır".

Digər şahid Bayram Əliyev ifadəsində deyib ki, rəhbərliyin göstərişi ilə banka gedib sənədləri imzalayıb. "İntertekistil" şirkətində işlədiyini deyən şahid bildirib ki, rəhbərlik pulun fabrikə kömək məqsədi ilə götürüldüyünü deyib.

Şahid Şahin Qulamov isə ifadəsində deyib ki, Dünyamin Xəlilovun göstərişi ilə banka gedib sənədlərə qol çəkib: "Baş mühasib dedi ki, Dünyamin müəllim bununla bağlı göstəriş verib. Biz də gedib imzaladıq".

Adıçəkilən şirkətdə xadimə işləyən Gülbuta İslamova da məhkəmədə igadə verib. O da adına kredit götürülənlərdəndir. G.İslamova rəhbərliyin göstərişi ilə iki dəfə banka gedib sənədlərə qol çəkdiyini deyib. Etibar Babayev adlı digər şahid isə bankda ağ kağıza qol çəkdiyini söyləyib. Üzeyir Mirzəyev adlı şahid də həmin şirkətdə işlədiyini, Dünyamin Xəlilovu rəhbər kimi tanıdığını, gedib bankda sənədlərə qol çəkdiyini deyib.

"İntertekstil" şirkətinin rəhbəri Dünyamin Xəlilov olub. Şirkətin işçilərinin adına kredit Cahangir Hacıyevin sədr olduğu zaman "Beynəlxalq Bank"dan götürülüb. Pullar ayrı-ayrı şirkətlərin bank hesabına köçürülərək xaricə çıxarılıb.

Növbəti məhkəmə prosesi martın 9-na təyin edilib.

Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) və 32.4, 309.2-ci (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və onun işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Şərhlər

XƏBƏR LENTİ