XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Azəriqazbank” şəhid atasına kredit vermir - Müraciət

“Azəriqazbank” şəhid atasına kredit vermir - Müraciət

“Azəriqazbank” şəhid atasına kredit vermir - Müraciət
2-03-2018, 09:31

Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. İstiqlal.az xəbər verir ki, Əli Hüseynov müraciətində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondudan şikayət edir. Əli Hüseynov yazır:
“Hörmətli prezident və Hörmətli Mehriban xanım Əliyeva, oğlum Ramil Hüseynov fermer təsərrüfatı ilə məşğul olan sahibkardır. 2014-cü ilin noyabr ayında iqtisadiyyat nazirinin qəbulunda olub. O, təsərrüfatını genişləndirmək üçün, Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılmasını xahiş edib. Oğlum lazım olan bütün sənədləri toplasa da, evini girov kimi təqdim etsə də, “Azəriqazbank” ona kredit ayırmaqdan imtina edib. Nəticədə fermer təsərrüfatı ilə bağlı layihəyə ciddi zərbə dəyib.

2014-cü ildən bu yana mən şəhid atası kimi süründürməçiliyə məruz qalmışam, təsərrüfat demək olar ki, iflasa uğrayıb.

Sizdən xahişim budur ki, İqtisadiyyat Naziriliyinə qoyduğum girov müqabilində mənə kredit ayırması üçün göstəriş verəsiniz.

Cənab prezident, mən Sizin sahibkarlığın inkişafı ilə bağlı sərəncamlarınızdan, gördüyünüz tədbirlərdən yararlanaraq bir sahibkar kimi xalqıma, dövlətimin inkişafına öz töhfəmi vermək istəyirəm.

Məcburiyyət qarşısında qalıb Sizi Allaha və Ulu öndərimiz Heydər Əliyevin ruhuna and verirəm ki, bu müraciətimi dərindən araşdırıb bizi qəbul edəsiniz və dinləyəsiniz. Siz onda şahid olacaqsınız ki, Sahibkalığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev şəhid ailəsinin başına nə oyunlar gətirib.

Görün indi şəhid ailəsi olmayan sahibkarlar hansı zülmü çəkir.

Cənab prezident, qarşıda prezident seçkiləri gəlir, bilirəm ki, çox məşğulsunuz. Ona görə də xahiş edirəm ki, heç olmasa iqtisadiyyat nazirinin məni qəbul etməsinə göstəriş verəsiniz.
Hörmətli Mehriban xanım, Sizdən isə bir şəhid atası kimi məni şəxsən qəbul etmənizi, bu mümkün deyilsə, o zaman müraciətimi cavablandırmağınızı xahiş edirəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.