SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Milyardlarla vəsait qoyulan sənaye parkları niyə rentabelli çalışmır?

Milyardlarla vəsait qoyulan sənaye parkları niyə rentabelli çalışmır?

Tarix:

15-11-2019, 12:32

/ 584 dəfə oxundu.
Milyardlarla vəsait qoyulan sənaye parkları niyə rentabelli çalışmır?

Hökümət rentabelli olmayan istehsal sahələrini hansı iqtisadi qanunlar əsasında yaradır və bu sahələrə niyə bu qədər böyük sərmayələr qoyulur?
İqtisadçı ekspert: “Milyardlarla vəsait qoyuldu, infrastruktur quruldu və həmin sənaye parklarında yenə dövlətin özünün hegamon olduğu, dövlətin özünün əsas oyunçu olduğu müəssisələr yaradıldı”.

“Vahid müəllim çox doğru qeyd edib ki, bu qədər investisiya qoyulursa, bu qədər vəsait xərclənirsə, bunun ixracatda, daxili istehsalatda payı yoxdursa, bu qədər vəsaitin göyə sovrulmasının nə anlamı və mənası var?”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli sərmayələr qoyulan sənaye parklarının rentabelli çalışmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Vahid Əhmədov Milli Məclisdə büdcə müzakirələri zamanı sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib: “Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.

Belə böyük sərmayələr qoyulan istehsal sahələrinin rentabelli çalışmamasını nəylə əlaqələndirmək olar? Ümumiyyətlə hökümət rentabelli olmayan istehsal sahələri hansı iqtisadi qanunlar əsasında yaradır və bu sahələrə niyə bu qədər böyük sərmayələr qoyulur?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Sənaye parklarının ideyasını indi qoyulan vəsaitlə xilas etmək mümkündür”.

Sənaye parklarında əsas oyunçu və hərəkətverici qüvvənin dövlət olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu heç də biznes təfəkkürünə uyğun deyil. Natiq Cəfərlinin fikrincə bu tipli sənaye müəssisələri artıq 21-ci əsrin məhsulu deyil. 21-ci əsrdə bu artıq köhnəlmiş bir sistemdir:

“Bu sənaye parklarında yenə əsas oyunçu və hərəkətverici qüvvə dövlətdir. Yəni dövlət müəssisələri və yaxud dövlətin dəstəyi ilə açılan müəssisələrdir. Bu da biznes təfəkkürünə uyğun deyil. Bu tipli sənaye müəssisələri artıq 21-ci əsrin məhsulu deyil. 21-ci əsrdə bu artıq köhnəlmiş bir sistemdir, metadalogiyadır. Bu daha çox 20-ci əsrdə əsasən də Asiya ölkələrində sınaqdan keçmiş bir metoddur. Çində, Vyetnamda belə bir yeni sənaye parkları yaradılırdı. Bu Sənaye parkları da xarici investorlar üçün nəzərdə tutulurdu. Onlar orada fabriklər, zavodlar qururdular. Müəyyən vergi güzəştləri nəticəsində də həmin zavodlar, fabriklərdən minlərlərlə, on minlərlə işçi işə alırdılar və həmin ölkələrin iqtisadiyyatında, ixracatında mühum rol oynayırdılar.

Bizdə isə tamamilə məntiqsiz bir yanaşma ortalığa çıxdı. Milyardlarla vəsait qoyuldu, infrastruktur quruldu və həmin sənaye parklarında yenə dövlətin özünün hegamon olduğu, dövlətin özünün əsas oyunçu olduğu müəssisələr yaradıldı. Məsələn Neftçalada açılan avtomabil zavodu bunun bariz nümunəsidir. Heç bir mənası olmayan, ancaq yığım sexi kimi fəaliyyət göstərən müəssisələrin olması ümumiyyətlə məntiqsizlikdir, həm də ölkədən valyuta çıxarılmasına xidmət edir. Çünki detallar xarici valyuta ilə alınır.

Natiq Cəfərli: “Bu məsələyə ilkin baxışdan yanlış yanaşma olduğu üçün indi belə bir vəziyyətin yaranıb”.

Həmin yanaşma digər sahələrdə də mövcuddur. Buna görə də sənaye parkları ideyası köhnəldiyi üçün, artıq bütün ölkə həmin prinsiplərlə işləməlidir. Yəni vergi güzəştləri bütün ölkə ərazisində sənayeyə yönəlməlidir. Həmçinin istehsalla məşğul olan, xarici investrların gəlməsinə xidmət edən sahələrə yönəlməlidir.

Azərbaycanda isə həmin müəssisənin harada açılacağının fərqi yoxdur. Amma sənaye parklarının ideyasını indi qoyulan vəsaitlə xilas etmək mümkündür. Sənaye parkları əsasən xarici investrlar üçün açıq elan olunmalıdır və orada fəaliyyət göstərən xarici investrlara ən azı dövlət zəmanəti ilə 10 il zəmanət verilməlidir. Bunun 5 ili ümumiyyətlə vergi güzəştləri ilə olmalıdır.

Buna görə də Vahid müəllim çox doğru qeyd edib ki, bu qədər investisiya qoyulursa, bu qədər vəsait xərclənirsə, bunun ixracatda, daxili istehsalatda payı yoxdursa, bu qədər vəsaitin göyə sovrulmasının nə anlamı və mənası var? Bu məsələyə ilkin baxışdan yanlış yanaşma olduğu üçün indi belə bir vəziyyətin yaranıb. Hesab edirəm ki, bu yanaşma kökündən dəyişdirilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ