SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qadın da siqaret çəkirsə... - şok statistika

Qadın da siqaret çəkirsə... - şok statistika

Tarix:

2-12-2019, 11:44

/ 2 123 dəfə oxundu.
Qadın da siqaret çəkirsə... - şok statistika

Zərif cinsin nümayəndələri özlərinin və uşaqlarının həyatını bu zərərli vərdişlə necə qısaldırlar?..
Azərbaycanda siqaret çəkən qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər. Ölkədə 15-64 yaşlı kişilərin 0,9 faizi, 20-44 yaş qrupunda olan kişilərin 29,6 faizi, 45-64 yaş qrupu arasında olanların 51,2 faizi, 65 və yuxarı yaşda olan kişilərin isə 36,6 faizi siqaret çəkir. 65 və yuxarı yaşda olan qadınların isə 0,1 faizi siqaretdən istifadə edir. Əhalinin 35,9 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir.

Sosioloji rəy sorğuları göstərir ki, Azərbaycanda siqaret çəkən, içki içən, bəzi hallarda isə maşın idarə edən qadınlarla bağlı birmənalı fikir yoxdur. Sonuncularla bağlı büt az-çox qırılıb. Amma bunun da xüsusi səbəbi vardı. Belə ki, hazırda maşın sürən qadınların böyük əksəriyyətini əsasən ailəli, işgüzar xanımlar təşkil edir. Amma ölkədə bu dəbin düşdüyü ilk vaxtlar maşın sürən qadınların kimliyi, geyimi, həyat tərzi o qədər də xoş təəssürat doğurmurdu. Və bu, beyinlərə həkk olunduğu üçün sözügedən stereotip gec dağıldı.

Amma kafe-restoranda, yolda siqaret çəkən, əlində pivə butulkası olan qadınlara baxış neqativdir. Xüsusən güclü cinsin nümayəndələri bu cür mənzərəni görəndə həmin qadınlarla bağlı xoş olmayan fikrə düşür, bir çox hallarda ədəbsiz təkliflərdə bulunurlar. Buna görə də Azərbaycanda ictimai yerdə siqaret çəkən qadınlar nisbətən azlıq təşkil edir. İctimai rəyi nəzərə alanların böyük əksəriyyəti bunu ayaqyolunda və ya insanların nisbətən az olduğu yerlərdə, qapalı kabinalarda edirlər.

Təbii ki, siqaret çəkən qadınla bunu edən kişi eyni dərəcədə orqanizminə ziyan vurur. Amma qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusilə zərərli edir. Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.

Siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə var. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır.

Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişikliyə uğrayır və yeni kimyəvi maddələr yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.

Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu, 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq.

Siqaret çəkən qadınlarda döş xərçəngi riski böyükdür

Siqaret eyni zamanda, bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb. Aparılmış yeni tədqiqatlara əsasən həyatları boyunca 100-dən artıq siqaret çəkən qadınlarda 30% döş xərçənginin yaranması ehtimalı var. Tədqiqatlar həmçinin aşkar edib ki, 10 il müddətində günə bir qutu siqaret çəkən 20 və 44 yaş arası qadınlarda döş xərçənginin geniş yayılmış formasının yaranması ehtimalı 60%-dir.

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki, hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür. Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur. Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaş arası yüz min qadının iştirak etdiyi böyük milli tədqiqatın nəticələrini təhlil ediblər. Müəyyən edilib ki, hətta gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər yüksəkdir. Alimlərin də təsdiq etdiyi kimi, ani ürək ölümü qeyri-sağlam həyat tərzinin nəticəsi olan ürək problemlərinin nəticəsi kimi meydana çıxır. Tədqiqatçılar ani ürək ölümünün qarşısını maksimum ölçüdə almaq üçün mütləq qaydada dərhal siqaret çəkməyin tərk edilməli lazım olduğunu bildiriblər.

Siqaret çəkən qadın çəkməyənlərlə müqayisədə... ömrünü 10 il qısaldır

Yeni tədqiqata əsasən, indi siqaretçəkən qadınların 1960-cı illərdəki vəziyyətlə müqayisədə siqaretdən ölmək riski artıb. Müasir qadınların siqaretə daha gənc yaşlarından aludə olması və daha çox siqaret çəkmələri belələri arasında ciyər xərçəngi riskinin kəskin artmasının əsas səbəblərindən biri sayılır.

“New England Journal of Medicine” dərgisinin məlumatına əsasən, siqaret çəkən qadınlar arasında ölüm əmsalı siqaret çəkən kişilər arasındakı eyni göstəriciyədək yüksəlib. Tədqiqatın nəticələri ABŞ-da siqaret çəkən 2 milyonadək qadının müayinəsi məlumatlarına əsaslanıb. Qadınların siqaretə ilk kütləvi aludəçiliyi 1950-60-cı illərə təsadüf edir. Həmin illərdə siqaret çəkən qadınların çəkməyənlərə nisbətən ciyər xərçəngindən ölmək ehtimalı 3 dəfə artıq idi.

2000-2010-cu illərdə siqaret çəkənlərin tibbi müayinələrinin nəticələri onların çəkməyən qadınlara nisbətən ciyər xərçəngi xəstəliyinə tutulma riskinin 25 dəfə artıq olmasını aşkar edib. Bu nəticə kişilər arasında aparılmış müşahidələrin nəticələrini təkrarlayır. Belə ki, siqaret çəkən kişilər üçün çəkməyənlərə nisbətən ciyər xərçəngi riskinin eyni əmsalı 1980-ci illərə təsadüf etmişdi. “Siqaret çəkən qadınların səhhəti üçün təhlükə onilliklər ərzində artmaqda davam edib, baxmayaraq ki, qadınlar əsasən yüngül və nikotin və qır faizi aşağı olan siqaret çəkir” - aparılmış tədqiqatın rəhbəri doktor Michael Thun deyib.

“Beləliklə, ”yüngül" siqaret növləri nəinki qadınlarda ciyər xərcəngi riskinin kəskin artmasının qarşısını almır, əksinə, həmin növ siqaretlər xroniki abstruktiv ciyər xəstəliyindən ölüm hallarını artırır, çünki yüngül siqaret çəkənlər öyrəşdikləri nikotin dozasını almaq üçün siqaret tüstüsünü daha dərindən udaraq nəfəslə birgə ciyərin daha dərin qatlarına çəkirlər".

Araşdırmalara əsasən siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən ömürlərini orta hesabla 10 il qısadırlar. Lakin çəkməyi 30 yaşınadək tərgidənlər siqaretlə əlaqəli xəstəliklərdən ölüm riskini demək olar ki, tamamilə azaldırlar. Siqareti 40 yaşınadək tərgidənlərin isə ömrü orta hesabla çəkməyənlərə nisbətən 1 il qısala bilər. Oxford Universitetindən Professor Richard Peto bununla əlaqədar deyib ki, “əgər qadınlar kişilər kimi siqaret çəkirlərsə, onda onlar siqaretdən də kişilər kimi öləcəklər”.

Siqaret çəkən hamilə qadınların bətnindəki körpələr ağız və burunlarına daha çox toxunurlar. İngiltərənin “Daily Mail” qəzeti siqaret çəkən və çəkməyən hamilə qadınların bətnindəki körpələrin 4 D ultrasəs görüntülərini yayımlayıb. Görüntülərdən də aydın olur ki, siqaret çəkən qadınların bətnindəki körpələr daha çox üzlərinə (ağız və buruna) toxunurlar ki, bu da onların inkişafına mane olur.

Qadınlar siqareti daha çətin atır, nəinki kişilər

Kanadadakı Müqəddəs Mixail hospitalının müətəxəssislərinin araşdırmasına görə, qadınlar siqareti atmaq üçün daha çox çətinlik çəkir. Onlar kişilərlə müqayisədə iki dəfə çox əziyyət çəkirlər. Araşdırmada 233 nəfər iştirak edib. Onların orta yaşı 56 olub. Bu adamlara hər gün siqaret əleyhinə dərman verilirmiş. Yarım ildən sonra kişilərdən 58-i (25 faiz) siqaret atmağı bacarıb. 68 kişi isə (29 faiz) çəkdiyi siqaret sayını kəskin azaldıb. Qadınlar bu istiqamətdə kişilər qədər uğurlu olmayıb. Onların yalnız 21 faizi ya siqareti atmağı, ya da sayı azaltmağı bacarıb.

Siqaret çəkən qadının uşağı... cinayətə meyilli olur

Harvardda təcrübə aparan alimlər, hamiləlik zamanı siqaret çəkən qadınların dünyaya gətirdikləri körpədə cinayətə qarşı meylin daha da çox olmasını sübut edib. Bu barədə “The Telegraph” məlumat verib.

Araşdırmaçılar 1959-1966-cı illər ərzində doğulan körpələrin, həmçinin onların analarının məlumatlarını analiz ediblər. Bu qənaətə gəliblər ki, siqaret çəkən qadınların körpələrində antisosial davranışlar üç qat daha çox baş verir.

Araşdırma müəlliflərindən olan professor Ceyms Uolker deyib: “Biz hələ dəqiq çıxarış edə bilmirik - baxmayaraq ki, hər şey tamamilə məntiqi cəhətdən düzdür. Axı siqaretdə çoxlu zəhərləyici maddələr var ki bu da dölün inkişafına təsir edir. Əksər vaxtlarda bu zəhərləyici maddələr gələcək körpənin əsəb sisteminə təsir göstərir. İndi ancaq bir şey demək olar ki, qadınlara hamiləlik dövründə siqaret çəkmək zərərlidir”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ