SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cavid Qurbanov Saleh Məmmədovu bitirir – MÜŞFİQ BƏHANƏDİR

Cavid Qurbanov Saleh Məmmədovu bitirir – MÜŞFİQ BƏHANƏDİR

Tarix:

2-03-2017, 10:24

/ 5 559 dəfə oxundu.
Cavid Qurbanov Saleh Məmmədovu bitirir – MÜŞFİQ BƏHANƏDİR

Abidə qalmaqalı hakimiyyət daxilində qrup savaşına çevrilib

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov vəzifəsini itirə bilər. Səbəb isə Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yaranmış qalmaqaldır. Yada salaq ki, aidənin dağıdılmasını bir neçə gün əvvəl Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov ictimailəşdirib. O, mətbuata açıqlamasında deyib ki, “Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan bu addımı atıb.

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, – deyə o vurğulayıb.

“Azəravtoyol” ASC bu hadisənin ictimaiyyətdə ciddi narazılıq yaratdığını görüb olayla bağlı özünümüdafiə açıqlaması yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov məsələ ilə bağlı bunları deyib:

“Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Füzuli meydanı ətrafında və “Təzəpir” məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq, yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir. “Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır”.

Anar Nəcəfov daha sonra qeyd edib ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində, 5 dəfə böyük yaşıllıq parkı salınacaq, büst də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq.

Lakin bu açıqlama narazılığı səngitməyib. Əksinə, məsələ daha yüksək səviyyələrdə müzakirə olunmağa başlayıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bacısı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın məsələyə sərt münasibətindən sonra isə Müşfiqin abidəsinin dağıdılmasına ölkə başçısı İlham Əliyev səviyyəsində münasibət bildirilib.

İham Əliyev bu olayın ciddi araşdırılması və günahkarların cəzalandırılması barədə tapşırıq verib.

Bundan sonra isə “Azəravtoyol” bəyan etdi ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraşısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü götürüb.

Buna görə də öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Daxil olan məlumata görə, Saleh Məmmədov işçisini qurban verməklə məsuliyyətdən yaxa qurtara bilməyəcək. Çünki Müşfiqin abidəsinin dağıdılması artıq hakimiyyət daxilində qrup savaşına çevrilib. İddia olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Azəravtoyol” ASC-ni nəzarətə götürmək istəyir. Müşfiqin abidəsinin dağıdılması isə baş dəmiryolçu üçün göydəndüşmə fürsət olub. Məlumat üşün deyək ki, Saleh Məmmədov Cavid Qurbanovun xələfidir. Cavid Qurbanovun dönəmində “Azəravtoyol” ASC “Azəryolservis” ASC adlanırdı və Nəqliyyat Nazirliyinin tabeliyində idi. İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ilə “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Həmin tarixdə prezidentin digər sərəncamı ilə Saleh Məmmədov “Azəryolservis” ASC-nin sədri təyin edilib.

9 mart 2016-cı ildə isə prezident “Azəryolservis” ASC-nin “Azəravtoyol”ASC adlandırılması barədə fərman imzalayıb. Bundan sonra Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri adıçəkilən quruma verilib.

Bildirilir ki, Cavid Qurbanov “Azəryolservis” ASC-nin sədri olanda dəfələrlə cəhd etsə də, qurumun Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına nail ola bilməyib. Hətta bəzi iddialara görə, məhz bu məsələ Cavid Qurbanovla keçmiş nəqliyyat naziri Ziya Məmmədovun münasibətlərində soyuqluq yaranmasına səbəb olub.

Cavid Qurbanovun bu vəzifədən gedəndən sonra yerinə özünə yaxın kadrlardan birini təyin etmək istəyi də baş tutmayıb. Bununla belə o, qurum uğrunda mübarizəsini davam etdirib.

İddia olunur ki, Cavid Qurbanovun Paşayevlərə yaxın olması bu məsələdə ona əlavə güc verib. Bildirilir ki, Mədəniyyət Naziliyinin bu məsələni ictimailəşdirməsi, Nərgiz Paşayevanın sərt reaksiyası Cavid Qurbanova dəstək hesab oluna bilər.

Məlumata görə, mümkündür ki, yaxın vaxtlarda “Azəravtoyol” ASC “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilsin.

24saat.org

Şərhlər

XƏBƏR LENTİ