SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Sərt karantin rejiminə yenidən keçmək lazım olacaq"

"Sərt karantin rejiminə yenidən keçmək lazım olacaq"

Tarix:

7-05-2020, 01:02

/ 1 181 dəfə oxundu.
"Sərt karantin rejiminə yenidən keçmək lazım olacaq"

"Əgər bu templə bir həftə də davam etsə"...
“Koronavirus pandemiyası dünya üçün çox ciddi bir təhlükədir. Bunu hər birimiz bilməliyik. Virusun xarakteri və mənşəyi dəqiq məlum deyil. Bu baxımdan ondan qorunmaq üçün izolyasiya tədbirləri uzun müddət gündəmdə qalmalıdır. Azərbaycanın bəzi bölgələrində karantin rejimi aradan qaldırılıb, bəzilərində isə yüngülləşdirilməsinə baxmayaraq vətəndaşlarımız sosial izolyasiya tədbirlərinə ciddi əməl etməlidirlər. İnsanlar bir-birləri ilə sosial məsafəni saxlamalıdır. Küçəyə çıxanda əlcək və maskadan mütləq istifadə etməlidir. Əllər tez-tez dezinfeksiya edilməlidir və ehtiyac olmadığı halda xüsusilə 65 yaşdan yuxarı şəxslər küçəyə çıxmamalıdır. Bu çox təhlükəlidir”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əlavə edib ki, əgər bu templə bir həftə də davam etsə, sərt karantin rejiminə yenidən keçmək lazım olacaq:

“Son bir neçə gündə karantin rejiminin yüngülləşdirilməsi ilə əlaqədar olaraq vətəndaşlarımız demək olar ki, mühafizə və sosial izolyasiya tədbirlərini çox ciddi şəkildə pozurlar. Əlcək və maska kimi mühafizə vasitələrindən istifadə etmirlər, lazım olmadığı hallarda bir yerə toplaşırlar. Buna görə də son günlərdə virusa yoluxmalarda artım müşahidə olunur. Bu bizim hər birimizi narahat edir. Əgər bu şəkildə davam edərsə, heç şübhəsiz ki, ciddi karantin rejiminə yenidən keçməyə məcbur olacağıq. Bu da vətəndaşlarımızın psixoloji və sosial vəziyyətini bir qədər də gərginləşdirəcək. Bundan əlavə, karantin rejimi uzanarsa iqtisadiyyata da mənfi təsirləri olacaq. Bu səbəbdən də hər birimiz bu işdə məsuliyyətli olmalıyıq. Çalışmalıyıq ki, bu bəladan birlikdə xilas olaq. Bunun üçün də dövlətin qoyduğu qayda və qanunlara, xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tələb, tövsiyələrə hər birimiz ciddi şəkildə əməl etməliyik”.

Musa Quliyev qeyd edib ki, dövlətimiz bu sahədə olduqca böyük işlər görüb və çox gözəl də uğurlarımız var. Amma bu uğurların davamlı olması üçün və pandemiya ilə mübarizədə qələbə qazanmağımız üçün hər bir vətəndaş özünün məsuliyyətini dərk etməli, bu işə öz töhfəsini verməlidir:

“Bəzi insanlar fikirləşirlər ki, koronavirus bitib. Amma qeyd etmək istəyirəm ki, virus hələ bitməyib və uzun müddət dünyamızın səmasında dolaşacaq. Virusun hələ kimlərə hansı fəsadı gətirəcəyi də məlum deyil. Buna görə də ilk olaraq ölkəmizi qorumaqdan ötrü hər birimiz məsuliyyətli olmalıyıq. Bilməliyik ki, koronavirusun dərmanı və ya vaksini tapılana qədər ondan qorunmağın yeganə yolu sosial məsafəni gözləmək, maska, əlcək taxmaq, əlləri təmiz yumaq, ehtiyac olmadığı halda bir yerdə toplanmamaqdır. Bütün bunlara əməl etsək, qısa müddətdə karantin rejimindən çıxacağıq. Əgər əməl etməsək, çox ciddi fəsadlarla üzləşə bilərik ki, bunu da heç birimiz arzulamırıq”.

Şərhlər

XƏBƏR LENTİ