XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Ziya Məmmədov adi vətəndaşa çevrilir: “Delfin” və “Ruskaya Banya” da itirildi

Ziya Məmmədov adi vətəndaşa çevrilir: “Delfin” və “Ruskaya Banya” da itirildi

Ziya Məmmədov adi vətəndaşa çevrilir: “Delfin” və “Ruskaya Banya” da itirildi
21-11-2017, 10:33

Bakının Biləcəri qəsəbəsində yerləşən “Delfin” hotel və ona bitişik ərazidə olan məşhur “Ruskaya Banya” hamamı əl dəyişib
Sabiq nəqliyyat naziri Ziya Məmmədova aid obyektlər başqasının nəzarətinə keçib.
Bu haqda xəbər yayan unikal.orgməlumat verir ki, sözügedən obyektlər adı gizli qalan şəxs tərəfindən alınıb.
Bununla getdikcə biznes imperiyası kiçilməkdə olan Z.Məmmədov özünün dediyi kimi, adi vətəndaşa çevrilir
Sabiq nəqliyyat naziri Ziya Məmmədov 8 aydır vəzifəsindən çıxarılsa da, demək olar ki, hər gün onunla bağlı müxtəlif səpkili xəbərlər yayılır. Bunlardan ən çox diqqət çəkəni təbii ki, sabiq nəqliyyat nazirinin əmlakları ilə bağlıdır.
Hələ aylar öncə lPAŞA Bank» ASC «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və sabiq nazirin oğlu Anar Məmmədovun özünə qarşı iddia qaldırmışdı. Söhbət 1 milyon 141 min 203 manat borcdan gedirdi.
Abşeron Rayon Məhkəməsi Məmmədovlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki lNərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoymuşdu.
A.Məmmədov yalnız borcu ödədikdən sonra həbs qərarı ləğv olunmuşdu. Bundan sonra sabiq nazirin “Gulf Stream” markalı şəxsi təyyarəsinin əlindən alındığı xəbəri yayıldı.
Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib.
Məmmədovların ailə biznesi olan “Garant Holdinq” də sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək.
Məlumata görə, bu ilin yayından Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada “Garant Holding”in fəaliyyəti tam sıxışdırılıb.
Z.Məmmədovun həbsi üçün kifayət qədər əsaslı iddialar var. Onun adı bir neçə ölüm işində keçib. Z.Məmmədovun ətrafında belə “əməliyyat-axtarış” tədbirləri 3-4 ildir ki, davam edir.
Ən populyar versiyaya görə, Z.Məmmədov 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki xəyanətkar davranışlarına görə hakimiyyətin qəzəbunə tuş gəlmiş baş nazirin sabiq birinci müavini Abbas Abbasovla gizli əlaqələrinə görə cəzalandırılır.
Onun Azərbaycandakı və xaricdəki bütün biznesinə “əl qoyuldu”, ətrafı təmizləndi, əksər səlahiyyətləri əlindən alındı və 2-3 il davam edən bu “budama prosesi”nin sonunda bu ilin fevral ayında Nəqliyyat Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirilməklə, Z.Məmmədovun formal nazir statusuna da son verildi.
Vəzifəsini itirdikdən sonra Z.Məmmədovun doğulduğu Ucar rayonundakı malikanəsinə qapıldığı, hətta dini mütaliə ilə məşğul olduğu bildirilib.
Lakin belə görünür ki, nə Ziya Məmmədov mal varlığı ilə bağlı tam dolğun məlumatları təqdim edib, nə də ona inanıblar. Bu üzdən sabiq nazirin ətrafında kəşfiyyat fəaliyyətinə də son verilməyib.
Elə davam edən bu fəaliyyət nəticəsində də Z.Məmmədovun vaxtilə soyad eyniliyi təşkil etməyən uzaq qohumlarının adına xaricdə bir neçə bahalı daşınmaz əmlak aldığı da müəyyənləşdirilib. Həmin şəxslər və onların adına olan əmlaklar təsbit edilib və səssizcə “müsadirə edilib”.
Ziya Məmmədovun adı ən çox ABŞ prezidenti, böyük biznes şəbəkəsi ilə məşhurlaşan Donald Tramp və əslən azərbaycanlı milyarder Telman İsmayılovla (AST Telman) yanaşı çəkilib.
Onların Trampla əlaqələri çox yaxın vaxtlara qədər davam etdiyi üçün təkrar etməyə dəyməz. Amma AST Telman və Ziya Məmmədov dostluğu dərin olsa da, onların barəsində çox az informasiya yayılır.
Biznesmen və sabiq nazirlə bağlı ən böyük müzkirələr AST Telmanla şənlikdə rəqs etməsindən sonra başlayıb.
Məmmədovun "vurulmuş” nazir titulunu qazanmamışdan xeyli əvvəl AST Telmanın təşkil etdiyi şənlikdə rəqs edərkən çəkilmiş görüntüləri aylarla mətbuatın müzakirə mövzusuna çevirilmişdi.
Videoda rəqs zamanı Ziya Məmmədov və Telman İsmayılovun başının üzərində dollarların uçduğu görünür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.