XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...

Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...

Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...
22-09-2020, 16:15

Sosial şəbəkələrdə yol polislərinin hərəkətdə olan "pikap" tipli maşınları saxlayaraq cərimə meydançasına apardıqlarına dair xəbərlər yayılıb. DYP bu məsələyə aydınlıq gətirəndən sonra narahatlıq üçün əsas olmadığı anlaşıldı. Əslində, narahat olan da yox idi. Yazılanlara inansaq, "pikap" sahiblərindən biri belə deyib: “Mənim malım da, canım da dövlətimə qurbandır”.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib. Deyib ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir.

Hüquqşünasın sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə tənzimlənir: “Vətəndaşların narahat olmağına əsas yoxdur. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir”.

"Pikap” bahalı maşın sayılmır. Varlı-karlı adamlar, məmur övladları bu maşınları bəyənmirlər. Həyətində üç-dörd “Hummer”, “Gelandewagen”, “Porsche” olan adam niyə "pikap" sürsün ki? Məmur uşaqlarının sürdükləri “Porsche”lərin birinin qiymətinə 14-15 işlənmiş pikap almaq olar...

Fermer dostlarım var, onlar da "pikap” sürürlər. Daha doğrusu, bu maşının “kuza”sında yük daşıyırlar. Kimi tikinti materialı daşıyır, kimi ot, kimi də toyuq-cücə üçün buğda. Bu adamlar “pikap”a bir tikə çörək qazanmaq üçün vasitə kimi baxırlar. Buna rəğmən, onlar sahib olduqları maşınları gözlərini qırpmadan dövlətə bağışlamağa hazırdırlar. Maşınım olsaydı, mən də analoji qaydada davranardım. Malımız da, canımız da vətən üçün fəda olsun...

DYP əməkdaşlarına bir təklifim var: “pikap”lardan əvvəl məmur övladlarının sürdükləri “Hummer”, “Gelandewagen”, “Nissan Armada”, “Jeep Wrangler” kimi bahalı maşınları cərimə meydançasına aparın. Bakıda yüzlərlə belə maşın var. Əmin olun ki, onların hamısını eyni vaxtda Qarabağa göndərsək, ermənilərin bağrı yarılacaq. Beləliklə, həm torpaqlarımız işğaldan azad olunacaq, həm də özümüz Bakı küçələrində rahat gəzə biləcəyik. Yoxsa ki, hər gün birimiz xarici görünüşünə görə tankdan geri qalmayan bu maşınların təkərləri altında qalıb, xurd-xəşil oluruq...(yenisabah)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.