SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentə müraciətdə nələr var? - GƏLİŞMƏ

Prezidentə müraciətdə nələr var? - GƏLİŞMƏ

Tarix:

3-12-2019, 09:40

/ 647 dəfə oxundu.
Prezidentə müraciətdə nələr var? - GƏLİŞMƏ

Dekabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov dedi ki, gündəlikdə bir məsələ var - Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında prezidentə müraciət olunması.

İclasda iştirak edən 104 deputat qeydiyyatdan keçdikdən sonra sədr qısa nitq söylədi. O.Əsədov qeyd etdi ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: “Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yenilənməsini zəruri edib”.

YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov prezident İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxudu. Bildirdi ki, ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların gedişində daha dinamik fəaliyyət göstərən, dəyişikliklərə çevik münasibət sərgiləyən ali qanunverici orqana ehtiyac var. S.Novruzov dedi ki, bu baxımdan YAP Siyasi Şurası 28 noyabr 2019-cu il iclasında sözügedən qərarı qəbul edib. Azərbaycanın daha dinamik inkişafı üçün daha əlverişli imkanın yarandığını qeyd edək YAP funksioneri dedi ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün zəruri qanunverici baza mövcuddur. Eyni zamanda 2016-cı ildə konstitusiyaya edilən son dəyişikliklər də dövlət başçısına səlahiyyətlərindən istifadə edərək parlamenti buraxmaq imkanı verir. “Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi obyektiv zərurətə çevrilib”, deyən S.Novruzov səsləndirilən mülahizələri rəhbər tutaraq prezident, YAP sədri cənab İlham Əliyevə müraciət edilməsini zəruri saydıqlarını bildirdi. YAP funksioneri müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırdı.

Deputat Fəzail İbrahimli parlamenti tənqid edənlərə etiraz bildirdi və bu yanaşmanın kökündən yanlış olduğunu vurğuladı: “Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yanlışdır. Burada kifayət qədər intellektual insanlar var”.

Bundan sonra Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsinin hazırlanması üçün Milli Məclisdə redaksiya heyəti yaradıldı. Spiker Oqtay Əsədov bildirdi ki, redaksiya heyətinə Bahar Muradova, Əli Hüseynli, Səməd Seyidov, Fəzail İbrahimli, Sahibə Qafarova daxildir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, parlamentin buraxılması ilə bağlı addımın atılmasının hüquqi əsaslarının olmadığı barədə iddialar əsassızdır. Komitə rəhbəri bununla bağlı 2016-cı il referendumunda konstitusiyaya edilən dəyişiklikləri xatırlatdı: “Konstitusiyanın 98.1-ci maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur”. Komitə sədri bildirdi ki, 2018-ci ildən başlayan islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə edib: “Bu illər ərzində parlament də öz fəaliyyətində prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir”.

Deputat Hikmət Məmmədov vurğuladı ki, bu gün öz tarixi ənənələrinə sadiq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir. Azay Quliyev YAP Siyasi Şurasının müraciətini müsbət qiymətləndirdi və əlavə etdi ki, müstəqil deputat korpusu da yekdilliklə bu təşəbbüsü dəstəkləyib.

Sahibə Qafarova YAP-ın daha bir ilkə imza atdığını söylədi. Azər Badamov isə dedi ki, iclasın gündəliyinə daxil edilmiş məsələ günün tələbidir.

Komitə sədri Səməd Seyidov dedi ki, bu qərarı dəstəkləməliyik: “Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.

Fəzail Ağamalı da hakim partiyanın təşəbbüsünü alqışladı. Fazil Mustafa və həmkarı Rasim Musabəyov da öz mövqelərini ifadə etdilər. Məlahət İbrahimqızı öz növbəsində YAP Siyasi Şurasının üzvü kimi təşəbbüskarlardan biri olaraq çıxış etdi.

Elmira Axundova dedi ki, kadr islahatları və obyektiv səbəblər nəticəsində parlament üzvlərinin sayı xeyli azalıb: “Mərkəzi Seçki Komissiyası boş qalan yerlərə əlavə seçki keçirməli idi, ya da ümumiyyətlə, yeni seçkilər haqqında düşünməli idi. Ona görə məncə, YAP-ın təşəbbüsü məntiqli və başadüşüləndir”.

Qüdrət Həsənquliyev dedi ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir: “Bu da başa düşüləndir. Çünki ənənəvi müxalifət-mən onları ”fit müxalifəti" adlandırıram, son zamanlar özlərini tam ifşa ediblər. Onların liderinin gözlərinin qorxudan az qala hədəqəsindən çıxması tərəfdarlarında da ruh düşkünlüyü yaratdı".

Deputat bildirdi ki, sağlam və konstruktiv müxalifət olaraq rəhbərlik etdiyi partiya növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, bu, müxalifət üçün parlamentdəki yerlərini artırmağa bir şansdır. Mən həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəri burada müxalifət fraksiyasının olmamasıdır”. Q.Həsənquliyev dedi ki, parlamentin buraxılması üçün konstitusion əsaslar var. Bununla yanaşı, deputat yarana biləcək hər hansı fövqəladə vəziyyətlə əlaqədar olaraq parlamentin yeni tərkibi seçilənədək hazırkı tərkibin səlahiyyətlərinin saxlanmasını faydalı saydı. Bildirdi ki, bununla bağlı prezidentə xahişimizi çatdırmağımız yaxşı olardı: “Bunun üçün də biz prezident üçün məcburi qərar qəbul edə bilmərik. Amma xahiş etməliyik ki, tutaq ki, 3 aydan sonra yeni tərkib fəaliyyətə başlayanadək hazırkı tərkib səlahiyyətli sayılsın. Deyək ki, müharibə elan oluna, yaxud ordunun hansısa hallarda müdaxiləsinə zərurət yarana bilər. Bu hallarda parlamentin müdaxiləsi tələb olunur”.

Bundan sonra müzakirələr dayandırıldı və vitse-spiker Bahar Muradova qərar mətnini oxudu. Qərarda deyilir: “Azərbaycanda həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Eyni zamanda bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur”.

Daha sonra bildirilir ki, Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin sədrinə müraciət edərək belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Həmin müraciətin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı digər partiyaları təmsil edən deputatların, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyası təmsilçilərinin bu təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan ediblər".

Qərarda deyilir: “Milli Məclisi deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq, deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yuxarıda şərh edilənlərə əsasən, Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Konstitusiyasının 98.1-ci maddəsinə əsasən Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə prezidentə müraciət edilsin".

Müraciət səsə qoyuldu, 99 lehinə, 1 əleyhinə, 1 bitərəf olmaqla qəbul edildi. 1 nəfər isə (Arif Rəhimzadənin oduğu deyilir-E.P.) səs vermədi.

Milli Məclisin buraxılması ilə bağlı parlamentin prezidentə müraciət etməsindən sonra regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış etmək istədiyini bildirdi. Spiker Oqtay Əsədov artıq müzakirələrin bitdiyini xatırlatdı və ona çıxış etmək imkanı yaratdı.

Komitə sədri qərarda əksini tapan bəzi məqamlara etiraz etdi: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, ”krizis" yaranıb? Bir tərəfdən deyirsiniz sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək".

Spiker Oqtay Əsədov isə iradı qəbul etmədi: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, Milli Məclis işləyə bilmir. Belə olsa idi, parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?”

Spiker yekunda dedi ki, növbəti iclas sabah (bu gün-E.P.) keçiriləcək və ola bilsin bu, hazırkı tərkibin son toplantısıdır. Amma hər şey prezidentin qərarından asılı olacaq.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ