SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 30 illik yolun təqdimatı

30 illik yolun təqdimatı

Tarix:

22-11-2022, 15:59

/ 341 dəfə oxundu.
30 illik yolun təqdimatı

 
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam oldu. Hakim partiya yarandığı gündən Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli iqtisadi inkişafın təmin edilməsinin, vətəndaşların rifah halının yaxşılaşdırılmasının ideoloji əsaslarının yaradılması istiqamətində böyük layihələrə, aksiyalara imza atıb.
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə nitq söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkəmizin ağır siyasi-iqtisadi vəziyyətdə olduğunu vurğulayaraq bildirdi ki, “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi.
Ölkə başçısı qeyd etdi ki, “Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi”.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. 
1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsaslarının qoyulduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır: “Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi”. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi.
Prezident İlham Əliyev qeyd etdi ki, “Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”.
Ötən 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Prezidentin bəyan etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik.
 
Aysel Mənsimova – politoloq

Şərhlər

XƏBƏR LENTİ