SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Tarix:

3-10-2022, 13:27

/ 734 dəfə oxundu.
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

 
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır.
İki il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə aparan yolun başlanğıcı idi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə işğaldan azad edildi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə  Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış, məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir. Lakin inanırıq ki, dövlətimizin qüdrəti sayəsində bu abidələr qısa müddətdə bərpa edilərək gələcək nəsillər üçün qorunub saxlanacaq.
Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Məhz Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz sayəsində əsrlər boyu yaddaşlardan silinməyəcək Zəfər tarixini yazdıq.
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ