SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Səfər Əbiyevin vaxtında oğlumu itirdim, hələ də şəhid statusu verilmir” - NARAZILIQ!

“Səfər Əbiyevin vaxtında oğlumu itirdim, hələ də şəhid statusu verilmir” - NARAZILIQ!

Tarix:

21-04-2021, 11:40

/ 490 dəfə oxundu.
“Səfər Əbiyevin vaxtında oğlumu itirdim, hələ də şəhid statusu verilmir” - NARAZILIQ!

16 il öncə, müdafiə naziri vəzifəsini Səfər Əbiyev icra edərkən Qarabağ uğrunda döyüşlərdə şəhid olan Elçin Bayramovun ailəsi hələ də övladlarının şəhidlik statusunu əldə edə bilmir.

Şəhidin atası, Biləsuvar rayon sakini Bayram Bayramov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, oğlu Elçin Bayramov 2005-ci ildə hərbi xidmətə gedib və Tərtər rayonu ərazisində xidmət edib: “2006-cı il martın 3-də Prezident İlham Əliyev həmin hərbi hissəyə baş çəkərkən yaxşı xidmətinə görə oğluma qol saatı hədiyyə etmişdi. Bundan bir müddət sonra ermənilər bizim səngərə hücum edib, düşmən geri oturdulub. Amma həmin döyüşdə oğlum çoxlu qan itirərək şəhid olub. Hadisədən sonra Prezident İlham Əliyev televiziya vasitəsilə çıxış edərək bir neçə gün öncə mükafatlandırdığı əsgərin şəhid olduğunu deyərək bizə başsağlığı verdi.

Lakin bu günə qədər Səfərbərlik Xidməti oğluma şəhidlik statusu üçün müvafiq sənədin verilməsindən imtina edir”.

B.Bayramov əlavə edib ki, övladı sabiq nazir Səfər Əbiyevin vaxtında həlak olub və ona şəhidlik statusunun verilməsi üçün Müdafiə Nazirliyinə də sorğu göndəriblər.

MN-dən rəsmi olaraq B.Bayramova cavab məktubu göndərilib. Məktubda qeyd edilib ki, onun oğlu Elçin Bayramov 2005-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb: “2006-cı il martın 18-də hərbi hissənin döyüş mövqeyi tapşırığını yerinə yetirərkən saat 06:00 radələrində düşmən tərəfindən atılan güllə nəticəsində “Sağ budun dəlib keçən, sağ dirsəyin toxunub keçən güllə yaralanması” xəsarətlərindən hadisə yerində vəfat edib”.

E.Bayramovun xidmət etdiyi hərbi hissənin komandiri də bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsinə məlumat verildiyini bildirib.

Hərbi ekspert Ədalət Verdiyev sözügedən ailənin övladına şəhidlik statusu ala bilməməsi məsələsiylə bağlı çıxış yolunu göstərib.

O, "Qafqazinfo" ya açıqlamasında bildirib ki, problemin yeganə həll yolu məhkəməyə müraciət etməkdir: "Nə üçün bu ailə 16 il müddətində məhkəməyə müraciət etməyib? Azərbaycanda bu cür hallar onlarladır. Ata sadəcə məhkəməyə müraciət edərək bildirəcək ki, oğlunu əsgərliyə sağ-salamat göndərib. Daha sonra Müdafiə Nazirliyindən aldığı məktubu göstərəcək. Bildirişdə vəfat etmə o zaman yazılır ki, əsgərin məsələn, ürəyi tutur və dünyasını dəyişir. Ancaq düşmən gülləsindən vəfat edirsə bu artıq şəhidlik hesab edilir. Əvvəlcə rayon, sonra şəhər məhkəmələrinə müraciət edirsən. Məhkəmələrin qətnamələrindən narazı olduğun halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmə hüququ yaranır. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək çox da böyük vəsait tələb etmir. Ora getməyə də ehtiyac yoxdur, məhkəmələr hazırda online keçirilir. Tərcümə işlərinə də gərək qalmır. Bizim qanunlarımız Avropa qanunlarından üstün ola bilməz. Avropa qanunlarında yazılıb ki, xidmətdə olan zaman əsgər həlak olubsa, şəhid hesab edilir. Ata oğluyla bağlı olanları fakt kimi yerli məhkəmələrin qarşısında qaldırsın. Faktlar doğrudursa, o, məhkəməni mütləq qazanacaq. Bu məsələnin məhkəmədən başqa həll yolu yoxdur".

Xatırladaq ki, S. Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.

Şərhlər

XƏBƏR LENTİ