XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Amnistiya Aktı ilə bağlı yeni xəbər var

Amnistiya Aktı ilə bağlı yeni xəbər var

Amnistiya Aktı ilə bağlı yeni xəbər var
11-03-2020, 10:14

Novruz bayramında əfv sərəncamının verilməyəcəyi ehtimalları kifayət qədər yüksəkdir...
Doğrudur, sərəncamı imzalamaq ölkə başçısının müstəsna səlahiyyətləri sırasındadır. Amma Əfv Komissiyası sədrinin təyin olunmaması, eyni zamanda qurumun iclaslarının keçirilməməsi sərəncama olan ümidləri tamamilə “öldürüb”.

Artıq gözlər may ayına dikilib. İki aydan sonra əfv sərəncamının imzalanacağı ehtimal olunur. Əfvlə yanaşı Amnistiya Aktı da müzakirə mövzusuna çevrilib. Bu da səbəbsiz deyil. Belə ki, martın 10-da Amnistiya Aktını qəbul etmək səlahiyyətində olan Azərbaycan Milli Məclisinin yeni tərkibi tam formalaşdı. 9 fevralda keçirilən seçkilərdə deputat seçilən 121 nəfər ( 4 dairə ləğv olunub) təsdiq olundu.

Artıq yeni parlamentin nə zaman Amnistiya Aktını müzakirə edib, qəbul edəcəyi barədə yaranan sualların sayı durmadan artmaqdadır.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında öncəliklə Milli Məclisin rəhbərliyinə seçilən şəxsləri dəyərləndirdi: “Artıq Milli Məclisin ilk iclası keçirildi və 121 deputatın səlahiyyətləri təsdiq olundu. Konstitusiya Məhkəməsinin qərarından sonra parlamentin çağırılması üçün bütün əsaslar formalaşmışdı. İlk iclasda təşkilati məsələlərə baxıldı, rəhbərlik formalaşdı. Yeri gəlmişkən? qeyd edim ki, Milli Məclisin yeni sədri Sahibə xanım fəal, təcrübəli deputatlardan olub. Uzun müddətdir ki, deputat idi. Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil edib. Bir neçə dəfə onunla beynəlxalq tədbirlərdə olmuşam. Təcrübəsi yeni vəzifəsini icra etməkdə ona çox kömək olacaq. Birinci vitse-spiker Əli Hüseynli Azərbaycan hüdudlarından kənarda da çox tanınmış bir simadır. Peşəkar hüquqşünasdır. Böyük bacarığı var. Onun bu posta seçilməsi məntiqə uyğundur. Uzun illər Azərbaycanda qanunvericilik sisteminin formalaşmasına böyük töhfələr vermiş şəxsdir. Adil Əliyev və Fəzail İbrahimli də uzun müddətdir ki, parlamentdə təmsil olunublar. Bir sözlə, Milli Məclisin rəhbərliyini təşkil edən şəxslər peşəkardırlar, qanunvericiliklə bağlı böyük təcrübələri var. Bu da parlamentdə qanunvericilik funksiyasının həyata keçirilməsinə əlavə imkanlar verəcək. Bilirsiniz ki, Milli Məclis yeni situasiyaya, çağırışlara uyğun şəkildə fəaliyyətini qurmalıdır. Ölkə prezidentinin parlament barədə söylədiyi fikirlərdən bu qənaətdəyik ki, o islahatların mühüm tərkib hissəsidir. Bu da Milli Məclisdə rəhbərliyə peşəkar şəxslərin seçilməsini zəruri edirdi ki, ilk iclasdaca bu baş tutdu. Qeyd etmək istərdim ki, parlamentin sonrakı fəaliyyətində də bu özünü göstərəcək”.

Hüquqşünas Amnistiya Aktı təşəbbüsü irəli sürülərsə, bunun qəbulunun mümkünlüyündən də söz açdı: “Artıq Milli Məclis fəaliyyətə başlayıb və istənilən layihəni icraatına götürüb, baxa bilər. Amnistiya parlamentin müstəsna səlahiyyətinə daxil olan bir aktdır, əsas funksiyalarından biridir. Nəzərə alsaq ki, sonuncu amnistiya aktı bir neçə il bundan əvvəl qəbul olunmuşdu. İndi də bunun qəbulu üçün heç bir maneə yoxdur. Çünki artıq parlament formalaşıb, tam səlahiyyətlidir. Konstitusiya ilə ona verilən səlahiyyətləri tam şəkildə həyata keçirmək hüququna malikdir. Belə bir təşəbbüs olacaqsa, Milli Məclis onu müzakirə edəcək. Ola bilsin ki, bununla bağlı təşəbbüslər irəli sürülsün, layihələr hazırlansın. Bunu istisna etmirəm. Çünki ortada bir neçə il əvvəl qəbul olunan amnistiya aktı təcrübəsi var. Azərbaycanda bir qayda olaraq, 3-4 ildən bir amnistiya aktı qəbul olunur. Bu baxımdan mümkünlüyünə inanmaq lazımdır. Amma əfv tamamilə başqa bir şeydir. Prezidentin müstəsna səlahiyyətlərindən biridir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.