XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Polis mənə çayla şirniyyat verdi” - Dünya səyahətinə çıxan gənc

"Polis mənə çayla şirniyyat verdi” - Dünya səyahətinə çıxan gənc

"Polis mənə çayla şirniyyat verdi” - Dünya səyahətinə çıxan gənc
4-03-2020, 13:22

Velosipedlə dünya səyahətinə çıxan gənc səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb. Bu barədə səyyah sosial şəbəkədə məlumat paylaşıb.

Azərbaycanda xoş qarşılandığını, ona qarşı xüsusi diqqət olduğunu söyləyən Tieran buradan xatirələrini heç vaxt unutmayacağını bildirib:

“Azərbaycanda gördüyüm qonaqpərvərilik möhtəşəm idi. Hətta polis belə mənə çay və şirniyyat verdi”.

Təxminən ötən ilin iyun aylarından dünya turuna çıxan səyyahın gəzdiyi 12-ci ölkə Azərbaycandır. Norveç, Polşa, Danimarka, Almaniya, Türkiyə, Gürcüstan yolu ilə səyahət edən gənc yol boyu Azərbaycanın bir çox bölgəsində olub.

İlk qonaq olduğu rayon Tovuz olub:

“Tovuzda yerli bir ailədə qonaq oldum və onlar məni toya apardı. Həqiqətən bu, mənim üçün maraqlı bir hal idi və mən yeni insanlarla tanış olub, fərqli adət-ənənələr gürdüm. Daha sonra Gəncə şəhərində oldum və orada bloqum üçün maraqlı müsahibələr aldım”.

Gəzdiyi ölkələrdə insanlarla sıx ünsiyyət quran Tieran “The Place The Person The Plate” bloqu üçün maraqlı yazılar hazırlayır. Səyyah Gəncədən Bakıya səyahətində Kürdəmirdə də qonaq olub və qaldığı ailənin onu mehriban qarşıladığını deyir:

“Daha sonra, məni Kürdəmirə dəvət etdilər. Oraya çatdığım zaman gec olsa da, ailə məni çox mehriban qarşıladı və mənim üçün süfrə açılmışdı. Dolma, lobya şorbası yedim, şirniyyatlardan daddım”.

Bloqqer ilk başda səyahətini Azərbaycanda sonlandırmaq istəsə də, artıq yeni ölkələr kəşf etmək və bu macəranı davam etdirmək istəyir:

“300 km-lik çöl mənzərəli yol ilə velosiped sürdükdən, bir gün boyu Xəzərin sahilini izlədikdən sonra paytaxt Bakıya çatdım. Düzü, Xəzərin sahilindəki magistral yoldan dənizə baxanda Türkmənistan və Qazaxıstana sadəcə gəmi ilə getməyin mümkün olduğunu bilmək bir qədər kədərləndirir. 2019 mənim üçün unudulmaz oldu. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.