XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar

Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar

Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
4-08-2020, 18:49

Hökumətin otelçilik biznesinə xələl gətirən karantin tədbirləri haqqında çox şey deyilib. Bu sahənin pandemiyadan nə qədər zərər çəkdiyi bugünlərdə açıqlanan rəsmi statistik rəqəmlər sayəsində məlum oldu.

Bu ilin birinci yarısında Azərbaycanda otel və mehmanxana tipli müəssisələrin gəlirləri 72 milyon manat (42.4 milyon dollar) təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 61,6% azdır. Burda qeyd edilməlidir ki, bir müddət əvvəl bu sahədə proqnozlaşdırılan zərər 48% qiymətləndirilirdi, amma bu rəqəmlər mütəxəssislər arasında şübhə yaradırdı.

Karantin içərisində turizmin acınacaqlı vəziyyəti barədə danışan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rəsmi göstərilən 48%-lik zərər həqiqətə uyğun deyil. Çünki bu gün turizm sənayesi faktiki olaraq dayanıb və həqiqi rəqəm daha böyükdür. Lakin bu, hələ problemlərin hamısı deyil, çünki Sahibkarlığa Dəstək Fondu vasitəsilə biznesə kredit vermə mexanizmləri hazırlanıb, lakin turizm sənayesindəki çətin vəziyyətə baxmayaraq, turizm sektoru ilə məşğul olan müəssisələr üçün hələ də xüsusi yardım paketi mövcud deyil.

Mövcud böhran otel bazarına ağır zərbə vurub. Birinci rübdə rəsmi statistikaya görə, bu sahə hələ birtəhər ayaq üstə dura bilmişdisə, bu ilin ikinci rübündə otel gəlirləri cəmi 12 milyon manat təşkil edib. DSK-nın məlumatına görə, ilin birinci yarısında gəlirlərin 58,7%- kirayə otaqlardan, 28,6%-i içki və ərzaq satışından, 3,3%-i tibbi xidmətlər təminatından, 9,4%-i digər xidmətlərdən gəlib.

Statistikaya görə, otellərdə gecələmələrin sayı 55,9% azalıb. Birinci rübdə gecələmələrin sayı 585,9 min olub ki, onun da 58,8%-i Bakı otellərinin payına düşüb. Qusarda bu göstərici 8%, Qəbələdə 8,1%, Naftalanda 4,2%, Qubada 4,7%, Naxçıvan Muxtar Respublikasında 3,1%, Lənkəranda 1,7%, Şabranda 1,4 %, Mingəçevirdə 1,1%, Gəncədə 0,8%, digər bölgələrdə 8,1% olub.

Hələ mart ayından etibarən, yerli mehmanxana xidmətləri bazarının koronavirus pandemiyası və sərhədlərin bağlanması səbəbindən çox çətin bir dövr və böyük itki ilə üzləşəcəyi bildirildi. Mütəxəssislərin fikrincə, SARS-CoV-2 koronavirusunun yayılması və xarici turistlərin olmaması səbəbindən bir çox otellər fəaliyyətini tam dayandıra bilər. Ən acınacaqlı vəziyyət isə maddi ehtiyatı olmayan kiçik otel biznes subyektlərini gözləyə bilər.

Axı, bu sahə xarici qonaqların axınından və beynəlxalq tədbirlərin keçirilməsindən birbaşa asılıdır. Mütəxəssislər vəziyyətin kritik olduğunu deyirlər. Bu dövr xarici vətəndaşların bir gecəlik qalma statistikasının azalması ilə ifadə olunur. Ən son məlumatlara görə, 340,8 min (azalma 64,3%) və ya bütün gecələmə daxil səyahətlərin 58,2%-i xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən edilib. Bunlardan 15,6%-i Rusiya, 11,2%-i BƏƏ, 11,2%-i Səudiyyə Ərəbistanı, 6,8%-i Türkiyə, 6,4%-i Hindistan, 5%-i Küveyt, 5,3%-i Böyük Britaniya, 3,3%-i İran, 2,9%-i İsrail, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1,7%-i İraq, 1,5%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,6%-i Almaniya, 1,2%-i İtaliya, 1%-i Gürcüstan, 0,9%-i Bəhreyn, qalan 17,7%-i digər ölkələrdən gələnlərdir.

Azərbaycan Turizm və Menecment Universitetinin Otel və restoran işi kafedrasının müdiri, professor Novruz Quliyev AYNA-ya deyib ki, COVID-19 pandemiyasının mənfi təsirləri inkaredilməzdir: “Belə bir vəziyyətdə otellərin ciddi itkilərlə üzləşdiyi və üzləşə biləcəyi aydındır. Sərhəd keçid məhdudiyyətləri qaldırıldıqdan sonra ənənəvi turist axınlarının dərhal bərpa ediləcəyi də şübhə doğurur. Şübhəsiz ki, böhran insanların istehlak vərdişlərinə təsir göstərir. Buna görə çətin anlarda insanların xaricə səyahətinə qənaət etməsi ehtimalı böyükdür”.

Beləliklə, təhlildə verilən rəqəmlər yalnız başlanğıcdır. Bəlkə də otel sənayesinə daha bir zərbə daxili turizmin tam düşməsi olacaq. COVID-19 pandemiyasının mehmanxana dövriyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olması Azərbaycanda birdəfəlik otel tutumundan istifadə səviyyəsi ilə də isbatlanır.

Statistikaya görə, bu ilin altı ayında Respublikada otellərin ortalama dolma nisbəti keçən ilin yanvar-iyun aylarındakı 21,6%-ə qarşı 7.6%, o cümlədən Naftalanda 21,7%, Beyləqanda 21,8% təşkil edib. Bu göstərici Qusarda 13,6%, Şabranda 12,8%, Qubada 11,8%, Bakıda 11,4%, Naxçıvan Muxtar Respublikasında 8,3% təşkil edib. Dolğunluğun azalması otelçilərin gəlirlərinin kəskin azalmasına səbəb olub.

Dövlət Statistika Komitəsi qeyd edir ki, bütün göstəricilərin azalmasına, dünyada turizm sənayesinə ciddi mənfi təsir göstərən koronavirus pandemiyası səbəb olub. Pandemiya səbəbi ilə karantində olanların bir qismi Bakı şəhəri və bölgələrdəki otellərdə yerləşdirildi. Onların saxlanması və yemək xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Bununla yanaşı, hökumət onların sayı, otel müəssisələrində yaşayış və yemək dəyəri barədə məlumat vermir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.