SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Prezidentin çağırışı daha çox ziyalılarımıza, alimlərimizə və düşünən insanlaradır...” - Zahid Oruc

"Prezidentin çağırışı daha çox ziyalılarımıza, alimlərimizə və düşünən insanlaradır...” - Zahid Oruc

Tarix:

28-11-2019, 10:09

/ 714 dəfə oxundu.
"Prezidentin çağırışı daha çox ziyalılarımıza, alimlərimizə və düşünən insanlaradır...” - Zahid Oruc

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən böyük tədbirdə çıxış edən prezident İlham Əliyev ölkədə ideoloji işə yenidən baxılmasının vacibliyi məsələsindən də danışıb. Prezident deyib ki, xaricdəki anti-Azərbaycan dairələr ölkədə ənənəvi müxalifətin olmadığını deyərək gəncləri hədəfə alıblar və onları xalqa qarşı qaldırmaq istəyirlər. İlham Əliyev qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr azərbaycanlı gənclərin beynini zəhərləmək istəyir.

Azərbaycanda ideoloji işə yenidən baxılmalıdır, çünki burada zəifliklər, boşluqlar var və bizi istəməyən qüvvələr və erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər: “Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar.

Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar.

Bu gün müxalifət düşərgəsində boşluq yaranıb və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik, əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür".

Prezidentin qaldırdığı məsələ maraqla qarşılanıb. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bu fikirlərin elm təhsil auditoriyası qarşısında səsləndirilməsinin mühüm məqsədləri var: “Düşünürəm ki, istər Azərbaycanın keçmişi ilə bağlı, çox ağrılı məqamların qabardılması, nəinki ölkənin birinci şəxsi kimi, həm də Azərbaycanın bir nömrəli vətəndaşı olaraq Azərbaycanın keçmişi, müstəqilliyini tez-tez əldən verməsi, müxtəlif imperiyaların tərkibində yaşamasının səbəbləri ətrafında cəmiyyəti, onun düşünən hissəsini polemikalarla, təhlillərlə yönəltməsi çox yaxşı bir hadisə oldu. Hiss olunan odur ki, müxtəlif ictimai məkanlarda bu xarakterli diskussiyalar, fikirlər getdikcə artır. Məsələnin ikinci tərəfi Azərbaycanın hansı aralıq mərhələlərdə əldə etdiyi müstəqilliyi bir-biri ilə əlaqələndirmək, bağlamaq, tarix arasında arasıkəsilməzliyi təmin etməyi bacarmaq, buradakı varisliyi təmin etmək məsələsidir. Bu, mənə elə gəlir ki, ölkə rəhbərinin çıxışından irəliyə gələn ən mühüm vəzifədir. Üçüncüsü, auditoriyanın mühüm bir hissəsini gənclər ordusu təşkil etdiyindən cənab prezidentin onlara yönəlik çox mühüm, bir qədər də operativ əməliyyat məlumatlarını özündə ehtiva eləyən açıqlamalar verməsi idi. Təbii ki, hər bir cəmiyyət dəyişir. Biz qətiyyən müstəqillik illərindən, sovetlər birliyinin çöküşündən danışarkən bütün hamının eyni informativ bazisi beyinlərinə yığmasını, yalnız o dövrlə yaşamalarını tələb edə bilmərik. Burada istək ondan ibarət deyil ki, nəsillərarası informasiya ötürümü elə baş versin ki, hər bir məktəblərdə gündəlik olaraq insanlara yalnız o dövr haqqında gerçəklər öyrədilsin. Əsla belə ola bilməz. İctimai həyatın, insanların gündəlik qayğılarının əsasını təşkil edən ayrı məsələlər olur. Lakin millətin üst qata daşınan əsas qayğıları, düşüncələrində vahidliyi təmin eləmək lazımdır. Bu, xalqı birləşdirən məsələlər adlanır və burada belə bir yanaşma etmək ki, ideologiya yalnız sovet dövründə, yaxud da bütün totalitar quruluşlara xas olan fenomendir, mən elə düşünürəm bu, məsələyə çox bəsit yanaşma olardı. Cənab prezidentin də çıxışında ideoloji məsələni, xüsusilə də onu gənclərə yönəlik kontekstdə işlətməsinin mühüm mənası var”.

Z.Oruc qeyd etdi ki, gənclər dövlətin, onun institutlarının, mühüm qurumlarının nəzər diqqətindən kənarda qaldığında onu mütləq müxtəlif dairələr, xarici mərkəzlər ələ götürmüş olacaq: “İdeologiya nədir? Bu, elitanı əhali çoxluğu ilə daim birləşdirə bilir. 1990-cı illərin ortalarında bu, azərbaycançılıq məsələsi oldu. Çünki milli etnik zəmindəki separatizmi ortadan qaldırmaq üçün ”Azərbaycan hamının vətənidir" mesajı zəruri idi və bu mesaj öz təsirini göstərdi. Bu, yalnız hakimiyyətin baxışı deyildi. Bilirsiniz ki, müxtəlif ölkələrin tarixində yalnız əhalinin müəyyən qrupuna və bütövlükdə xalqa məxsus olan ideolojilər irəli sürülüb. Azərbaycanın milli ideolojisi dövləti vətəndaşla, vətəndaş qurumlarını bir-biri ilə, siyasi mövqelərindən asılı olmayaraq bütün partiyaları, hərəkatları ümumazərbaycan mövqeyində birləşdirməlidir. Açıq demək lazımdır ki, azərbaycançılıq məsələsi sanki ölkədə həllini tapdığından, etnik və milli zəmində qarşıdurma problemləri olmadığından indi prezidentin dediyi kimi ideoloji işin yeni müstəvidə gücləndirilməsinə ehtiyac var. Düşünürəm ki, müvafiq institutlar, mərkəzlər, universitetlər, gənclər birlikləri bu yöndə addımlar atmalıdırlar. Onu da qeyd edək ki, cənab İlham Əliyev oktyabr ayında məlum təyinatları zamanı bu məsələni də qeyd etmişdi ki, bölgələrdə Heydər Əliyev mərkəzləri, gənclər evləri ciddi işlər görməlidir. Hər bir dövlət milli varlığını qoruyub saxlamaq üçün özünün əhalisini vahid bir ortamda, vahid bir ideologiya ətrafında saxlamağın elmi-siyasi əsaslarını işləyib hazırlayır, ortaya qoyur. Bu cəhətdən cənab prezidentin çağırışı daha çox ziyalılarımıza, alimlərimizə, düşünən insanlara, idarəetmə strukturlarınadır. Burada hamının birgə işinə ehtiyac var. İdeoloji konsepsiya Azərbaycanı təhlükələrdən qorumağa əsas verərdi. İdeologiya milləti dövlət ətrafında birləşdirir, dövləti güclü saxlayır. Ona görə də buna ehtiyacın olduğu dövlətin birinci şəxsinin dilindən səslənibsə, bu, geniş bir hərəkətlənmə doğurmalıdır, onun nəticələrini də bir-iki il sonra mühüm bir doktrina kimi hamı görməlidir".

Şərhlər

XƏBƏR LENTİ