SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

Tarix:

7-10-2021, 23:39

/ 551 dəfə oxundu.
Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

                                                                                                                                               
Azərbaycanda aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı Azərbaycan iqtisadiyyatının yenidən qurulmasına, dayanıqlı inkişaf mərhələsinə keçid  almasına təkan vermişdir.  Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ölkədə bir sıra mühüm əhəmiyyətə malik və strateji mahiyyət kəsb edən addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi tədbirlər planı hazırlanmışdır. Qısa müddət ərzində çoxsaylı dövlət proqramları qəbul edilmış, infrastruktur sahələrin, sahibkarlığın, ölkədə işgüzar mühitin inkişaf etdirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Eyni zamanda ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı. Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi. Dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci fazasının reallaşdırılması Azərbaycanın gələcəkdə dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildən-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. Azərbaycanın qaz potensialının artmasının göstəricisidir ki, bu sərvətdən təkcə ölkə deyil, həm də Azərbaycan qazının alıcıları da yararlanacaq. Avropa bazarında qaza olan tələbat ildən-ilə artır və bu tələbatı təmin etmək üçün yeni qaz mənbələri  yaradılır. Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik olan bir sıra perspektiv strukturların mövcudluğu respublikada qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.
Neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşlarının təşviqi məqsədilə dövlət başçısı tərəfindən bir sıra mühüm addımlar atılmışdır.
Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş müsbət imicin qoruyub saxlamış, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacarmışdır. Artıq ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik sahələrində həyata keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü etibarlı bir tərəfdaş kimi qəbul etdirib. Çünki, Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə beynəlxalq siyasi arenada özünü güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacarır. Ölkəmizin iştirak etdiyi bütün layihələrlə bağlı verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafelərin qorunması sahəsində göstərdiyi siyasət dövlətimizin müsbət imicinin formalaşması ilə nəticələndi.
Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlər onun demək olar ki, bütün problemlərinin həlli üçün əsas ola bilər. Azərbaycan son illər ərzində Avropa bazarında etibarlı neft təchizatçısıdır, indi isə təbii qazın etibarlı təchizatçısı kimi öz rolunu oynayır.
Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi  xarici  siyasət  kursu  ilə  müasir  dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası  dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
 
 
Məhəmməd Mehdiyev,
Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ