XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR

Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR

Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
19-12-2017, 09:32

Zabrat Abşeron yarımadasının mərkəzində yerləşir. Deyilənə görə, qəsəbə VII əsrdə Sabir adlı türk tayfası tərəfindən salınıb. Əvvəllər kəndin adı da Sabirat, yəni sabirilərin yaşadığı yer olub. Sonra qəsəbənin adı dəyişərək Zabrata çevrilib.
Hazırda Zabrat qəsəbəsi köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerlərini əhatə edir. Əvvəllər Zabrat torpaqları dəniz kənarından — Ləəş bağlarından başlayıbmış, yəni kəndin birbaşa dənizə çıxışı var imiş. Azərbaycanda 20-30 il əvvəl başlayan hadisələr fonunda qəsəbədə digər bölgələrdən gələn şəxslər məskunlaşmağa başlayıb. Yerli əhalinin sayı isə gündən günə azalır.
Zabratda doğulub böyüdüyüm üçün kəndin problemləri hər zaman məni maraqlandırıb. Dəfələrlə Zabratın problemlərinə toxunmuşam – gözlə görülən, həll edilməsi mümkün olan, amma heç kimi maraqlandırmayan problemlərə.
Zabrat qərib kənddir, kimsəsizdir. Bunu küçələrində gəzəndə də hiss etmək olar. Kanalizasiya sistemi olmadığı üçün küçələrə açılan kanalizasiya boruları, kələ-kötür yolları Zabratın diqqətdən kənar qaldığını bir daha sübut edir.
Sabunçu-Zabrat yolu ilə hərəkət etdikcə, yol kənarında muncuq kimi düzülmüş ticarət obyektləri, göz oxşayan fərdi evlər, mağazalar, ofislər insanda elə təəssürat yaradır ki, sanki bu qəsəbə Bakının ən baxımlı, diqqət mərkəzində olan qəsəbəsidir. Amma elə ki, Zabrata daxil olursan, odun-ocaq qoxusu, palçıq-çirkab dolu küçələr əslində bu qəsəbənin unudulmuş qəsəbə olduğunu xatırladır. Sputnik Azərbaycan əməkdaşının yolu yenə Zabrata düşüb…
Atamın məzarını ziyarət etməyi düşünürdüm. "Zabrat dairəsi" adlanan yerdən qəsəbəyə daxil olanda yenə hər zamankı acınacaqlı mənzərə ilə qarşılaşdım. Ərazidə yeni supermarket açıldığı üçün marketin ərazisi təmir edilib və qəsəbəyə giriş təmirli görünür.
Bir qədər irəlilədikdən sonra isə, piyada olsan, keçməyin üçün qayıq axtaracağın gölməçə çıxır qarşına. Kənd əhalisi sudan keçmək üçün gölməçənin içinə daş düzüb. Bir qədər sonra yolun sağ tərəfində Zabrat qəbiristanlığı yerləşir. Yağıntılı aylarda məzarların suda qaldığı məzarlıq.
İçəri girib atamın məzarını ziyarət etdikdən sonra ətrafa göz gəzdirdim. Həqiqətən acınacaqlı mənzərə idi. Qəbiristanlıq insan boyunu keçən qamışlarla dolmuşdu. Yağıntı çox düşdüyü üçün məzarların arası palçıq bataqlığına çevrilmişdi.
Atam sağ olanda, əsla bu məsələyə toxunmağımı istəmirdi. İndi o, həyatda olmadığı üçün bütün problemləri deyə bilirəm. Zabrat qəsəbəsi, Zabrat məzarlığı baxımsız vəziyyətdədir. Aidiyyatı şəxslər məzarlığın vəziyyəti ilə maraqlanmırlar.
Qəbiristanlıqdan çıxdıqdan sonra qəsəbənin küçələrini gəzib vəziyyətlə yaxından tanış oldum. Görünür, qəsəbənin belə vəziyyətdə olması icra nümayəndəsini əsla maraqlandırmır. Sabunçu rayonunun rəhbərliyi uzun illərdir elə bir biganəliyə qapılıb ki, sanki Zabrat adlı qəsəbənin olduğunu unudub. Artıq onları heç qınamıram da…
Zabrat haqqında dəfələrlə yazmışıq. Amma nə fayda? Zabrat icra nümayəndəliyi, Zabrat bələdiyyəsi bir dəfə də olsun qəsəbənin problemi ilə maraqlanmayıb.
Amma mən yenə yazıram. Hər payız-qış aylarında Zabrat qəsəbəsini aidiyyatı qurumların yadına salıram. Zəhmət olmasa, arada Zabrata da baş çəkin…
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat... - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.