SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 500 manat cərimə - Vəkillər yeni təklifi tənqid etdi

500 manat cərimə - Vəkillər yeni təklifi tənqid etdi

Tarix:

25-06-2021, 11:27

/ 528 dəfə oxundu.
500 manat cərimə - Vəkillər yeni təklifi tənqid etdi

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişiklik vəkillər tərəfindən narazılıqla qarşılanıb.
 
Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.
 
Bu məlumatın ictimailəşməsindən sonra Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz ediblər.
 
VK Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarının necə müəyyən olunduğu məlum deyil: “Və ya müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda "açıq-aşkar və aşkar olmayan əsassız" vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.
 
Vəkil Fariz Namazlı qeyd edib ki, məhkəmə vəsatəti rədd edəndə hakim əsassız olduğundan təmin edilmədiyini deyir: “İndi cərimə olunmaq qorxusu ilə vəsatət də verə bilməyəcəyik”.
 
VK üzvü Aqil Layıc bildirib ki, vəkil prosesdə tərəf deyil və vəkili prosessual məsələyə görə cərimələmək hüquqi nihilizmdir: “Guya vəkillərin vəsatətləri prosesdə təmin edilirdi ki, cərimə də edilsin?! Ədalət mühakiməsinə nüfuz vəkilin qanunsuz cərimələnməsi ilə ölçülə bilməz. Cərimə və intizama cəlb ediləcək yeganə şəxslər varsa, Avropa Məhkəməsində dövlət əleyhinə qərarın çıxmasına rəvac verən hakimlərdir”.
 
Vəkil Elçin Sadıqov qeyd edib ki, bundan sonra hakim vəkilə deyəcək ki, filan vəsatəti qaldırsan, səni cərimələyəcəm: “Ağıllı ol”, qoy, işi tez yekunlaşdırım, yoxsa qarşı tərəf verdiyi pulu alacaq. Bu dəyişiklik ölkədə kölə, qorxaq vəkillik formalaşdırmaq üçündür. Bəs vəkillik inkişaf etmişdi?”
 
Hüquqşünas Ələsgər Məmmədli məsələyə münasibət bildirərək qeyd edib ki, təklifin heç bir legitim əsası yoxdur: “Bu təklif ədalətin təmini yolunu süni şəkildə bağlayıcı, vəkili isə aşağılayıcıdır. Bir digər yanlış təklif, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürülməsinin nəzərdə tutulmasıdır.
 
Dövlət rüsumu tam büdcəyə ödənilməli, məhkəmə çalışanlarının sosial müdafiəsi isə heç bir şərtə-yığıma tabe olmadan birbaşa dövlət büdcəsindən ödənməlidir”.
 
Qeyd edək ki, bu mövzuda digər VK üzvləri də etirazını bildirərək vəsatət verməyin vəkilin prosessual hüququ olduğunu deyiblər.

Şərhlər

XƏBƏR LENTİ