SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Nəqliyyat Agentliyi: havaya sovrulan milyonlar, kütləvi narazılıqlar - İTTİHAM

Bakı Nəqliyyat Agentliyi: havaya sovrulan milyonlar, kütləvi narazılıqlar - İTTİHAM

Tarix:

17-03-2020, 10:48

/ 1 008 dəfə oxundu.
Bakı Nəqliyyat Agentliyi: havaya sovrulan milyonlar, kütləvi narazılıqlar - İTTİHAM

Fəaliyyətə başladığı ilk gündən cəmiyyətin bütün təbəqələri tərəfindən sərt tənqidlərə, qınaqlara tuş gələn Bakı Nəqliyyat Agentliyinin özbaşnalıqları, qıcıq doğuran əməlləri sərhəd tanımır. Əsas vəzifəsi Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz, rahat hərəkətini təmin etmək olan agentliyin fəaliyyəti ilə bağlı xeyli vaxtdır ki, ictimaiyyət arasında müxtəlif iradlar səslənir. Hətta dövlət televiziyası və digər rəsmi KİV-lər belə BNA haqqında sərt tənqidlər səsləndirirlər. Di gəl ki, Vüsal Kərimlinin rəhbərlik etdiyi agentlik nəinki tənqidlərdən nəticə çıxarır, əksinə öz qanunsuz əməllərini bir az da artırır.

BNA-nın səlahiyyətində olan dayanma-durma qaydalarının pozulmasına görə, avtomobillərə cərimə yazılması ilə bağlı ciddi problemlər mövcuddur. Şəhərin mərkəz hissəsində avtomobil dayanacaqlarının təlabata uyğun olmaması, yəni infrastrukturun hələ də tam qaydaya salınmadığı bir vaxtda BNA-nın sürücüləri cərimələməsi ciddi narazılıqlara səbəb olur. Paytaxtda sürücülərin yeri gəldi-gəlmədi, haqq-nahaq, addımbaşı cərimələnməsinə yönəlik bu antifəaliyyətin ağrısını təbii ki, daha çox sıravi vətəndaşlar, xüsusilə də sürücülər çəkməli olurlar. Artıq vəziyyət o qədər dözülməz, ciddi hal alıb ki, BNA-nın fəaliyyətindəki nöqsanları ictimaiyyət tərəfindən tanınmış şəxlər - ziyalılar, jurnalistlər, millət vəkilləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin dilə gətirirlər.

Agentliyin əməkdaşları paytaxt sakinlərinin əməlli-başlı kabusuna çevriliblər. BNA-nın gözəgörünməz işçiləri küçələri gəzərək avtomobillərə cərimə yazırlar.
Agentliyin əməkdaşları gündə yüzlərlə sürücüyə protokol yazıb, insanları incidirlər. Şikayət edənlərin hərəsinə də bir söz deyib, özlərini haqlı çıxarmağa çalışırlar. Valideyinlər məktəblərin qarşısına gəlib dərsdən çıxan uşaqlarını götürürlər, bunlar da valideynlərin başlarının üstünü kəsdirib protokol yazırlar. Toplanan külli miqdarda vəsaitin isə taleyi qaranlıqdır. BNA –nın “cərimələ siyasəti” əsl korrupsiya layihəsidir və milyonlarla vəsaitin şəxsi ciblərə axıdılmasına şərait yaradır.

Bakı Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir. Halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətindən isə danışmağa dəyməz. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artırır. Paytaxtın piyada zolaqları tamamilə görünməz durumdadır, avtobus dayanacaqları isə xeyli müddətdir yuyulub-təmizlənmir. Xüsusilə bütün dünyanın koronovirus təhlükəsi ilə üz-üzə qaldığı bu günlərdə BNA tərəfindən dezinfeksiya işləri olduqca bərbad, başdansovdu aparılır. İnsanlığın taleyinin sınağa çəkildiyi bu günlərdə ictimai nəqliyatda təmizlik, dezinfeksiya işləri yarıtmaz durumdadır. Cərimə yazmağa usta olan BNA əməkdaşları nədənsə insan talelərinə eyni həssaslığı göstərmir.

Agentliyin daha bir irimiqyaslı korrupsiya layihəsi nəticəsində 20 milyon manat dövlət vəsaiti havaya sovrulub. BNA nəqliyyatın intellektual idarəetmə sistemini təkmilləşdirmək üçün iki il öncə SİNAM şirkətinə bir ay ərzində təxminən 22 milyon manat vəsait verib. Təkcə sistemin ehtiyat variantı (backup) və videorabitə üçün SİNAM-a 20 milyon manat vəsait verilib. Lakin “dirilmə” indiyədək də baş verməyib.

Çünki 100 milyon vəsait xərclənən NİİS (Nəqliyyatı İntellektual İdarəetmə Sistemi) heç vaxt qarşıya qoyulan vəzifələri icra edə bilməyib və elə əvvəldən də iflas olmuşdu. Elə adi müşahidə ilə görmək olar ki, fiber-optik infrastrukturdan da əsər-əlamət qalmayıb. Maraqlıdır ki, BNA mövcud olmayan bir layihəyə təxminən 20 000 000 manat dövlət vəsaitini necə sərf edib?

Göründüyü kimi ölkədə ciddi islahatların aparıldığı,korrupsiyaya qarşı sanki müharibə getdiyi bir şəraitda BNA dövlətin imicinə zərbə vuran əməllərindən əl çəkmək niyyətində deyil. Cəmiyyətdə narazılıq doğuran, kütləvi etirazlarla qarşılanan bu əməllərə rəvac verməklə Vüsal Kərimli və əməkdaşları görəsən nəyə nail olmaq istəyirlər? Nəhayət ki, BuNA bir “DUR” deyən tapılacaqmı?
Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ