XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycan öz “Euronews”unu yaradır

Azərbaycan öz “Euronews”unu yaradır

Azərbaycan öz “Euronews”unu yaradır
15-11-2017, 16:32

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək kanalın yaradılmasından xəbər verir.

“Qafqazinfo” Azərbaycan teleməkanında yenilik hesab olunacaq bu hadisə ilə bağlı kiçik bir araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən Euronews, CNN, BBC, NTV, Rossiya24, Əl Cəzirə kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub.
Bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq. Əslində ölkədə kifayət qədər yerli telekanallar fəaliyyət göstərir və sual oluna bilərdi ki, belə bir mühitdə hansısa tv kanalının yaradılması zərurəti haradan doğub? Lakin etiraf olunmalıdır ki, Azərbaycan telekanalları yalnız daxili auditoriyaya hesablanıb. Eyni zamanda, yerli TV-lər xəbər üzərində yüklənməyib, daha çox maarifləndirmə və əyləndirmə funksiyalarını yerinə yetirirlər.

Ölkənin indiki televiziyaları ilə hazırda heç bir beynəlxalq informasiya mübarizəsinə qoşulmaq faktiki mümkün deyil.

Baxmayaraq ki, əvvəllər ATV İnternational kimi fəaliyyətə başlayan, sonralar isə CBC kanalı kimi davam edən və xarici dillərdə yayımlanan bir TV kanalımız mövcuddur, lakin bu TV informasiya yaymaqla deyil, daha çox xarici filmlərin nümayişi ilə məşğuldur. Belə olan halda Azərbaycan həqiqətlərinin dünyaya öz dilində çatdırılması, eyni zamanda bölgədə baş verənlərin obyektiv işıqlandırılması, həmçinin dünyanın informasiya resurslarına asan çıxışın əldə edilməsi, bir istinad mənbəyinin yaradılması zərurətə çevrilib.
Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev də jurnalistlərlə keçirdiyi görüşlərdə xaricə çıxışı olan medianın yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu mənada belə bir ideyanın ortaya çıxması dövlət başçısının irəli sürdüyü təkliflərin nəticəsi kimi də görünə bilər.
Məlumatlara görə , yeni TV qeyd etdiyimiz kimi sırf xəbər üzərində köklənmiş, beynəlxalq əhəmiyyətə malik məlumatları bir neçə dildə, əsasən də ingilis və rus dillərində yaymaqla məşğul olacaq. TV –nin ən geci gələn il yayıma buraxılacağı, ən son texniki avadanlıqlarla təmin olunacağı, peşəkar kadrların xidmətindən istifadə olunacağı gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.