XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümov və oğlanları: 2.5 milyardlıq qalmaqal...

Səlim Müslümov və oğlanları: 2.5 milyardlıq qalmaqal...

Səlim Müslümov və oğlanları: 2.5 milyardlıq qalmaqal...
3-02-2021, 12:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbəri Səlim Müslümov həbs olunub.

Pravda.az xəbər verir ki, sabiq nazir DTX tərəfindən saxlanılıb. Onun korrupsiya və rüşvətxorluğa görə həbs edildiyi bildirilir.

Qeyd edək ki, Səlim Müslimovun barəsində korrupsiya ittihamların səslənilməsi yeni hadisə deyil. Ovqat.com yazır ki, hələ nazir kimi fəaliyyət göstərdiyi zamanlarda belə, onun sosial yardımlara möhtac olanların bir tikə çörəyinə göz dikdiyi, saxta əlillik vəsiqələri satmaqdan tutmuş ən mürəkkəb maxinasiyalara qədər müxtəlif yollarla ən azı 2.5 milyard dollar mənimsədiyi barədə iddialar irəli sürülürdü. İddialara inansaq, hələ 2018-ci ildə sabiq nazirin fəaliyyəti yoxlanılmış və böyük həcmdə korrupsiya faktı aşkarlanaraq prezidentə məruzə edilmişdi. S.Müslümov məhz bu hadisədən sonra işdən uzaqlaşdırılmış və fəaliyyətinin ciddi şəkildə araşdırılmasına qərar verilmişdi.

Bu fakt ictimaiyyətdən nə qədər gizli saxlanılsa da, zaman-zaman rəsmi qurumlar tərəfindən mediaya sızdırlan məlumatlar Səlim Müslümovun fəaliyyətinin təftiş olunduğunu göstərirdi. Təsadüfi deyil ki, nazir postundan uzaqlaşdırılandan qısa müddət sonra – 2018-ci ilin noyabr ayında Hesablamalar Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi ilə bağlı hesabatı yayımlanmışdı. Hesabata görə, Səlim Müslümov və komandasının təkcə yüksək rütbəli hərbi qulluqçuların müavinətlərindən çırpışdırdığı məbləğ 2 milyon manatı keçirdi.

Hesablama Palatasının bu audit yoxlamaları 2016-2018-ci illəri əhatə edirdi. S.Müslümovun 2015-ci ildə nazir təyin olunduğunu nəzərə alsaq, belə çıxır ki, o, kresloya oturduğu ilk gündən əlini harama bulaşdırmış və bu haramxorluğunu işdən qovulduğu ana qədər davam etdirmişdi. Di gəl ki, 3 ilə yaxındır sabiq nazirə “gözün üstə qaşın var” deyən tapılmamışdı. Belə görünürdü ki, hansısa güclü əl Səlim Müslümovu qoruyur, onun məsuliyyətə cəlb olunmasını əngəlləyirdi. İndisə deyəsən himayədarlıq da işə yaramayıb.

Sözsüz ki, yüksək rütbəli hərbçilərin haqqına göz dikəcək qədər toxunulmaz və “cəsarətli” olan sabiq nazirdən sadə vətəndaşlara, kimsəsiz, köməyə möhtac insanlara qarşı daha mərhəmətli davranmasını gözləməyə dəyməzdi. Səlim Müslümov hamıya eyni gözlə baxır, kimsəsiz-kimsəli tanımırdı. Dövrü mətbuatın yazdığına görə, Səlim Müslümov yetim-yesirin aylıq təqaüdünü mənimsəməklə qalmır, hətta dövlət hesabına guya onlara ev tikib başqalarına satırdı. Başqa sözlə desək, adam yumurtadan belə yun qırxmağı bacaracaq qədər səriştəli adamdır. Məhz bu qabiliyyətinin sayəsində həm pensiyaçılara pul verəndə, həm onlara ev tikəndə, həm də evi satanda qazanırdı.

Cianews.info bu barədə yazırdı: “Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar var. Saytımıza daxil olan məlumata görə, 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binası tikilib. Tikintini tenderdə keçmiş nazirin örtaqlığı olan “Amal 2015” MMC udub. Həmin şirkət isə keçmiş nazirin yaxın qohumları və dostlarına aiddir. Şirkətdə qeyri- rəsmi ortaqlığı olan Səlim Müslümov əslində şirkətin əsl sahibidir. Tikintinin aparılmasında “Amal 2015” MMC ilə yanaşı icraçı şirkət kimi “Konstruktor” MMC şirkətinin də adı hallanır. Bu şirkətlə bağlı isə ciddi faktlara rast gəlinmir. Səlim Müslümov və adamlarının törəmə şirkətlər yaradaraq dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti mənimsədiyi az deyimiş kimi, dövlət hesabına əlillər üçün tikilən bu mənzillər sonradan kənar şəxslərə satılaraq Səlim Müslümövun hesabına milyonlar axıdılıb.

Analoji hal bundan əvvəl də baş vermişdi. 2015 dekabr ayında prezidentin gözdən əlillərə təqdim etdiyi mənzil orderləri ilə bağlı fırıldaqların olduğu sonradan ortaya çıxmışdı. ƏSSMN tərəfindən gözdən əlilər üçün tikilən mənzillər pul ilə satılmışdı. Bir necə şəxsə 2-3 dəfə mənzil verilməsi qarşılığında 15-35.000 manat arası rüşvət alındığı sübuta yetirilmişdi”.

Əlillərin yeyilən haqqı üzərində qurulan Səlim Müslümov səltənətinin isə ucu-bucağı görünmürdü. Sərvətinin böyük qismini xaricdə təhsil alan və yaşayan oğulları vasitəsilə ölkədən çıxaran sabiq nazir Azərbaycanda da gözdən pərdə asmaq üçün bəzi şirkətlər qurmuşdu. Onun əsas yerli şirkəti isə “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyəti idi. Vergilər Nazirliyində Səlim Müslümovun oğullarının adına qeydiyyatdan keçmiş şirkətin əsl sahibi, sözsüz ki, elə nazirin özü idi. Böyük Britaniyanın ən qədim ali təhsil ocaqlarından sayılan Edinburq Universitetində təhsil alan və hazırda İsveçrədə yaşayan Asim Müslümlü bu sərvəti havadan qazana bilməzdi. Ata Müslümovun yetim-yesirdən oğurlayaraq topladığı sərvətlər bala Müslümlünün adına sənədləşdirilir, acından ölümə məhkum edilmiş əsl haqq sahibləri isə oğrulardan mərhəmət diləcəyək hala gətirilmişdilər. Turqut Müslümlünün İnstagram səhifəsində paylaşdığı fotosunun altında yazılmış aşağıdakı sətirlər haramxor hakimiyyətin əsl simasını əsk etdirir.

İki körpə qızı acından fəryad edən Aişə xanımın üz tutduğu T.Müslümlünün oxuduğu Böyük Britaniyada, küçələrini veyilləndiyi İsveçrədə “havadan qazandığ”ı sərvətlərin bir damlası barədə tanınmış jurnalist Cavanşir Həsənlinin qeydləri:

T.Müslümlü 2017-ci ilin noyabrın 23-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib: “Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov , ev 7a-da hüquqi qeydiyyata alınıb.

“Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli “Orion Palace” Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.

2. “Orion Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti sahəsində fəaliyyət göstərir.

3. “Orion Cars” Məhdud Məsuliyyətli Cəmiyyəti şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.

4. “Orion Creative Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib.

Qeyd: Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib”.
Yetim-yesir haqqını talamaq fəaliyyətinə 1995-ci ildə Maliyyə Nazirliyində başlayıb, 2000-ci ildən 2002-ci ilə qədər o dövrün Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun yanında oğurluq qabiliyyətini daha da təkmilləşdirən, məhz bundan sonra Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin olunan, 2013-cü ildən 2018-ci ilə qədər isə ƏƏSM naziri kimi ağlar günə qoymadığı kasıb qalmayan Səlim Müslümov indi DTX-nın təcridxanasındadır. DTX-nın yeni rəhbərliyinin sayəsində artıq onun toxunulmazlığına da son qoyulub. Yəqin ki, haqqını yediyi insanların ah-naləsini də gözündə qoymayacaqlar. Haramxorluqla düzəltdiyi qızıl kasasına indi qusmaq zamanı yetişib. Amma o, iki qızına çörək tapa bilməyən yüzminlərlə Aişələrin çəkdiyi izdirabların bədəlini necə, ödəyə biləcəkmi? – Çətin! Belə görünür ki, haramxorluqla yoğrulan Müslümovlar səltənəti qiyamətə qədər gözü yaşlı körpələrin, kimsəsiz ahılların, yetimdar anaların ahının bədəlini ödəyəcək. Qiyamətdən sonrasını isə Allah bilən məsləhətdir.
Sonda onu da qeyd edək ki, Səlim Müslümovun idarə etdiyi nazirliyin “balansı”nda 1 milyon 300 min nəfərdən çox pensiyaçı vardı. Sabiq naziri fermerə, pensiyaçıları isə fermer təsərrüfatına bənzətsək, Səlim Müslümov hər ay 1 milyon 300 min koldan “pambıq” yığırdı (Binəva İnam Kərimovun adı bədnamdır). Bu da ölkə əhalisinin 14 faizini təşkil edirdi. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır, baş “fermer” bölüşdürürdülər. Üstəlik, bir də onlara evlər tikilir, maşınlar, sosial yardımlar verilirdi. Sözsüz ki, həmin vəsaitlərin hardasa yarısı Səlim Müslümovun cibinə axışırdı.

Bəs il ərzində kabinetdə oturub yetim haqqı yeyə-yeyə baş girələyən sabiq nazirin dövlət büdcəsinin nə qədər hissəsinə nəzarət etdiyini bilirsinizmi? 2017-ci ilin dövlət büdcəsində sosial müdafiə və təminat xərcləri üçün 3 milyard 400 milyon manat vəsait ayrılmışdı. Həmin ilin dövlət büdcəsinin 16 milyard 516 milyon manat olduğunu nəzərə alsaq, həmin il dövlət büdcəsinin 18.75%-dən çoxu Səlim Müslümovun ixtiyarına verilmişdi. Səlim Müslümovun 5 illik nazirliyinin digər illərdə bu nisbət 10-13%-ə bərabər idi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.