SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özəl məktəblərdə təhsilin qiyməti - İli 20 min manat (ARAŞDIRMA)

Özəl məktəblərdə təhsilin qiyməti - İli 20 min manat (ARAŞDIRMA)

Tarix:

23-02-2018, 16:16

/ 4 039 dəfə oxundu.
Özəl məktəblərdə təhsilin qiyməti - İli 20 min manat (ARAŞDIRMA)

Azərbaycanda 9 ümumtəhsil məktəbində tədris xarici dillərdə aparılır. Həmin özəl məktəblərdən biri Şəmkirdə, 8-i isə Bakıda fəaliyyət göstərir. Onlardan 6-da ingilis, 1-də rus, 1-də fransız, 1-də türk dilində tədris aparılır.

AzVision.az tədrisin xarici dildə aparıldığı həmin məktəblərdəki illik təhsil haqları ilə maraqlanıb.

Baku Oxford School tam orta ümumtəhsil məktəbi MMC-də (ingilis) hazırda 585 şagird təhsil alır. Məktəbin illik təhsil haqqısı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinifə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir.

Baku Oxford Schoolun Şəmkir filialında isə (ingilis) 207 şagird təhsil alır. Məktəbdə illik təhsil haqqı hazırda 6500 manatdır, sentyabrdan isə bu məbləğ 7000 manat olacaq. Məktəbə bir evdən iki uşaq gedəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci sinifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar.

Bakı Fransız Liseyi Təhsil Kompleksində (fransız) 105 şagird təhsil alır. Burada ibtidai siniflərdə təhsil haqqı 13000 manat, aylıq 1300 manatdır. Yuxarı siniflər üçün illik təhsil haqqı 14000, aylıq isə 1400 manat təşkil edir.

BAKI İstedadlar və Təhsil Kompleksində 446 şagird ingilis dilində təhsil alır. Burada ibtidai siniflər üçün illik təhsil haqqı 14900, yuxarı bölmə üçün 15900 manatdır. Güzəşt yalnız SOCAR işçilərinə tətbiq edilir.

Odlar Yurdu universitetinin İnnovasiya məktəbində (British School) (ingilis) 388 şagird təhsil alır. Burada təhsil haqları yerli və əcnəbi müəllimlərin dərs deməyindən asılı olaraq dəyişir. Belə ki, 1-ci sinifdən 6-cı sinifə qədər olan dövrdə yerli müəllimlər tərəfindən dərs deyildikdə illik təhsil haqqı 16500 manat, əcnəbi müəllimlər tərəfindən dərs deyildikdə isə illik təhsil haqqı 18500 manatdır. Yuxarı siniflərdə müvafiq olaraq illik təhsil haqqı 17500 və 19500 (təxmini 20 min) manatdır. Tədris ingilis dilindədir, fərq sadəcə müəllimlərdədir.

Oxbridge Academy (ingilis) məktəbində 183 şagird təhsil alır. Burada 1-ci sinifdən başlayaraq 6-ci sinifə qədər (6-cı sinif də daxil olmaqla) illik təhsil haqqı 6500 dollardır (hazırkı məzənnə ilə 11050 manat). 7,8,9-cu siniflər üzrə 7500 dollar (hazırkı məzənnə ilə 12750 manat), 10 və 11-ci siniflər üzrə isə 8500 dollar (hazırkı məzənnə ilə 14450 manat), 12,13-cu siniflər isə 10500 dollardır (hazırkı məzənnə ilə 17851 manat).

SABİS SUN İnternational school–da (ingilis) 269 şagird təhsil alır. Burada illik təhsil haqqı 1-ci sinifdən başlayaraq 10-cu sinifə qədər hər sinif üzrə artımla müşahidə olunur. Belə ki, hər sinif üzrə təhsil haqlarında 100-200 manat fərq olur. Ümumilikdə isə məktəbdə minimum təhsil haqqı 12100 manatdan başlayır (birinci sinifdə). Maksimum qiymət isə 10-cu sinifdə 13379 manatdır.

Xabad Or Avner tədris kompleksində (rus) 106 şagird oxuyur. Burada yalnız yəhudi uşaqları təhsil alır və humanitar məktəb olduğu üçün burada təhsil haqqı yoxdur. "Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və "Or-Avner” Fondu tərəfindən inşa edilib.

Bakı Atatürk Liseyində (türk) 559 şagird təhsil alır. Orada birinci il üçün illik təhsil haqqı 2000 manat, növbəti ildən isə 1000 manatdır. Liseydə tədris 3 hissəyə bölünür: 1-ci sinifdən 5-ci sinifə qədər, 5-ci sinifdən 8-ci sinifə qədər, 9-ci sinifdən 11-ci sinifə qədər. Dövrlər üzrə bağlanan müqaviləyə əsasən təhsil haqqları ödənilir. Müqavilə bitəndən sonra artım olarsa, bu, nəzərə alınır.

Şərhlər

XƏBƏR LENTİ