SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Atalarının başını yeyən harın məmur övladları -bizdə və xaricdə

Atalarının başını yeyən harın məmur övladları -bizdə və xaricdə

Tarix:

23-01-2018, 09:44

/ 2 188 dəfə oxundu.
Atalarının başını yeyən harın məmur övladları -bizdə və xaricdə

Bu günlərdə mətbuata açıqlama verən baş nazirin müavini Abid Şərifov fikirləri ilə müzakirələrə səbəb oldu. O, müxtəlif qalmaqalların, cinayət işlərinin iştirakçısı olan övladların ailədə yaxşı tərbiyə almadıqlarını deyib: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir.

Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir?

Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var... Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

Abid müəllimin bu fikirlərini böyük əksəriyyət həmkarı, baş nazirin digər müavini Əli Həsənova söz vurmaq kimi qiymətləndirdi. Çünki məhz onun nəvəsi yüksək sürətlə avtomobil idarə edərkən 2 nəfərin ölümünə səbəb olan ağır qəza törətmişdi. Xatırladaq ki, baş nazir müavininin Nail Allahverdiyev adlı nəvəsi bu əməlinə görə 6 il həbs cəzası alıb.

Onu da qeyd edək ki, avtoxuliqanlıq edən, yüksək sürətə görə qəza törədən, digər harın hərəkətləri ilə diqqət mərkəzinə gələn məmur övladları çoxdur. Elə ötən il oğlu avtobus sürücüsünü döyərək təhqir edən general-mayor Novruzəli Orucov övladının bu əməlinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olundu. Ondan əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov oğlu Xalid Mədətovun “avtoşluq” edərkən törətdiyi ağır qəzadan sonra vəzifəsi ilə vidalaşmalı olmuşdu. Xatırladaq ki, X.Mədətovun səbəb olduğu qəzada xalq artisti Ağasəlim Abdullayevin xanımı və nəvəsi həlak olmuşdu. Bundan əlavə, atasına üzqaralığı gətirən daha bir övlad general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevdir. O, restoranda adam bıçaqladığına görə həbs edilmişdi.

Harın məmur övladlarından bəhs edərkən sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovu qeyd etməmək mümkün deyil. Müxtəlif vaxtlarda media ilə çəkişmələrdə iştirakçı olan A.Məmmədov harınlıq nümunəsi sayılan davranışları ilə tez-tez gündəmə gəlirdi. Nəinki Anar, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov meyxana-şoular təşkil etdirib, kriminal mahiyyətli qafiyələr açdırırdı. Onun harınlığı jurnalist döydürməyə qədər yüksəlmişdi.

Elə Z.Məmmədovun müavini olan Arif Əsgərovun da övladının adı böyük cinayət əməlində keçir. Belə ki, A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adının qarışdığı 48 milyon manatlıq dələduzluq əməli Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmaqdadır. E.Əsgərov baş fiqurantı xalası oğlu Emil Hüseynov olan cinayət işi üzrə məhkəmədə dindirilib.
Onu da qeyd edək ki, ipə-sapa yatmayan, ağlına gələni etməyə öyrəşmiş, qeyri-adi, əksər hallarda da qanunsuz əməlləri ilə yüksək vəzifəli valideynlərinə problem yaradan övladlar yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində var. Elə bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun atasına çox ciddi problem yaradan səsyazısı üzə çıxmışdı. Mətbuatın yazdığına görə, o, dostları ilə Təl-Əvivdəki striptiz-klublardan birinə hökumət qarajına məxsus maşında gedib, bütün axşam boyunca onları dövlət qulluqçuları olan sürücü və mühafizəçi müşayiət edib. Audioyazıdan məlum olur ki, sərxoş cavanlar zarafatlaşır, qadınlar haqqında biədəb fikirlər səsləndirirlər. Bundan başqa, Yair Netanyahu dostu, məşhur iş adamı Kobi Maymonun oğluna deyir ki, o ona təşəkkür etməlidir, çünki atası (Benyamin Netanyahu) Kobi Maymon üçün 25 milyard dollarlıq “qaz sazişi” təşkil edib. Səs yazısı İsraildə çox geniş müzakirə və qınaqlara səbəb oldu, ata Netanyahunun ofisindən dəfələrlə açıqlamalar verildi.

Yaxud ABŞ-ın sabiq prezident Corc Buşun qızları Cenna və Barbara Buş spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.

“YM"

Şərhlər

XƏBƏR LENTİ