SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sığorta şirkətlərinin yeni fırıldağı – Bir mənzildən iki dəfə pul istəyirlər

Sığorta şirkətlərinin yeni fırıldağı – Bir mənzildən iki dəfə pul istəyirlər

Tarix:

10-01-2020, 12:55

/ 871 dəfə oxundu.
Sığorta şirkətlərinin yeni fırıldağı – Bir mənzildən iki dəfə pul istəyirlər

Azərbaycanda əmlakın icbari sığortası bir sıra mübahisəli məqamlara yol açıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ipotekada olan mənzillər banklar tərəfindən sığortalandığı halda, belə mənzillər də təkrar sığortaya cəlb olunur. Belə ki, sığorta şirkətləri ipoteka altında olan evlərə görə vətəndaşlardan təkrar icbari sığorta haqqı tələb edir.

Sputnik Azərbaycan bir neçə sığorta şirkəti ilə əlaqə saxlayaraq ipotekada olan mənzillərin icbari əmlak sığortasına cəlb edilməli olub-olmadığını araşdırıb. Sığorta şirkətlərindən verilən cavab isə demək olar ki, eyni olub: "Ev ipotekada olduğu zaman mənzil bank tərəfindən sığortaya cəlb edilir. Bu, könüllü sığortadır. İcbari əmlak sığortası isə icbari sığortadır. Ona görə də, bankın könüllü sığortaya cəlb etdiyi mənzil, təkrar icbari sığorta olunmalıdır".

İqtisadçı Rövşən Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ipoteka altında olan mənzilləri banklar riskdən qaçmaq üçün məcburi sığortaladır. Vətəndaş hər il mənzilin dəyərinin 0,6-0,7%-i qədər ipotekaya götürdüyü mənzilə görə sığorta haqqı ödəyir: "İndi isə sığorta şirkətləri vətəndaşa deyir ki, o sığortanın əmlakın icbari sığortasına aidiyyatı yoxdur. Ona görə də, qanunda göstərilməlidir ki, ipoteka altında olan və sığortalanan əmlak təkrarən sığortaya cəlb edilə bilməz. Mülki qanunvericliyə görə, vətəndaşdan eyni əməliyyata görə yalnız bir dəfə vergi, icbari ödəniş və ya xidmət haqqı alına bilər".

R. Ağayev bildirir ki, ipoteka altında olan və banklar tərəfindən onsuz da məcburi sığortalanan mənzillərin ipotekası bitmədiyi müddətdə mülkiyyət tam olaraq vətəndaşın sayılmır: "Sahibliyi tam ötürülməmiş mülkiyyətə görə icbari sığorta absurddur. Çünki vətəndaş onun üzərində əməliyyat apara bilmir, nə girov qoya, nə sata, nə də bağışlaya bilmir. Mülkiyyət hüququnun realllaşması üçün istənilən subyektin ona sahiblik və sərbəst sərəncamvermə hüququ olmalıdır. İpoteka sərəncamvermə hüququnu məhdudlaşdıran hüquqi rejimdir. Buna görə sahiblik də həmin rejim bitənə qədər formal xarakter daşıyır. İpoteka ilə alınmış mənzilə ziyan dəyirsə, sığorta hesabına həmin ziyan aradan qaldırılır və borclu yenə də öz borcunu ödəməyə davam edir".
R. Ağayev deyir ki, bu qanunsuzluğa görə, sığorta nəzarətini həyata keçirən Mərkəzi Bank təcili açıqlama verməlidir.

Banklarda ipotekada olan mənzillərin təkrar icbari əmlak sığortasına cəlb edilməsi ilə bağlı Sputnik Azərbaycan Mərkəzi Bank-a sorğu göndərib. Mərkəzi Bankdan bildirildi ki, bununla bağlı hələlik dəqiqləşdirilmə aparılır və qısa zamanda açıqlama veriləcək.

Şərhlər

XƏBƏR LENTİ