SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ovçular ət və ət məhsulları” MMC-dən təkzib gəldi

"Ovçular ət və ət məhsulları” MMC-dən təkzib gəldi

Tarix:

9-02-2018, 12:21

/ 1 628 dəfə oxundu.
"Ovçular ət və ət məhsulları” MMC-dən təkzib gəldi

Hörmətli sayt rəhbərliyi!
2018-ci ilin fevral ayının 3-də AzEuroNews.com saytında “Ovçular ət və ət məhsulları” MMC-nin fəaliyyətinə, Azərbaycanın qida sənayesində tutduğu önəmli mövqeyə, şirkətimizin işgüzar nüfuzuna ciddi zərbə vuran, istehsalçı ilə istehlakçı arasında münasibətlərə kölgə salan, qeyri-etik başlıqlı “NZS-də gizlənən “Ovçular” xalqa nə yedirir” adlı obyektivlikdən uzaq, qərəzli, sübut və dəlillərə, faktlara əsaslanmayan qondarma, tənqidi yazı dərc olunmuşdur.
Sizin sayt heç bir araşdırma və dəqiqləşdirmə aparmadan, məqsədi bəlli olmadan həmin materialı öz səhifəsində tirajlamış, bununla peşə etikasını pozmuş və şirkətimizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir. 25 ildən çoxdur davamlı olaraq Azərbaycan xalqına ləyaqətlə xidmət edən istehsalçı qurum olaraq hər zaman media işçiləri ilə etik çərçivədə, qarşılıqlı hörmətə söykənən münasibətlər qurmuş, irad və təkliflərə qarşı açıq olmuş, dözümlülük göstərmişik. Barəmizdə yazılan qeyri-obyektiv yazıdan kollektivimiz nə qədər qəzəblənsə də, bu dəfə də prinsiplərimizə sadiq qalaraq hüquqi tələb irəli sürmədən cavab haqqımızdan istifadə edərək AzEuroNews.com saytına müraciət edib ictimaiyyəti çaşdıran yazının onlayn istifadədən həmişəlik yığışdırılmasını və təkzib verilməsini xahiş və tələb etmişik. Qarşı tərəf yazını hazırlayarkən məsələyə ciddi yanaşmadığını etiraf edərək, etirazımızı qəbul etmiş, adıçəkilən yazını saytdan çıxartmış, təkzib vermişdir. Hazırda sizin istinad etdiyiniz yazı internetdə yoxdur!
Yazıda qərəzli şəkildə hədəfə alınan qurum olaraq mövqeyimizi sizə də bildirir, istinad etdiyiniz mənbənin (AzEuroNews.com) atdığı düzgün addımı sizin davam etdirmənizi istəyirik. Bir iş günü ərzində “NZS-də gizlənən “Ovçular” xalqa nə yedirir” adlı yazının saytdan çıxarılmasını, təkzib verilməsini xahiş edirik.
Müraciətimiz cavabsız qalarsa, tələbimiz yerinə yetirilməzsə, ləkələməyə çalışdığınız nüfuzumuzu qorumaq üçün saytınıza qarşı Azərbaycan Respublikası Qanunları çərçivəsində hüquqi müstəvidə adekvat addımlar atacağımız barədə sizə xəbərdarlıq edirik.
Etiraz xarakterli mövqeyimizi anlayışla qarşılayacağınıza, jurnalistin peşə etikasına, əxlaq kodeksinə sadiq qalacağınıza, cavab haqqına əsaslanan haqlı xahiş və tələblərimizi yerinə yetirəcəyinizə, saytınızda bir daha barəmizdə əsassız, qərəzli yazılar yerləşdirməyəcəyinizə ümid edirik.
“Ovçular” MMC

Şərhlər

XƏBƏR LENTİ