XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Binəqədi RİH qanunsuz tikildiyi deyilən obyektə "icazə vermişik" deyir - Sənədlər isə ortada yoxdur

Binəqədi RİH qanunsuz tikildiyi deyilən obyektə "icazə vermişik" deyir - Sənədlər isə ortada yoxdur

Binəqədi RİH qanunsuz tikildiyi deyilən obyektə "icazə vermişik" deyir - Sənədlər isə ortada yoxdur
Bu gün, 16:31

Binəqədi rayonu, Xutor qəsəbəsində bir müddət əvvəl dayandırıldığı bildirilən tikinti işləri yenidən bərpa olunub və hazırda demək olar ki, yekunlaşmaq üzrədir. Maraqlıdır ki, bir vaxtlar qanunsuz hesab edilərək dayandırılan tikintinin hansı əsaslarla yenidən davam etdirilməsinə icazə verildiyi hələ də açıqlanmır.


Bizimesr.com-a daxil olan məlumata görə, sözügedən obyektin tikintisinə təxminən bir il əvvəl başlanılıb. Tikinti işləri zamanı piyadaların hərəkəti məhdudlaşdırıldığı üçün ərazi sakinləri tərəfindən aidiyyəti qurumlara çoxsaylı şikayətlər ünvanlanıb. Araşdırmalar zamanı məlum olub ki, iri ticarət mərkəzi kimi nəzərdə tutulan obyektin tikintisi üçün müvafiq icazə sənədləri ümumiyyətlə yoxdur. Bundan sonra tikinti işlərinin Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi ilə dayandırıldığı bildirilib.

Lakin təxminən üç ay sonra tikinti yenidən bərpa edilib. Hazırda obyektin tikintisi sürətlə davam etdirilir və artıq başa çatmaq üzrədir. Maraqlıdır ki, bu dəfə sakinlərin etiraz və şikayətləri də nəticəsiz qalıb.
Bizimesr.com-un əldə etdiyi məlumata görə, obyekt hələ də lazımi icazə sənədləri olmadan inşa edilir və hüquqi statusunda hər hansı dəyişiklik baş verməyib. Maraqlıdır, əvvəllər qanunsuz sayılan tikinti indi hansı hüquqi əsaslarla davam etdirilir?

Bu suallara kim cavab verə bilər?

Tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi varmı?
Əgər icazə verilibsə, bu sənəd nə vaxt və hansı əsaslarla təqdim olunub?
Əgər icazə yoxdursa, tikinti işlərinin davam etdirilməsinə kim göz yumur?

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və zərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar  Quliyev qarşısında da ciddi suallar yaranır.
Bir vaxtlar dayandırılan tikintinin yenidən başlamasına hansı əsaslarla, hansı dövlət qurumu razılıq verib?
Bununla bağlı rəsmi qərar və ya icazə sənədi mövcuddurmu?

Bizimesr.com-un araşdırmasına görə, obyektin sahibi Elman adlı sahibkardır. Tikinti işlərini isə Rövşən adlı şəxs təşkil edir və bütün rəsmi danışıqları da məhz onun apardığı bildirilir.

Məlumata əsasən, dəmir konstruksiyalar üzərində inşa edilən obyekt gələcəkdə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.
Bizimesr.com məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır. 
**
Binəqədi rayon İcra Hakimiyyətindən sözügedən tikinti ilə bağlı göndərilən sorğuya cavab verilib. Cavabı olduğu kimi təqdim edirik!

"Sorğunuzla bağlı bildiririk ki, sözügedən ünvanda vətəndaş uzun illərdir mülkiyyətində olan qeyri-yaşayış sahəsində zərurət yarandığından yenidənqurma işləri həyata keçirmişdir. Həmçinin, qeyd olunan ünvanda tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq razılıq və icazələr verilmişdir".
Diqqət çəkən məqam ondan ibarətdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən verilən cavabda tikinti və yenidənqurma işlərinə icazə verildiyi bildirilsə də, həmin icazənin nömrəsi, verilmə tarixi, hansı dövlət qurumu tərəfindən verildiyi, qərarın rekvizitləri və ya dövlət reyestrindəki qeydiyyat məlumatı göstərilmir. Həmçinin, bu məlumatları təsdiq edən hər hansı rəsmi sənəd də cavaba əlavə edilmir.
Dövlət qurumunun "icazə verilib" ifadəsi onun rəsmi mövqeyi hesab oluna bilər. Lakin bu, özlüyündə icazənin mövcudluğunu təsdiq edən hüquqi sənəd deyil. Xüsusilə informasiya sorğularına cavab verilərkən qərarın rekvizitləri və ya qanunvericiliklə məhdudlaşdırılmadığı halda təsdiqedici sənədlərin təqdim olunması şəffaflığın əsas elementlərindən biri hesab edilir.
Bu baxımdan sual yaranı - əgər tikinti və ya yenidənqurma işlərinə həqiqətən müvafiq icazə verilibsə, həmin icazənin nömrəsini, tarixini və onu təsdiq edən sənədi açıqlamağa nə mane olur?
Şəffaflığın təmin edilməsi və ictimai etimadın artırılması baxımından dövlət qurumlarının informasiya sorğularına mümkün qədər konkret, əsaslandırılmış və sənədlərlə təsdiqlənən cavablar verməsi mühüm əhəmiyyət daşıyır.(Bizimesr.com)
Araşdırmalarımız davam edir... 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.