SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

Tarix:

7-04-2020, 18:24

/ 770 dəfə oxundu.
MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

Prezidetn İlham Əliyevin sərəncamı ilə Vüqar Səfərlinin Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən azad edilməsi, onun yerinə Əhməd İsmayılovun təyinat alması, eyni zamanda, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin İsmət Səttarovla əvəzlənməsi geniş müzakirə olunmaqdadır. Media və sosial şəbəkələrdə aparılan bu müzakirələrdə yeni təyinatların mətbuat və televiziyada keyfiyyət dəyişikliyinə nə dərəcədə təsir göstərəcəyi ətrafında qızğın fikir mübadiləsi aparılır, gözləntilər ifadə olunur.

Mövzu ilə bağlı Yenicag.az-a danışan professor Qulu Məhərrəmli bildirib ki, Vüqar Səfərli ilə Nuşirəvan Məhərrəmlinin media və televiziyanın inkişafına yönəlik hər hansı faydalı fəaliyyətləri olmadı:

“Əslində, dəyişikliklərin olması yaxşı haldır, amma hazırkı dəyişiklikləri gecikmiş hesab edirəm. Təəssüf ki, ölkəmizdə vəzifəyə təyin olunan şəxs ömür boyu o kresloda oturmaq istəyir. Həmin adamın əsas məqsədi vəzifəsinin tələb etdiyi şərtləri ödəmək deyil, kreslosunu qoruyub saxlamaq olur.

Vüqar Səfərli və Nuşirəvan Məhərrəmlinin vəzifədən çıxarılması da belədir. Düzdür, bu məmurlar arasında müəyyən fərqlər var. Nuşirəvan Məhərrəmli hər halda ziyalıdır, müəyyən mənada nüfuzu var. Bir məmur kimi çox qıcıqlandırıcı davranışlara yol verməyib.

Bütün hallarda sözügedən məmurlar faktiki olaraq, media və televiziyanın xeyrinə olmayan şərtlərin reallaşmasında iştirak ediblər. Bu baxımdan, yeni təyin olunan şəxslərə ümidlərimiz var ki, fərqlilik gətirsinlər, media və televiziyanın konseptual inkişafında əsaslı addımlar atsınlar. O qurumları indiki ətalət vəziyyətindən çıxararaq, lazımlı orqana çevirmək çox vacibdir”.

Televiziya mütəxəssisi Zeynal Məmmədli isə məlum dəyişikliklərlə bağlı Yenicag.az-a bildirib ki, bunlar sadəcə, məmur rotasiyasıdır və gözləntiləri doğruldacağı qeyri-müəyyəndir:

“Əsl dəyişiklik sistemin yenilənməsi sayılır və idarəetmədə yeniliyə gətirir. Sözügedən dəyişiklikdə isə heç bir yenilik yoxdur. Sadəcə olaraq, bir şəxs başqası ilə əvəz olunub.

Milli Televiziya və Radio Şurasına yeni təyin olunan İsmət Səttarovun media ilə bağlı müasir tələblərə nə dərəcədə uyğun gəldiyini bilmirəm. Yeni təyinat alan şəxslər barədə geniş məlumatım yoxdur, onları tanımıram”.

Jurnalist Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli isə saytımıza açıqlamasında vurğulayıb ki, haqqında danışılan kadr dəyişiklikləri media sahəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından, məqsədəuyğundur və bu yenilənmə prosesi davam edəcək:

“Nuşirəvan Məhərrəmli və Vüqar Səfərlinin öz vəzifələrində uzunmüddətli fəaliyyətləri olub. Hesab edirəm ki, hər iki şəxs fəaliyyətləri dövründə çalışdıqları sahənin oturuşmasına və müəyyən ənənənin formalaşmasına kifayət qədər töhfə veriblər.

Lakin istənilən halda dövr dəyişir və yeni tələblər ortaya çıxır, media sahəsində də yeniliyə ehtiyac yaranır. Yeni dövrün tələblərinə uyğun kadr əvəzləmələri olmalıdır və mediada da islahatlar prosesi artıq başlayıb.

Yenilənmə cənab prezident İlham Əliyevin siyasətində hər zaman mühüm yer tutub və Azərbaycanın inkişafında dövlət tələblərinə uyğunlaşmalar prioritetlər sırasında öndə gəlir. Bu baxımdan, yeni bilgilərin və dünyagörüşlərinin ortaya qoyulması öz müsbət təsirlərini göstərəcək”

Şərhlər

XƏBƏR LENTİ