SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Tarix:

24-06-2020, 16:38

/ 1 726 dəfə oxundu.
Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Odlar Yurdu Universitetinin müəllimi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin doktorantı, Nərimanov rayonun fəal gənci Əhmədova Həcər Qənbər qızı

Hal-hazırda bütün dünya ölkələri Covid-19 pandemiyası ilə mübarizə şəraitindədir. Pandemiya dövlətlərin sosial-iqtisadi və siyasi həyatında öz ağır nəticələrini göstərməkdədir. Xüsusən bədxah qonşumuza nəzər yetirdikdə səriştəsiz hakimiyyətin idarə etdiyi dövlətin daxili siyasətinin mənfilikləri aydın şəkildə özünü biruzə verir.
Erməni mətbuatına istinadən, eyni zamanda siyasi proseslərin gedişatından asılı olaraq belə bir qənaətə gəlmək mümkündür ki, erməni politloqlar və erməni xalqının fəalları N.Paşinyan hakimiyyətinin bacarıqsızlığından təngə gəlmiş və baş nazirin istefasını tələb edirlər. Hələ bu ilin may ayının 8-də Ermənistanın populyar TV kanallarından olan “ Armnews”-nın “ Güzgü qarşısında “ proqramında Vitali Balasanyanın müsahibəsi efirə getmişdir. O, 2 il öncə Nikol Paşinyanın hansı yolla hakimiyyətə gəldiyindən danışmışdır: “ Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən sui-qəsd olacağı barədə çox danışırdı. O, deyirdi ki, sui-qəsdçi qüvvələr var. Əslində isə sui-qəsdçi qüvvə elə onun özü idi. Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov bütün dünya qarşısında açıq həqiqəti ortaya qoydu.”
“Paşinyan reallığa uyğun olmayan faktlar söyləyir, yalan danışır. O, artıq Ermənistanı təhlükəli oyunlara cəlb edibdir. Onun xarici əlaqələr barəsində bir nöqtə qədər də biliyi yoxdur. Qarabağ məsələsində biz gərək mərhələli Paket planından kənara çıxaq. Bunun üçün Nikol Paşinyan və onun komandası bütövlükdə istefa verməlidirlər”. Bəli, bunun məntiqli sübutu fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə N. Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhd göstərməsi, debatın gedişatı zamanı Prezident İlham Əliyevin məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanması oldu.
Son günlərdə Ermənistanda siyasi vəziyyətin böhranı, gərginlik pik həddə çatıb. Parlament acınacaqlı durumdadır. “Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı parlament fraksiyasının rəhbəri, “Dodo Qaqo” ləqəbli Qaqik Tsarukyana qarşı həyata keçirilən repressiv aktlar ölkədə qanunsuzluğun baş alıb getdiyini göstərir.Nikol Paşinyanın yarıtmaz siyasətini tənqid etdiyi üçün Qaqik Tsarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi və barəsində cinayət təqibləri başlanıldı. Digər parlament fraksiyasının səsvermədə iştirak etməməsi, Artur Vanetsiyanın rəhbərlik etdiyi “ Vətən” partiyası və digər siyasilərin Paşinyan rejiminin diktatura rejimi olduğunu bəyan etməsi ölkədəki siyasi durumun hansı vəziyyətdə olduğunu ortaya qoyur.
Son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə repressiyalar həyata keçirilir. Ermənistan hökuməti və bir erməni olaraq yenə də öz səmimiyyətsizliklərini nümayiş etdirirlər. Belə ki Nikol Paşinyan 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı ona tam dəstəyini ifadə edən və Baş nazir seçilməsini asanlaşdıran Qaqik Tsarukyana qarşı təqiblər həyata keçirir. Demək N. Paşinyan bu müttəfiqlikdən öz məqsədləri üçün istifadə etdi. Hətta bu məsələdə “ Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmun Marukyan Qaqik Tsarukyanı dəstəklədiyini bildirib. Parlamentdə keçirilən müzakirələrdə çıxış edən E. Marukyan qeyd etmişdir ki, “ hakimiyyətin ehtiyacı olanda Tsarukyan yaxşı idi, indi eyni rəhbərlik ona qarşı riyakarcasına davranır”. Marukyan hakimiyyətin 2018-ci ildə “ Çiçəklənən Ermənistan” la fəal əməkdaşlığını xatırladaraq, onları vicdansızlıqda günahlandırıb.
Tarixə nəzər salsaq, bu gün Ermənistanda həyata keçirilən repressiyalar və cinayət təqibləri heç bir təəccüb doğurmur. Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir.
SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, hətta məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri “ Daşnaksütyun” , ASALA, MAQ, “ Erməni birliyi”, “ Erməni Azadlıq cəbhəsi” və digər məşhur terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.
1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad edilməsi üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu Qərbi Avropada “ ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Monte Melikonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M. Melikonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı terror dəstəsinin komandanı olmuşdur.1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. “Ermənistanın milli qəhrəmanı” elan olunmuş bu terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.
Vaxtilə özgə torpaqları hesabına yalançı dövlət yaratmış ermənilərin terrorçu və işğalçı bir “tayfa” olduqlarını sübuta yetirən çoxsaylı dəlillər və faktlar mövcuddur.Verdikləri tarixi sözə əməl etməmələri, müqavilə şərtlərini pozmaları, özlərinin məkrli niyyətlərini ortaya qoymaqları bu gün Ermənistan Respublikasının təkcə xarici siyasətində deyil, həm də daxili siyasətdə “çürüklüyü” ifşa edir.Tarixi Azərbaycan torpağı olan İrəvanın 1918-ci il mayın 29-da mənfur ermənilərə güzəştə gedilməsi bu qəbildəndir. Əzəli torpağımızın hansı şərtlərlə onlara verilməsi yəqin ki, hamıya məlumdur. AXC liderləri İrəvanı əsasən bu şərtlə güzəştə getdilər ki, ermənilər əzəli və əbədi torpaqlarımız olan Zəngəzura, Dağlıq Qarabağa , göz dikdikləri ərazilərimizə olan iddialarından əl çəksinlər. Lakin 90-ci illərin sonlarında baş verən məlum hadisələr xalqımıza çox sarsıdıcı zərbələr vurdu. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İrəvanın tarixinin ciddi şəkildə araşdırılmasını Azərbaycan tarixçilərinə tapşırıq vermişdir.
Bütün qeyd olunanları əsas gətirərək belə nəticəyə gəlmək olar ki, bu gün Ermənistanda investisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu. Erməni mətbuatına istinadən qeyd edilir ki, ölkədə yoluxma 12000-ə qədərdir. Eyni zamanda, “ İşıqlı Ermənistan” partiyası da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir. Etirazçıların sayı gündən-günə artmaqdadır.
Qeyd edək ki, Ermənistanda koronavirus səbəbindən fövqəladə vəziyyət rejimi mövcuddur. Amma buna baxmayaraq N.Paşinyan siyasətinə etiraz edən vətəndaşlar heç nəyə məhəl qoymadan etirazlarını davam etdirirlər. Son zamanlar baş verən aksiyalar zamanı 100-dən çox aksiya iştirakçısı saxlanılıb.
Ermənistan bu gün koronavirusla mübarizədə Azərbaycanla müqayisə olunacaq durumda deyil. Covid-19 pandemiyasının vüsət aldığı ilk vaxtlardan etibarən, Azərbaycan bu istiqamətdə mübarizənin effektli təşkili üçün çox ciddi qərarlar qəbul etdi. Koronavirusun vətəndaşlar üzərində yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə geniş sosial dəstək proqramları tətbiq olundu. Bu istiqamətdə artıq 3 milyard manata qədər vəsait xərclənib.
Azərbaycan “ Biz birlikdə güclüyük” şüarı ilə görünməmiş nümunə ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda demişdir: “ Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur”.
Bu gün Ermənistanda cəmi bir milyon yarım əhali yaşasa da, orada insanlar taleyin ümidinə buraxılıb. İşğalçı ölkənin mediasında bu barədə dərc olunan materiallar və ekspertlərin açıqlamaları da Ermənistanda vəziyyətin nəzarətdən çıxdığını söyləməyə əsas verir.
Artıq Ermənistan vətəndaşları başa düşüblər ki, onların hamısı öz maraqlarını güdən klanların əllərində oyuncağa çevrilmişlər. Vaxtilə Serj Sarkisyan və Robert Köçəryan kimi rəqiblərini aradan qaldırmış Nikol Paşinyan hazırda əsas rəqibi Qaqik Tsarukyanı məğlub etməyə çalışır. Hakimiyyəti öz əlində saxlamağa çalışan Nikol Paşinyan və onun komandası isə yaranmış pandemiya şəraitindən istifadə edərək ona qarşı çıxan etirazçıların müqavimətini dayandırmaq üçün fövqəladə rejimi bir qədər də uzatmağa səy göstərirlər.
Paşinyanın öz xalqına qarşı atdığı bu addımları isə erməni xalqı heç vaxt bağışlamayacaq!

Şərhlər

XƏBƏR LENTİ