SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Qoşulmama Hərəkatında liderdir

Azərbaycan Qoşulmama Hərəkatında liderdir

Tarix:

15-10-2021, 15:54

/ 389 dəfə oxundu.
Azərbaycan Qoşulmama Hərəkatında liderdir


2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev öz çıxışı zamanı bəşəriyyət üçün bəla olan COVID-19 pandemiyasına xüsusi yer ayırmışdır. 
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü bir sıra təşəbbüslər haqqında da məlumat vermişdir.
Azərbaycan özü də koronavirus pandemiyasının mənfi təsirləri ilə üz-üzə qalmasına, üstəlik torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə aparmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatına yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım olmaqla 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün ölkəmiz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmiş, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Bütün bunlar, eyni zamanda, Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyata malik olduğunu göstərir.
Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etdi və bildirdi ki, belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq miqyasda artan nüfuzu sayəsində qlobal çağırışlarla mübarizəyə töhfə verən ölkəyə çevrilmişdir və bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlərdə ədalətin, beynəlxalq hüququn müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Cənab Prezident öz çıxışında həm də müharibə dövründə Hərəkat üzvlərinin Azərbaycana dəstəyinə toxunaraq bildirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: “Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir.”

Mais Əmrahov – ADPU-nin professoru, Tarix elmləri doktoru

Şərhlər

XƏBƏR LENTİ