SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hardasan Cəlal İsayev? - Baş infeksionist mətbuatdan niyə yan gəzir?

Hardasan Cəlal İsayev? - Baş infeksionist mətbuatdan niyə yan gəzir?

Tarix:

10-06-2020, 09:24

/ 1 004 dəfə oxundu.
Hardasan Cəlal İsayev? - Baş infeksionist mətbuatdan niyə yan gəzir?

Dünya koronavirusla mübarizə aparır.

Ölkələr yoluxma sayını minimuma endirmək üçün bütün mümkün tədbirləri görür, ictimaiyyəti məlumatlandırır, sosial şəbəkələr, media virusla mübarizədə hökumətlərin və qurumların ən yaxın əməkdaşına çevrilib. Azərbaycanda da koronavirusla mübarizə tədbirləri çirçivəsində zaman-zaman sərt tədbirlərin şahidi oluruq.

Xüsusi karantin rejiminin yumşaldılmasının dayandırılması, həftəsonu qadağalarla bağlı verilən qərar təbii ki, əhalidə müəyyən narahatlıq yaradıb və bu narahatlığın aradan qaldırılması üçün KİV ictimaiyyətlə rəsmi qurumlar, həmin qurumların yüksək vəzifəli şəxsləri arasında vasitəçilik funkisyasını indi daha ciddi cəhdlə yerinə yetirməlidir.

Ancaq təəssüf ki, informasiya təminatı baxımından heç də həmişə medianın istədiyi olmur, cəhd etdiyi alınmır. Bəziləri hələ də istənilən informasiyanı qorunması vacib dövlət sirri ilə səhv salaraq, əslində ictimai rəydə yanlış anlaşılmalara rəvac verdiklərinin, bununla da hökumətin koronavirusla mübarizəyə dair tədbirlərinin effektivliyini azaltdıqlarının fərqində olmurlar. Yaxud fərqində olsalar da, münasibəti müsbətə dəyişməyə cəhd göstərmirlər.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev də son günlər mətbuatdan kənar gəzənlər arasındadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olan Cəlal İsayev son günlər ona ünvanlanan suallara cavab verməkdən yayınır. Əvvəlki günlərdə vaxt məhdudiyyətini səbəb gətirən və danışmaqdan imtina edən baş infeksionist bu gün Cebhe.info əməkdaşına hörmətsizlik edərək, sualı sona qədər dinləməyib.

“De... tez ol, həə, sonra! Sonra! Eeeee”,- deyə qışqıraraq bağlantını yarımçıq kəsib.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyası aşkar ediləndən sonra infeksiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah hər həftə brifinq keçirir, jurnalistlərə suallarına cavab almaq üçün şərait yaradılır. Ancaq brifinqlər arasındakı zamanlarda (bu isə azı bir neçə gün çəkir) yaranmış suallar aidiyyatı üzrə qurumlara, onların rəsmi şəxslərinə ünvanlanmalıdır. Hər halda ictimaiyyəti növbəti brifinqə qədər məlumatsız qoymaq olmaz və heç rəsmi qurumlar da bunu istəməz. Çünki bu, yanlış informasiyanın ayaq açmasına səbəb olar və nəticədə ilkin informasiyadakı yanlışlığı aradan qaldırmaq üçün neçə-neçə sonrakı informasiya heç bir təsir qüvvəsinə malik olmaz. Ancaq nədənsə əvəllər mətbuatdan gen gəzməyən, hətta Cebhe.info da daxil olmaqla geniş müsahibələr verən baş infeksionist indiki daha həssas zamanda (yumşaldılma tədbirlərinin təxirə salındığı, yoluxma sayının kəskin artdığı, sağalanların sayının azaldığı bu həssas dönəmdə) mətbuatla arasında baryer qurmağa başlayıb. Günlərlə zənglərə cavab verməyən, telefonu açdığı zaman isə “vaxtım yoxdur” deyən baş infeksionistin bu münasibətini gərgin iş rejimi ilə əlaqələndirə bilərdik. Amma heç bir halda bu, mətbuatın suallarından yayınmağa və ya kobudluq nümayiş etdirməyə əsas vermir.

Alçina Amilqızı
Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ