XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şirkətlərin yeni sığorta oyunu - Daha əl atmadıqları variant qalmayıb

Şirkətlərin yeni sığorta oyunu - Daha əl atmadıqları variant qalmayıb

Şirkətlərin yeni sığorta oyunu - Daha əl atmadıqları variant qalmayıb
8-01-2020, 11:05

Azərbaycanda əmlakın icbari sığortası ilə bağlı sığorta şirkətləri müxtəlif üsullara əl atıb. "Atəşgah" sığorta şirkətinin Mətbuat prospektində yerləşən filialından Sputnik Azərbaycan-ın əməkdaşına bildirilib ki, vətəndaş əmlakını sığorta etdirməsə işıq, su, qaz və sair kommunal xidmətlərə olan borcunu ödəyə bilməyəcək. Sığorta şirkətindən həmçinin bildiriblər ki, yanvarın 20-dək əmlak sığorta olunmasa cərimə tətbiq olunacaq. Qeyd edək ki, hazırda sığora şirkətlərinin bütün filiallarında əmlak sığortasına görə müştəri sıxlığı müşahidə olunur. Vətəndaşlar cərimədən ehtiyatlanaraq əmlak sığortası ödəmək üçün sığorta şirkətlərində növbəyə dayanıblar.

Sputnik Azərbaycan əmlak sığortası ilə bağlı yaranmış bu qaranlıq məqama aydınlıq gətirməyə çalışıb.

"Atəşgah" sığorta şirkətinin baş ofisindən Sputnik Azərbaycan-a bildiriblər ki, onlarda əmlak sığortası ödənilmədikdə kommunal borcların ödənilməsinə hər hansı məhdudiyyətin qoyulacağı barədə məlumat yoxdur: "Bizdə belə bir məlumat yoxdur. Əmlak sığortası icbaridir. Əmlak sığortalanmadığı halda hansı tədbirlərin görüləcəyini isə İcbari Sığorta Bürosundan dəqiqləşdirin".

İcbari Sığorta Bürosundan isə Sputnik Azərbaycan-a bildiriblər ki, əmlak sığortası icbaridir. Əmlakını sığorta etdirməyənləri isə yerli icra hakimiyyətləri cərimə edəcəklər: "Cərimə mexanizminin necə olacağını yerli icra orqanları bilir. Bu məsələnin bizə aidiyyəti yoxdur. Bizə bircə o məlumdur ki, əmlakın sığortasına görə cərimənin tətbiqi üçün elektron sistem hazırlanır".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də kommunal borcun ödənilməsinə əmlak sığortası üçün məhdudiyyətin qoyulacağı barədə məlumatların yalan olduğunu söyləyib. O bildirib ki, abonentlərə əmlaklarını sığorta etdirmədiyinə görə elektrik enerjisi borcunun ödənilməsinə heç kim qadağa qoya bilməz: "Abonentlər günün istənilən saatında onlayn yaxud da ödəmə aparatlarından borclarını ödəyə bilərlər. Bu cür məlumatlar kökündən yanlışdır".

İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, əmlak sığortasına görə kommunal xidmət haqqı borclarının ödənilməsinə məhdudiyyət məsələsi sığorta şirkətlərinin vətəndaşlar üzərindəki növbəti təyziqidir: "Sığorta şirkətləri hər vəchlə çalışırlar ki, vətəndaşlar əmlaklarını sığorta etdirsinlər. Bunun üçün isə müxtəlif sözlər uydururlar. Bir borca görə başqa bir borcun ödənilməsinə məhdudiyyətin qoyulacağı absurddur".
S.Əliyev bundan əlavə əmlakın icbari sığortasının illər öncə qüvvəyə mindiyini amma tətbiq olunmadığını deyir: "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib. Sığortanın ödənilməməsinə görə cərimə isə İnzibati Xətalar Məcəlləsinə 2015-ci ildən əlavə edilib. Amma bu günə qədər heç kəs əmlakını sığorta etdirmədiyinə görə cərimələnməyib. Çünki, bunun icra mexanizmi yoxdur. Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir. Azərbaycanda icrası icbari olan digər qanunları (məsələn, Mənzil Məcəlləsi) yada salan yoxdur, amma mənzillərin icbari sığortası məsələsi gündəmi zəbt edib. Öncədən deyim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir, dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur. Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.

Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs, ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq. Poseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji təyziq altında saxlayırlar. Ona görə də Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir. Çünki, sığorta şirkətlərinin fəaliyyəti artıq bu quruma tapşırılıb. Əmlakın sığortasının icbariliyi aradan qaldırılmalıdır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.