SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlaxır çərşənbələr başlayır

İlaxır çərşənbələr başlayır

Tarix:

25-02-2019, 10:57

/ 1 002 dəfə oxundu.
İlaxır çərşənbələr başlayır

Sabah Su çərşənbəsidir
Xalqımızın qədim ədət-ənənəsinə görə, Novruz bayramından öncəki dörd çərşənbə xüsusi önəm daşıyır və onlar Su, Od, Yel və Torpaq çərşənbələri adı ilə qeyd edilir. Bu çərşənbələr Boz ayın çərşənbələri hesab olunur.

Bu il fevralın 21-də Kiçik Çillə bitdi, və Boz ay başladı. Xalq inancına görə, Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. İnanca görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Sabah Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Su çərşənbəsi günü su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, ağırlığını, xəstəliyini axar suya verirlər. İnanca görə, “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Qeyd edək ki, növbəti çərşənbə od çərşənbəsidir və bu il martın 5-ə təsadüf edir. İlin axır çərşənbələrindən ikincisi, xalq arasında “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “addı çərşənbə” kimi tanınan məhz Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Üçüncü çərşənbə Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Şərhlər

XƏBƏR LENTİ