SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” Heydər Əliyev

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” Heydər Əliyev

Tarix:

23-11-2022, 14:52

/ 275 dəfə oxundu.
“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” Heydər Əliyev

   

21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının  yaradılmasının  30  illiyi  münasibətilə  Azərbaycan  Respublikasının  qalib  Prezidenti,  müzəffər  Ali  Baş  Komandan  Yeni  Azərbaycan  Partiyasının  sədri  İlham  Əliyev  cənablarının  iştirakı  ilə  tədbir  keçirildi.  
Bu  tədbirdə  iştirak  etmək  çox  qürurverici  idi.  Eyni  zamanda  dünya  şöhrətli  siyasətçi,  qalib  dövlət  başçısını  dinləmək  ölkəsinin  gələcəyini  düşünən,  vətənpərvər  insanlar  üçün  hava,  su  kimi  gərəkli  idi.
Qalib  ölkənin  qalib  dövlət  başçısını  Yeni  Azərbaycan  Partiyasının  üzvləri  ayaq üstə  alqışladı.  
Cənab Prezident çıxışında  YAP-ın  tarixi  zərurətdən  yarandığını və 18  oktyabr  1991-ci  ildə  müstəqilliyini  elan  etmiş  gənc  Azərbaycan  Respublikası  üçün  ilk  ilin  çox  ağır  və  faciələrlə  dolu  keçdiyini söylədi. Dövlət başçısı qeyd etdi ki, o zaman  Azərbaycanın  görkəmli  vətənpərvər  nümayəndələri  ölkənin  nicatını  Heydər  Əliyevdə  gördülər.  Ona  görə  də  Ulu  Öndərə  müraciət  etdilər. Azərbaycanın  taleyini  həll  edən  “91-lərin  müraciəti” ilə  Naxçıvanda  ölkəmizin  tarixində  yeni  səhifə  açan  bir  konfrans  keçirildi. Heydər Əliyevin  sədrliyi  ilə  keçən  konfransda  Yeni  Azərbaycan  Partiyası  yarandı.  Dövlətin  ağır  problemlərini  düşünən  partiya  müxalifət  partiyası  kimi  yarandı.  
Sənayenin  iflic  vəziyyəti,  yoxsulluq,  inflyasiya,  hərc-mərclik,  nizami ordunun  olmaması,  digər  tərəfdən  Ermənistanın  işğalçılıq  siyasəti  nəticəsində  ərazimizin  böyük  bir  hissəsinin  işğalı  xalqda  bir  çaşqınlıq yaratmışdı. Xalqın Ulu  Öndər  Heydər  Əliyevə  inamı  çox  yüksək  səviyyədə  idi.  Bu  inamın  əsas  səbəbi  onun  Azərbaycanda  rəhbər  olduğu  dövrdə  xalqla  birlikdə  olması,  xalqa  xidmət  etməsi  idi.  Onun  hakimiyyətdə  olduğu  dövrlərdə  1969-1982-ci  və  1982-1987-ci  illərdə  Qarabağdakı  separatçı  qüvvələr  bir  dəfə də  olsun  baş qaldıra  bilməmişdilər.  Ulu  Öndər  hətta  təqaüddə  olanda  belə  xalqın  yanında  olmuşdu. 20  yanvar   faciəsi törədiləndə Heydər Əliyev  bu  dəhşətli  cinayəti  törədənləri  qınamış və mənsub olduğu partiyaya qarşı çıxmışdır.
YAP-ın  təsis  konfransından  7  ay  sonra  Heydər Əliyev  xalqın  tələbi  ilə  Bakıya  gəldi,  oktyabr  ayında  isə Azərbaycan  Respublikasının  Prezidenti  seçildi.  Müstəqil  Azərbaycan  dövlətçiliyi  qurulmağa  başladı.  Kontitusiya  qəbul  edildi.  Çox  ciddi  iqtisadi  islahatlar  aparıldı. Ordu  quruculuğunda  ilk  addımlar  atıldı. Kütləvi   itaətsizliyə  son  qoyuldu,  sabitlik  yarandı. Müstəqil  iqtisadi  siyasət  “Əsrin  kontraktı”na  gətirib  çıxartdı.
2003-cü  ildə  xalq  bir  daha  Ulu  Öndərə  olan sədaqətini  nümayiş  etdirdi, siyasətinə  səs  verdi.Ümummili Liderin layiqli  davamçısı  İlham  Əliyev  onun  siyasi  xəttini  davam  və  inkişaf  etdirərək  güclü  Azərbaycan  dövləti  qurdu.  
Ulu  Öndərin  söylədiyi  “Azərbaycan  dünyaya günəş  kimi  doğacaq”  fikri  öz  təsdiqini  tapdı. Bu  gün  hər  bir  Azərbaycanlı  öz  dövləti  ilə  fəxr  edir.
İqtisadiyyatımız  3  dəfədən  çox  artdı. Respublikada yoxsulluğun faizi aşağı səviyyədədir. Pensiyaların, əmək  haqqının  müntəzəm  artması  xalqın  rifahını  yüksəldir.
Bu  gün  Azərbaycanda  bütün  xalqlar  bir  ailə  kimi  yaşayır. Gənc  nəsil  milli  ənənələrə  sadiq, azərbaycançılıq ruhunda  böyüyür. II  Qarabağ  müharibəsində biz bunun bir daha şahidi olduq. Azərbaycanda yaşayan bütün  xalqların  nümayəndələri  bir  yumruq  kimi  birləşdi.
Azərbaycan  ordusu  özünü  bir  daha  təsdiq  etdi.  44  gün  ərzində düşmən  tarixi  torpaqlarımızdan  qovuldu.  Qarabağ  probleminin  həlli  Ulu  Öndər  Heydər  Əliyevin  vəsiyyəti  idi. Xalq-iqtidar birləşərək, 44  gün  ərzində  tarixi  ədaləti  bərpa  etdi. Bu gün işğaldan azad olunan ərazilərimiz yenidən  qurulur. Tezliklə  şəhər  və  kəndlər  bərpa  ediləcək  və  keçmiş  köçkünlər  öz  yurd-yuvalarına  qayıdacaq. 
Bütün  xalqın  qüruru  olan  Müzəffər  Dövlət  Başçısı   tarixi  çıxışında  Azərbaycanın  beynəlxalq    mövqelərindən  də  söz açdı: “Azərbaycan  MDB  məkanında  birinci  ölkə  oldu ki, 155  ölkənin  dəstəyi  ilə  BMT  təhlükəsizlik  şurasına  üzv oldu. 2019-cu  ildə  120  ölkənin  yekdil  qərarı  ilə  Azərbaycan  Qoşulmama  Hərəkatına  sədr  seçildi və uğurlu fəaliyyət göstərir.
Ermənistan dəəfələrlə üzv  olduğu  təşkilatların  üzvü  olan  ölkələrlə  Azərbaycanı  üz-üzə  qoymaq  istədi.  Lakin  bunu    edə  bilmədi. Azərbaycan  Respublikasının  Prezidentinin  apardığı  doğru-düzgün  xarici  siyasət  nəticəsində  ölkələr  Ermənistanın  bu  təxribatına  getmədilər.
Fransa-Ermənistan  tandeminin  anti-Azərbaycan  siyasəti, anti-Azərbaycan qətnaməsi Frankofoniya  təşkilatındakı  Azərbaycana  dost  olan ölkələrin  səyi  nəticəsində  baş tutmadı.
Yeni  Azərbaycan  Partiyasının 30  illik  yubileyinə  həsr  olunmuş  bu  tədbir  bir  daha  göstərdi  ki, Yeni  Azərbaycan  Partiyası  ölkəmizdə  siyasi  sistemə  mühüm  yeniliklər  gətirdi.
Ulu  Öndərin  yolu  ilə  gedərək  növbəti  illərdə də  çox  uğurlara  nail  olacağımızı  bildirən  Azərbaycan  Respublikasının  Prezidenti, Müzəffər  Ali  Baş  Komandan,  Yeni  Azərbaycan  Partiyasının  sədri  İlham  Əliyev  partiyanın  bütün  üzvlərini  təbrik  etdi  və  ölkəmizin  siyasi  həyatında  YAP-a  yeni  nailiyyətlər  arzuladı.

Təyyubə Hüseynova
Abşeron rayonu, Saray 3 saylı tam orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ