
Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasda bir sıra məsələlərə münasibət bildirilib. Həmçinin Vəkillər Kollegiyası Akademiyasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edib.
Bundan başqa, VK sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 4 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunaraq qərarlar qəbul edilib.