SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tikinti işbazlarına “Stop!”: Nəzarət və cəza bir arada - GƏLİŞMƏ

Tikinti işbazlarına “Stop!”: Nəzarət və cəza bir arada - GƏLİŞMƏ

Tarix:

7-11-2019, 09:26

/ 842 dəfə oxundu.
Tikinti işbazlarına “Stop!”: Nəzarət və cəza bir arada - GƏLİŞMƏ

Bakıda tarixi abidələrin məhv edilməsi ilə bağlı illərdir həyəcan təbili çalınır.

“İçərişəhər”in sökülməsinə hələ Sovet dönəmindən başlanmışdı və bu məsələ həmin dövrdə çəkilən filmlərimizdə də yer alıb. Prezident İlham Əliyev də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bu məsələyə toxunub:

“Tarixi binaları söküb yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz”.

Qeyd edək ki, tarixi abidələrimiz Nazirlər Kabineti tərəfindən siyahıya alınıb. Nazirlər Kabinetinin 2001-ci ildə verdiyi qərarla siyahıya daxil olmuş binalar abidə kimi dövlət tərəfindən qorunur. Bununla belə, tarixi abidələrin qorunması ilə bağlı problem təkcə paytaxt Bakı üçün deyil, həm də regionlarımız üçün aktualdır.

Memar Aytəkin İmranova “Cümhuriyət”qəzetinə açıqlamasında bildirib ki, tarixi mədəni irsin qorunması məsələsində ciddi problemlər var:

“Tarixi binaların siyahısını tərtib edən Nazirlər Kabineti, müvafiq icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin müvafiq şöbələri bu məsələdə məsuliyyət daşıyırlar. “Bakıda artıq nə qalıb ki?” desəm ,yalan olmaz. Mədəni irsin qorunması mütəxəssislərin öhdəsinə buraxılmalıdır. Vaxtilə mövcud olan sturukturu da dağıtdılar, bərpa üzrə komitə, emalatxanalar var idi. İkinci tərəfdən, əgər qanunda həmin abidələrin qorunması varsa, niyə buna riayət olunmamalıdır və hər dəfə tapşırıqlar verilməlidir. Doğrudur, mən hər şeyin turist üçün nəzərdə tutulmasının əlehinəyəm, amma məgər gələn turistlər göydələnlərə baxır? Turistləri millətə mənsub olan tarix maraqlandırır. Bu, hansısa məmurun öhdəsinə buraxılacaq məsələ deyil. Məmur mütəxəssis olmaya bilər. Nazirlər Kabinetinin siyahısında olan onlarla, bəlkə də yüzlərlə abidə artıq yoxdur”.

Memar bildirib ki, tarixi abidələrin qorunması ilə konseptual olaraq məşğul olmaq lazımdır:

“Dünyada bununla bağlı xüsusi metodologiyalar var. Avropanın, Asiyanın tarixi mərkəzlərinə nəzər salsaq, bir yerdə belə hündürmərtəbəli binanın tikildiyini görmərik. Məgər Brüsseldə, Londonda bunun üçün vəsaitmi yoxdur. İstanbulun tarixi abidələrini mamır basıb, məgər onlar bunu “qaşıya” bilməzlərmi. Bizim məmurlar xarici ölkələrə gedəndə bunlara diqqətlə baxsınlar. Tarixi abidələrimiz məhv edilir. Azıx mağarası, Zəngilan diyarşünaslıq muzeyindəki qədim abidələr işğal alltında qaldı. İçərişəhər guya ki, qorunur, görülən bərpa işlərinə baxaq, hər gələn məmur bir cür əmr verir, necə gəldi üzləyirlər və tarixilikdən əsər-əlamət qalmır. Tarixi abidənin bərpası onun ilkin tarixi görünüşünün qaytarılmasıdır. Vaxtilə bunun üçün arxivləri araşdırır, layihələrini axtarıb tapırdıq. Heç bir formada bərpa işlərində qaydalara əməl olunmur. Niyə hindürmərtəbəli binaları mikrorayonlarda yox, mərkəzdə tikirlər. Bir qədər regionlarda tarixilik qalır. Rayonlarda bərpa olunmasa da, dağıtmırlar. Görünür, rayonlarda Bakı qədər kommersiya maraqları yoxdur. Amma bununla belə, Dərbənd, Şamaxı, Naxçıvan, Qazaxda onlarla tariximizi basdırmışıq.

Memarın fikrincə, tarixi abidələrin qorunma sistemi ilə yanaşı, həm də nəzarət, cəzaladırılma mexanizmləri də olmalıdır.

Şərhlər

XƏBƏR LENTİ