SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vitse-admiralın 5 milyonluq ittihamı aranı qarışdırdı, kim “vurula” bilər?

Vitse-admiralın 5 milyonluq ittihamı aranı qarışdırdı, kim “vurula” bilər?

Tarix:

3-11-2017, 09:28

/ 89 864 dəfə oxundu.
Vitse-admiralın 5 milyonluq ittihamı aranı qarışdırdı, kim “vurula” bilər?

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun ittihamı əsasında hərbi prokurorun müavini Rasim Kazımovun fəaliyyəti araşdırıla bilər
Məlumata görə, vitse-admiralın hərbi prokurorun müavini Rasim Kazımovun ondan 5 milyon istədiyini deməsi ciddi rezonans doğurub.
Məhkəmədəki çıxışında Ş.Sultanov qeyd edib ki, yoxlamaya hərbi prokurorun müavini Rasim Kazımov rəhbərlik edirdi:
“O, mənə "5 milyon verməlisən”, - dedi. O qədər pulumun olmadığını bildirdim. Camaatdan yığmamı istədi.
Sonra da 5 milyondan 2 milyon yarıma düşdü. Heç nə verən deyiləm dedim. Bu zaman məni müdafiə nazirinin əmri ilə 45 günlük, məcburi məzuniyyətə göndərdilər.
Təqaüdə getməyim haqda təqdimat hazırladılar. 8 generalla birlikdə mənim də təqdimatımı prezidentə təqdim etdilər. Nəhayət, vəzifədən kənarlaşdırılmağıma nail oldular”.
R.Kazımova ittihamla bağlı araşdırma aparılıb-aparılmayacağı Baş Prokurorluğun səlahiyyətində olan məsələdir.
Lakin ona bu ittihamı irəli sürən şəxs sıradan biri deyil. Bu baxımdan hətta cinayət işi açılması da istisna edilmir.
Qeyd edək ki, noyabrın 1-də Bakı Apelyasiya Məhkəməsində Şahin Sultanov və digərlərinin şikayəti və prokurorun protesti əsasında məhkəmə iclası davam edib.
Hakim Elşad Şamayevin sədrliyilə keçirilən prosesdə Şahin Sultanov çıxış edib. O, hökmün qanunsuzluqla yazıldığını deyib:
"Mən peşəkar hərbçiyəm. 40 il qüsursuz xidmət etmişəm. Gəmilərin təmir-bərpa işləri Müdafiə Nazirliyinin Gəmi-Bərpa Zavodu tərəfindən həyata keçirilirdi. Gəmilərin illik təmir planı Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanırdı.
Lakin təmirə Müdafiə Nazirliyi tərəfindən pul ayrılmırdı. Biz də təmiri məcbur olub, başqa yollarla həyata keçirirdik. Yalnız fəhlələrə pul ayrılırdı. O da 3-4 ay gecikmə ilə”.
Ş.Sultanovun 5 milyonluq ittihamı R.Kazımovu təşvişə salıb. Onunla bağlı istintaq hərəkətliliyi gözlənilir.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş.Sultanov apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.
Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Şərhlər

XƏBƏR LENTİ