Şəhriyarın heykəlinə qarşı hörmətsizliyə Bakıdan reaksiyalar
Bir neçə gün öncə İranın Məşhəd şəhərində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın büstünə qarşı hörmətsizlik edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, naməlum şəxslər şairin şəhərdəki büstünü küt alətlə bir neçə yerdən dağıtmağa çalışıb. Nəticədə büst yararsız hala düşüb. Büstün baş hissəsi bir neçə yerdən sındırılıb.
Qeyd edək ki, İranda Məhəmməd Hüseyn Şəhriyarın büstünə, heykəlinə qarşı hörmətsizlik ilk dəfə deyil. Belə ki, 2012-ci ildə Təbrizdə ustad Şəhriyarın adını daşıyan bulvarın girəcəyinə qoyulmuş heykəli oğurlanmışdı. Maraqlıdır ki, şəhərin rəsmiləri olayla bağlı heç bir açıqlama verməmişdi. Eləcə də 2010-cu ilin yazında Tehranda Şəhriyarın heykəli oğurlanmışdı.
Şəhriyarın büstünün yararsız hala salınması ölkəmizdə də böyük narazılığa səbəb olub. Deputat Qənirə Paşayeva sosial şəbəkədə ustadın heykəlinə qarşı edilən hücumu sərt tənqid edib: “Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq? Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir. ”Heydərbabaya salam" hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyimiz özəl bir əsərdir bizim üçün. Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür. Bizim evimizdə qapıdan daxil olan hər insanı ilk qarşılayan foto onun idi. Hətta məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər babamın şəklidir. Onlara atamın anlatdığı Şəhriyarı anladardım. Onun büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə, ağrıyla, üzüntü ilə baxdım". Millət vəkili məsələ ilə bağlı ciddi tədbir görməyən rəsmiləri də qınayıb: “Bunu edənləri qınayıram, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görməyənləri də, bu vəziyyəti düzəltməyənləri də. Günü sabah bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinə zəng edib, etirazımızı bildirəcəm və bu vəziyyətin aradan qaldırılması məsələsini xahiş edəcəm. Şəhriyara qarşı bu cür sayğısızlığı bütün azərbaycanlılar qınayır və bu təcili aradan qaldırılmalıdır. Şəhriyar Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir və hər zaman sevgi ilə anılacaq”.
Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Yeni Müsavat”a danışaraq, olaya öz tənqidini bildirib: “Ulu Şəhriyar Azərbaycanın və İranın müştərək böyük şairidir. Bundan əvvəl onun heykəli oğurlanmışdı, indi isə büstü yararsız hala salınıb. Fikrimcə, bu məsələdə kimlərinsə əli var. İnanmıram ki, olayı hansısa fars edə bilər. Çünki Şəhriyar fars dilində də yazıb-yaradıb. Onun farsca olan divanını Bakıda nəşr etdirmişəm. Yəni Şəhriyarın yaradıcılığının 70-80 faizi fars dilindədir, bu səbəbdən farslar da onu çox sevir. Ona görə düşünürəm ki, burda siyasi məsələ var. Kimlərsə çaxnaşma, etnik qarşıdurma salmağa çalışır. Böyük bir şairin heykəlinə qarşı bu cür şərəfsizliyi hansısa türk və ya fars edəcəyini düşünmürəm. Bu cür işlərdə adətən erməni barmağı, izi olur.
Düşünürəm ki, İran hüquq-mühafizə orqanları Şəhriyara qarşı edilən hörmətsizliyə biganə qalmamalı və cinayətkarlar tezliklə öz cəzasını almalıdır. Yəqin ki, indi ustadın da ruhu narahatdır".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var