XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mətin Eynullayev yeni holdinqi İCTİMAİ ƏSASLARLA idarə edəcək?

Mətin Eynullayev yeni holdinqi İCTİMAİ ƏSASLARLA idarə edəcək?

Mətin Eynullayev yeni holdinqi İCTİMAİ ƏSASLARLA idarə edəcək?
20-08-2020, 09:34

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 19 avqust 2020-ci il tarixli sərəncamı ilə Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqi İdarə Heyətinin sədri təyin edilib.

Hökumət mənbələrindən virtualaz.org-a məlum olub ki, M.Eynullayev bu vəzifədə ictimai əsaslarla işləyəcək. Hazırda o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin rəis müavini-rəis vəzifəsinin icraçısıdır. Mətin Eynullayev fəaliyyətini bu vəzifədə də davam etdirəcək.

Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə əsasən, Holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. İdarə Heyəti beş üzvdən və bir sədrdən ibarətdir.

Eyni zamanda, İdarə Heyətinin üzvlərindən biri Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə cavabdeh olan baş icraçı direktordur. Qalanlar, o cümlədən baş icraçı direktor vəzifəyə İdarə Heyəti sədrinin təqdimatı ilə Müşahidə Şurası tərəfindən təyin olunur və azad edilir.

Baş icraçı direktor Holdinqin cari fəaliyyətinə rəhbərlik edir.

Xatırladaq ki, dövlət şirkətləri və müəssisələrini, eləcə də dövlətin payı olan təsərrüfat cəmiyyətlərini vahid prinsiplər əsasında idarə etmək, onların fəaliyyətini təkmilləşdirmək, o cümlədən reallaşdırdıqları investisiya proqramlarının şəffaflığını və iqtisadi səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq, maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə Prezidentin 7 avqust 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və Nizamnaməsi təsdiq edilib.

Dövlət başçısının 12 avqust 2020-ci tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının tərkibi təsdiq edilib və Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının sədri təyin olunub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, İqtisadiyyat və Maliyyə nazirləri isə Şuranın üzvləridir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.