SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “HAFKA” BORCLARINA ZİYA MƏMMƏDOVU DA ŞƏRİK ETDİ! – Nazirin əmlaklarını satmasının BÖYÜK SİRRİ

“HAFKA” BORCLARINA ZİYA MƏMMƏDOVU DA ŞƏRİK ETDİ! – Nazirin əmlaklarını satmasının BÖYÜK SİRRİ

Tarix:

3-02-2017, 23:37

/ 2 132 dəfə oxundu.
“HAFKA” BORCLARINA ZİYA MƏMMƏDOVU DA ŞƏRİK ETDİ! – Nazirin əmlaklarını satmasının BÖYÜK SİRRİ

Azərbaycanda daha çox "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun borclarını bağlamaq nəqliyyat naziri Ziya Məmmədova həvalə edilib! Bu barədə redaksiyaya nəqliyyat nazirinə yaxın mənbələrdən məlumat daxil olub.

Məlumata görə, bunun səbəbi kimi Hafiz Məmmədovun uzun illər Ziya Məmmədovun biznes şəriki olması, onun himayəsi altında biznes elitasında yer alması, dövlətin 100 milyonlarla vəsaitini əldə etmək imkanı qazanması göstərilib: ""Biz Hafiz Məmmədovu sənə görə tanımışıq, sənə görə etibar etmişik. Borclarını da birlikdə ödəməlisiz” – deyə Ziya Məmmədova qısa müddətdə məsələni həll etmək tapşırılıb”.

Mənbə Ziya Məmmədovun ailə üzvlərinə məxsus biznes obyektlərinin satışa çıxarılmasının, başqalarına dövr edilməsinin də bununla bağlı olduğu qənaətindədir.

Anar Məmmədov "Hafka”nın borclu qaldıqlarına əmlaklarını dövr edir


Xatırladaq ki, bu yaxınlarda mətbuatda Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi "Qarant” Holdingin mülklərini satışa çıxarması barədə xəbər yayıldı. Məlumatda bunun "Bank of Azerbaijan”ın borcları ilə bağlı olduğu göstərilib. Belə ki, "Bank of Azerbaijan”ın müştərilərin depozitlərini qaytarmaq üçün götürdüyü borca "Qarant” Holdinq zəmanət verib. Hafiz Məmmədovun nəzarəti altında olmuş bu bank faktiki olaraq iflasa uğradığından həmin borcu qaytarmaqda problemlər yaranıb. "Nəticədə Holdinq Rəşid Behbudov küçəsindəki baş ofisini satışa çıxarmalı olub. O, baş ofisi 60 milyon dollara dəyərləndirsə də, borc sahibi ofisi 25 milyona razılaşaraq almalı olub” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "AzPolitika.info”ya verilən məlumata görə, qaytarılmayan böyük vəsait borc deyil, oliqarxlardan biri tərəfindən "Bank of Azerbaijan”a yatırılmış əmanət olub. "Bank of Azerbaijan” isə əvəllər "Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü il yanvarın 22-dək nəqliyyat nazirinin oğlu Anar Məmmədov bankın səhmlərinin 81 faizinin sahib olub. Həmin ildən sonra isə bank səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. Belə ki, Hafiz Məmmədovun oğlu Kənan bankda 43 faiz, digər oğlu Sənan 43 faiz, qardaşı Mübariz 13 faiz paya sahib olublar. 2014-cu il mayın 22-də isə Bank rəhbərliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə "Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə bankın lisenziyası ləğv edilib. Ancaq bankın sığortalanmayan və iri vəzifəli şəxslərə, onların yaxınlarına küllli miqdarda borcu qalıb.

Böyük miqdarda əmanətlərin qoyulduğu vaxt bank Anar Məmmədovun nəzarətində olduğundan, iri borc sahiblərinin pullarının qaytarılmasının məsuliyyətinin də Məmmədovlar ailəsinin üzərinə qoyulmasi təbiidir. Məmmədovların Quba rayonunda yerləşən "Rixos” otelini də bu səbəbdən borc sahibilərindən birinə dövr etdiyi bildirilir. Borcun məbləği böyük olduğundan Məmmədovların digər obyektləri də satışa çıxarılıb. Belə ki, "Garant Holdinq”in Goranboy rayonunun Goran ərazisində inşaat materialları zavodu, Bərdə və Yevlaxdakı obyektlərinin ucuz qiymətə satışa çıxarıldığına dair məlumat yayılıb. Bundan əlavə, H.Əliyev prospektində tikilən və əvvələr "Trump Trower” adlanan otelin də satışa verildiyi haqda məlumat var.

Avtovağzal Kompleksindəki iri Ticarət Mərkəzi də borca görə Məmmədovlardan alınıb

Bir neçə ay bundan əvvəl Məmmədovlar ailəsinin digər üzvü – nəqliyyat nazirinin qardaşı Elton Məmmədovun təsiçisi olduğu "Bakı XXI Əsr” MMC-nin idarəetməsində olan Avtovağzal Kompleksindəki iri Ticarət Mərkəzinin də başqasına dövr edildiyi barədə xəbərlər yayılıb. Bu rəsmən etiraf edilməsə də, Vergilər Nazirliyinin əməkdaşlarının Ticarət Mərkəzinə girərək, bütün mağazaları qısa müddətə bağlaması və yoxlamalar aparmasının bununla bağlı olduğu istisna edilmir.

Məlumata görə, yalnız Ticarət Mərkəzi deyil, bütövlükdə Avtovağzal Kompleksi Məmmədovların nəzarətindən çıxarılıb. Xatırladaq ki, Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu "Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, "Bakı XXI Əsr” MMC adlı yanacaq doldurma, avto yuma və təmir məntəqələri daxildir.

Yalnız "Bank of Azerbaijan”ın 700 milyon borcu qalıb

Ancaq mənbənin iddiasına görə, Hafiz Məmmədovun üzərində olan borcun məbləği o qədər böyükdür ki, Məmmədovlar ölkə daxilindəki bütün biznes obyektlərini və mülklərini satsalar belə, onu ödəyə biləcəkləri şübhə doğurur. Borcun dəqiq məbləği məlum olmasa da, söhbətin 100 milyonlarla dollardan getdiyi məlumdur. Bunun bir hissəsi Beynəlxalq Bankdan və başqa banklardan alınan kreditlər, bir hissəsi Sahibkarlığa Kömək Milli Fondundan götürülən vəsait, bir hisəsi "Bank of Azerbaijan” ASC-yə xarici və daxili kreditorlardan zəmanətlə cəlb olunmuş vəsait, bir hissəsi də həmin banka oliqarxların, onların ailə üzvlərinin və yaxınlarının yatırdıqları pullardır.

Qeyd edək ki, bağlanmazdan öncə yalnız "Bank of Azerbaijan”ın 700 milyon borcu olub. Bunu iflas olduğu elan edilən ərəfədə bankın İdarə Heyətinin sədri olan Məhəmmədəli Aslanovun atası, millət vəkili Mahir Aslanov açıqlamışdı: "Dağılıb gedir ora. 700 milyon borcu var… O bankı almaq özünü həbsxanaya salmaq deməkdir. Oğlum orda İdarə Heyətinin sədridir. Başqa yerdə işləyirdi, apardılar ora”.

Holdinq və şirkətlərinin adına 100 milyonlarla manat kredit götürüb, qaytarmayıb

Bundan əlavə Hafiz Məmmədov 2008-ci ildə yaratdığı "Baghlan Group” holdinqin adına 100 milyonlarla manat kredit götürüb, qaytarmayıb.
Onun eyni zamanda sonradan müflis elan olunan "RLS Holding” və 2008-2012-ci illərdə yaratdığı onlarla şirkətin adına müxtəlif banklardan və "Bank of Azerbaijan”dan cəlb etdiyi külli midarda kreditlər geri qaytarmadığı bildirilir. Hansı ki, nə ilə məşğul olduğu bilinməyən (Çox güman yalnız kağız üstündə mövcud olan-müəl.) belə şirkətlərdən 30-nun ötən il bağlandığı elan edilib. Bu səbəbdən Hafiz Məmmədovun biznesi tam şəkildə əlindən alınsa da, mülklərinin bəzilərini satsa, bəzilərinə həbs qoyulsa da, bunlar onun borcuna görə yaranmış faizləri belə ödəməyə bəs etməyib.
Bu qədər pulu Hafiz Məmmədovun hara xərclədiyi, nə etdiyi qaranlıq qalsa da, onun özü sonradan iflas olan biznes layihələrinə ayırdığını iddia edib.

"Hafka”nın 515 milyon dollar xərclədiyini iddia etdiyi layihə 6 milyon qiymətləndirilib

Məsələn, mətbuata açıqlamasında iddia edib ki, rəhbərlik etdiyi "Baghlan Group” şirkəti təkcə "Bahar” layihəsinə 515 milyon dollar xərcləyib. Ancaq borcunun qarşılığı olaraq həmin layihədə onun payı cəmi 6 milyon qiymətləndirilərək, əlindən alınıb: "Onu cəmi 6 milyon dollara satdılar. Bu, necə olur eee? 515 milyon dollar investisiya yatırmışıq”.

Bundan əlavə Fransada "Lans” futbol klubunun alınmasına 20 milyon, stadionunun təmirinə 70 milyon pul xərclədiyini iddia edib: "70 milyon pul xərcləmişdik və Avropa Çempionatının 5 oyunu həmin stadionda baş tutmuşdu. O stadion Azərbaycanın idi, ancaq may ayının 5-nə qədər. Sonra stadionu itirdik”.

Yəni, Hafiz Məmmədov 100 milyonlarla pulu sonradan iflas olan, batan-itən layihələrə xərclədiyini iddia edib. Bir hissəsini də borc kimi başqalarının üzərinə yazıb. İddia edib ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev və iş adamı Mübariz Mənsimovun ona 100 milyonlarla borcu var: "”Xəzər Lənkəran” və "İnter” ikisi birlikdə 310 milyon dollar verməlidir”.

Barəsindəki həbs-qətimkan tədbiri Monako knyazı dəyişdirib

Ancaq təbii ki, hökumət buna inanmayıb. Onun cəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən holdinqinin birdən-birə iflas etməsinin arxasında məhz Beynəlxalq Bankdan alınan 100 milyonları mənimsəmək niyyətinin dayandığı ehtimal edilib. Buna görə də Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərin mənimsənilməsi faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində o da istintaqa cəlb olunmuşdu. Hətta Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri də seçilmişdi. Ancaq o, dostları vasitəsilə bundan əvvəlcədən xəbər tutaraq ölkədən çıxmağı bacarmışdı.

Barəsindəki həbs-qətimkan tədbirini dəyişdirmək üçün isə dostluq etdiyi Monako knyazı əlahəzrət II Alberti Azərbaycan Prezidentinə minnətçi salmışdı. Monakonun cəmi 5 idmançı ilə qatıldığı I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn knyaz II Albert Azərbaycan rəhbərliyindən Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini də xahiş etmişdi və bu nəzərə alınmışdı…

Sərvətinin böyük hissəsini kazinolarda itirib?

Yeri gəlmişkən qeyd edək ki, Hafiz Məmmədovun Monako knyazı ilə Monte Karlonun elit kazinolarında dostlaşdığı bildirilir. Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Hətta onun "Lans” klubunun prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olduğu da qeyd edilir. Bu barədə məlumatı bir neçə il əvvəl Fransanın "Le Point” qəzeti yayıb: "Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər…”

Hesabını verə bilmədiyi pulları Ziya Məmədovun üzərinə yazıb

Bakıya qayıtdıqdan sonra isə, Hafiz Məmmədov yaranmış borclarına görə məsuliyyəti sabiq nazir Eldar Mahmudovun, ABB-nin hazırda həbsdə olan rəhbəri Cahangir Hacıyevin üzərinə atıb. "Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa məmurlar və biznesmenlər də iştirak etdi” – H.Məmmədov deyib.

Ancaq onlarla da kifayətlənməyərək, yaranmış borclara "atam” dediyi Ziya Məmədovu da şərik edib. Hafiz Məmmədova yaxınlığı ilə tanınan mətbuatda buna açıq işarə vurulub: ""Hafka”nın problemi ona "krişa”lıq edənlərin indi müəyyən vədlərinə xilaf çıxmaları ilə bağlıdır. Belə ki, H.Məmmədovun sahibi olduğu böyük biznesə, iqtisadi layihələrinə siyasi cəhətdən hamilik edənlər, ona QARANT duranlar indi öz dostlarından imtina ediblər. Məlumatlara görə, söhbət "Hafka” vasitəsi ilə Azərbaycanda müəyyən layihələrə cəlb olunan və onun əli ilə ödənən böyük məbləğdə vəsaitlərin geri qaytarılmasında yaranan problemlərdən, bu səbəbdən də H. Məmmədovun, loru dildə desək, ortalıqda qalmasından gedir.”

Bu məlumatın H.Məmmədovun istəyi ilə yazıldığını qəbul etsək, "Hafka”nın dolayısıyla HESABINI verə bilmədiyi pulların Ziya Məmədov və yaxınları tərəfindən xərcləndiyini iddia etdiyi ortaya çıxar.

Bunun nə qədər doğru olub-olmadığını söyləmək çətindir. Ancaq son məlumatlar göstəririr ki, "Hafka” borclarına Ziya Məmmədovu da şərik edə bilib.

P.S. Yazıda qeyd olunan məlumatlarla bağlı, Hafiz Məmmədovun və Ziya Məmmədovun da mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ