SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nə məhkəmə qərarı var, nə bir şey... - Yasamalda SÖKÜNTÜ

Nə məhkəmə qərarı var, nə bir şey... - Yasamalda SÖKÜNTÜ

Tarix:

14-08-2017, 15:19

/ 79 145 dəfə oxundu.
Nə məhkəmə qərarı var, nə bir şey... - Yasamalda SÖKÜNTÜ

«Əvvəl insanları ədəb-ərkanla köçürərlər, sonra iş görərlər. Qəfil ağaclıqlardan buldozerlərlə, traktorlarla hasarlara hücum çəkmək nə idi... Hasarlarımız ağır texnikaların altında qaldı, özümüzü döydülər». Bunu Yasamal rayonu, Ümid Əkbərov küçəsinin sakinləri deyir.
Avqustun 9-dan bu küçədəki həyətyanı sahələrin hasarları ağır texnikalarla dağıdılır. Səbəb də ərazidən su və kanalizasiya xətlərinin çəkilməsi göstərilir. Küçə sakini Lətifə Əliyeva deyir, əraziyə gələnlərin hasarları dağıtmasına və ağacları qırmasına müqavimət göstərən sakinlər döyülüb. Onun özünü necə yerə yıxıblarsa, huşunu itirib və təcili yardım çağırılıb: «Deyirlər, «evlərinizin sənədi yoxdur, sizə kompensasiya düşmür, lazım olsa, evlərinizi də uçurdacağıq». Nə məhkəmə qərarı var, nə bir şey... Dağıda-dağıda gedirlər. Ayın 9-da burda, az qala, qan su yerinə gedirdi. Adamları basıb döydülər, polisə apardılar. Qadın, gəlin demədilər, təhqirin biri bir qəpikdən yağdırdılar, itələdilər, yıxdılar yerə qocanı, uşağı...».
Sakinlərin iddiasına görə, ərazidə xeyli yaşıllıq məhv edilib. Əsas qarşıdurma da ağacların kəsilməsi və hasarların dağıdılması zamanı baş verib. Hətta bir ev yerli dibli sökülüb. Şahmar Əliyev AzadlıqRadiosuna deyir ki, bir müddət əvvəl ərazidən aldığı torpaq sahəsini də sökülən evin sahibinə veriblər: «Adamın evini söküblər, sonra da deyiblər, «get, evini onun torpağında tik, icazə veririk». Halbuki, o torpağı mən almışam. Mənim sənədli torpağımı öz dədə torpaqları kimi evini sökdükləri adama bağışlayıblar. Ortada bizi bir-birimizə qarşı qoyublar. İndi o da deyir, «neyləyim, sənin torpağını mənə veriblər». Belə də özbaşınalıq olar?».
Ərazidə yaşayan Mustafayevlər ailəsinin isə gözü qapıdadır. Ailəyə yaxın bir neçə gündə evin söküləcəyini bildiriblər. Zaur Mustafayev deyir, ağır texnikalar istənilən anda qapıda peyda ola bilər: «Deyirlər, «burdan kanalizasiya xətti keçəcək, bu ev mütləq sökülməlidir». Ancaq bu boyda ailə hara sığınacaq, onu deyən yoxdur. Nə kompensasiya var, nə ev... Deyirlər, tikililər sənədsizdir, halbuki, bu tikililərə icra başçısı səviyyəsində razılıq verilib. Hamı bilir ki, kasıb evi zorla tikib içinə sığınır, ölkədə mülkiyyət sənədi almaq, mülkü sənədləşdirmək qədər çətin, süründürmə iş yoxdur. Ona görə də məmurlar arxayındır ki, hansı qapını döysələr, sənədi yoxdur və rahat sökə bilərlər».
Buradakı evlər azı 20-25 ildir tikilib. Sakinlər bu ərazidəki tikililəri sənədləşdirmək üçün aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq süründürməçiliyə məruz qaldıqlarını bildirirlər.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ