SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillərin mətbuat konfransı keçirilib -VİDEO

Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillərin mətbuat konfransı keçirilib -VİDEO

Tarix:

18-07-2017, 09:36

/ 174 856 dəfə oxundu.
Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillərin mətbuat konfransı keçirilib -VİDEO

Bu gün namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillər mətbuat konfransı keçirib.
Konfransda vəkillər Yalçın İmanov, Osman Kazımov, Cavad Cavadov və Nemət Kərimli ilə yanaşı, ölkənin tanınmış hüquq müdafiəçiləri, ruhanilər, ziyalılar və media nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq çıxış edən vəkil Osman Kazımov Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilən və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xüsusi olaraq əlavə edilmiş, 168.1.3.1-ci maddəsinə əsasən həmin ittiham əsasında barəsində həbs qəti-imkan seçilən ruhani haqqında məlumat verib. Bildirib ki, Şeyx Sərdar uzun müddət qanunsuz olaraq həbsdə saxlanılıb. İstintaqda olduğu müddətdə elə bir ciddi istintaq hərəkətləri aparılmayıb. Yalnız bir neçə “şahid” dindirilib və daha sonra iş məhkəmə baxışına verilib. “Masallı Rayon Məhkəməsində məhkəmə keçirildiyi dövrdə ciddi qanun pozuntuları qeydə alınıb. Məhkəmənin birinci açılış günündən insanlara polis orqanları tərəfindən ciddi təsirlər olub, məhkəməyə gələn insanlar həbs edilib. Sonradan bizim təkidimiz nəticəsində və xarici ölkələrin nümayəndələrinin iştirakı ilə polis basqısı dayandırılıb. Lakin məhkəmə öz qanunsuz hərəkətlərini davam edərək öyrədilmiş şahidlərin iştirakı ilə keçirilib. Məhkəmə prosesinin yekununda bir neçə dəfə məhkəmə prosesini təxirə saldıqdan sonra Sərdar Babayev barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hətta məhkəmənin gedişində həm dövlət ittihamçısının çıxışı və həm də məhkəmənin özünün nə qədər ciddi təzyiq altında olduğunu sübut edir. Bunu məhkəmə prosesində iştirak edən bütün insanlar, o cümlədən Masallı rayon sakinləri müşahidə edib”.
Osman Kazımovun sözlərinə görə, Sərdar Babayevin ittiham edildiyi maddənin ən faciəvi tərəfi budur ki, sözügedən maddə yalnız və yalnız İslam dininin daşıyıcılarına şamil edilir: “Dəhşətli olan budur ki, əhalisinin 95 %-i müsəlman olan bir məmləkətdə belə bir qanunla insanlar mühakimə olunur. Buradan belə çıxır ki, əgər sabah Ermənistanda bir nəfər xristianlıqla bağlı dini təhsil alıb gəlmiş şəxs gəlib Azərbaycanda fəaliyyət göstərsə, bu cinayət hesab edilməz, lakin hər hansı yerli müsəlman vətəndaş digər ölkədə islami təhsil alıb fəaliyyət göstərərsə, bu cinayət sayılır. Olduqca acınacaqlı və absurd bir məsələdir. Dünyada analoqu olmayan bir məsələdir ki, insanı namaz qıldığına görə 3 il azadlıqdan məhrum ediblər. Hakimiyyət bölgələrdə nüfuzlu olan şəxsləri qaralamaq, ləkələmək, həbsə almaq və qorxutmaqla məşğuldur. Yəni, Sərdar Babayev həm din xadimi kimi hörmətli insan idi, insanlar tərəfindən sevilirdi, həm də acı həqiqətləri uca səslə deyirdi. Ona görə də Sərdar Babayevin həbsi bununla bağlıdır”.
Daha sonra vəkil Yalçın İmanov çıxış edərək və bildirib ki, Sərdar Hacıhəsənli həbs olunduğu maddə üzrə ilk məhbus sayılır: “Sərdar Babayev dini ayin yerinə yetirmək ittihamı ilə həbs olunan hələlik yeganə şəxsdir. Həmin maddədə belə nəzərdə tutulur. Xaricdə dini təhsil almış tərəfindən dini ayin və mərasimlərin həyata keçirilməsi qadağandır. Burada subyektiv cəhət məhz xaricdə dini təhsil almış şəxsdir. İndi biz sual edirik. Azərbaycanda xaricdə dini təhsil almaq nə vaxtdan lisenziyalı fəaliyyət növü hesab olunur? Təbii ki, bu hər hansı icazə tələb edən fəaliyyət növü deyil. Yəni istənilən bir şəxs xaricdə hüquq təhsili, tibbi təhsil, mühəndislik və yaxud istənilən bir təhsil ala bilər. Bununla bağlı hökumətin icazəsi və ya müvafiq orqanın icazəsi tələb olunmur. Eləcə də dini fəaliyyətlə bağlı lisenziyalaşdırma fəaliyyəti tələb olunmur. İstənilən bir şəxs xarici ölkədə dini təhsil ala bilər. Bəs nəyə görə dini təhsil almaq qanunun təqibi halına yerləşdirildi? Bu təbii ki, 2015-ci ildə Nardaran hadisəsindən sonra siyasi hakimiyyətin aktiv dini fəaliyyəti olan şəxsləri bir mənalı şəkildə dini və siyasi fəaliyyət siferasından silməyə xidmət edirdi və həmin normanın qəbul edilməsi bu məqsədə xidmət edirdi. Burda kifayət qədər sullar ortaya çıxır. Bu maddə üzrə həbs anlaşılan deyil, çünki xaricdə təhsil almış şəxsin dini ayin yerinə yetirməsini qadağan etmək hüquqa ziddir. Xaricdə dini təhsil almış şəxs öz yaxını və ya qohumuna cənazə namazı qılarsa, onda cinayət məsuliyyəti daşıyacaq?
Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyimizə baxmayaraq məhkəmə buna aydınlıq gətirmədi. Ümumiyyətlə dini ayin dedikdə nə nəzərdə tutulur, dini ayinin icrası dedikdə bunun tək halda həyata keçirilməsi nəzərdə tutulur, yoxsa cəm halda...? Kifayət qədər bu kimi məsələlərə məhkəmə bizim üçün aydınlıq gətirmədi. Həmçinin sözügedən qanunda hansi təhsilin alınmasına da aydınlıq gətirilmir. Yəni bu təhsil ali təhsillə bağlıdır, yoxsa digər?”
Daha sonra çıxış edən vəkil Nemət Kərimli isə qeyd edib ki, Şeyx Sərdar Babayevin ittiham edildiyi maddəyə əsasən cinayət törətdiyini fərz etmiş olsaq belə, Milli Məclisin 16 may tarixində həmin qanuna yenidən dəyişiklik edərək “xaricdə dini təhsil almış və Qafqaz Müsəlmanları İdarəsinin razılığı” ilə ifadəsinə əsasən Sərdar Babayev cinayət törətmiş şəxs sayılmır: “Sözügedən dəyişiklik isə Şeyx Sərdar Babayev barəsində məhkəmə hökm oxumamışdan 10 gün öncə qüvvəyə mindi. Azərbaycan Respublikası Konistitusiuyasının 149-cu maddəsinə əsasən hüquq normaları əgər hüquqi və fiziki şəxslərin vəziyyətin yüngülləşdirirsə, cinayət məsuliyyətin aradan qaldırırsa və yaxud yüngülləşdirirsə, geriyə şamil edilə bilməz. İstintaq materiallarından aydın olur ki, QMİ-nin cənub zonası üzrə nümayəndəsi Mirqiyas Təhməzov Şeyx Sərdarı cümə namazı üçün Masallıya dəvət etdiyini söyləyib. Məsələ budur ki, göstərilən bu amillərin heç biri Sərdar Babayevə tətbiq edilmədi. Səbəb isə siyasi hakimiyyətin Sərdar Babayevə qarşı qərəzli olması idi”.
N.Kərimli bildirdi ki, Şeyx Sərdarın barəsində təkrar cinayət törətmək ittihamı qaununsuzdur. Şeyx Sərdarın əməlində təkararlıq yox idi, sadəcə birinci bənddə cəza kifayət qədər yüngüldür, - 5000 manata qədər cərimə və yaxud 1 il müddətinə azadlıqdan məhrumetmədir. Lakin hakimiyyət onu daha ağır cəzalandırmaq üçün qanunsuz olaraq təkrarlıq qoydu. Əgər hesab etsək ki, Şeyx Sərdarın əməlində cinayət tərkibi varsa, onun təkrar hesab edilməsi Konistitusiyanın müvafiq qərarı ilə ziddiyyət təşkil edir. Sərdar Babayev Masallıda tərbiyəsi, əxlaqı və davranışına görə kifayət qədər nüfuz sahibidir. Onun nüfuz sahibi olması sanki hakimiyyəti qıcıqlandırır”.
Vəkil Cavad Cavadov isə çıxışı zamanı vurğuladı ki, Sərdar Babayevin ittiham edildiyi maddə ilə həbs edilməmək imkanı var idi: “Sadəcə olaraq o özü qəti şəkildə bu yoldan vaz keçdi. Mənə də qəti şəkildə bildirdi ki, müdafiə taktikası olaraq belə bir yol tutulmamalıdır. Mən ona təklif eləmişdim ki, İranda təhsil almasını inkar edək və bunun araşdırıb ortalığa çıxarılmasını istintaq orqanının üzərində qalsın və İran İslam Respublikasına rəsmi formada müraciət etsinlər. O, bundan qəti formada imtina etdi. Bizim də bundan sonra hədəfimiz həmin maddənin qüsurlu maddə olaraq cinayət məcəlləsindən çıxarmağa nail olmaq idi. Çünki bu maddə potensial olaraq bir çox şəxslərə ciddi təhlükə yaradacaq. Hətta dövlət xətti ilə xarici dini mərkəzlərdə təhsil alıb gəlmiş şəxslər də bu maddə ilə istənilən halda potensial cinayətkara çevrilir. Kifayət qədər absurd maddədir və biz əvvəldən axıra qədər çalışdıq ki, bunu CM-dən çıxarılmasına nail olaq. Bir daha buradan sözügedən maddənin CM-dən çıxarılması ilə bağlı çağırış edirik. Sərdar Babayevə elan edilmiş ittihamın həm hüquqi, həm də ki, faktiki tərəfi tamamailə yanlışdır”.
C.Cavadov deyib ki, Dini Etiqad Azadlığı haqqında qanunun 21-ci maddəsi artıq dəyişilib, lakin cinayət məcəlləsinin bu norması qalıb. “Yəni belə çıxır ki, hətta QMİ-i, Dini Komitə ilə birgə kimisə çağırıb razılaşdırsa ki, dini ayin aparılmasına icazə versə, bu cinayət məcəlləsinə görə həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Cinayət Məcəlləsi ancaq bu məcəllədən ibarətdir. Kifayət qədər absurd bir durum yaranıb. Bir daha burdan səslənir və təcili olaraq bu maddənin cinayət məcəlləsindən çıxarılmasını xahiş edirik. Burda Sərdar Babayevə elan olunmuş ittihamın istər hüquqi tərəfi, istərsə də faktiki tərəfi tamamilə absurddur. İnanırıq ki, bu maddə cinayət məcələsindən çıxarılacaq”.
Mətbuat konfransında hüquq müdafiəçisi Eldəniz Quliyev çıxış edərək bildirib ki, Sərdar Babayevin həbsi ilə ölkədə tolerantlıq şübhə altına alınır, elan olunmuş ittiham multikultralizm ilinin üzərinə kölgə salır. “Düşünürəm ki, Hacı Sərdarın son zamanlar olan nüfuzu, onun əxlaqı, onun imanı, onun elmlə imanı birləşdirmək cəhdləri yəqin ki, bunları narahat edir. Hesab edirəm ki, Azərbaycan hökumətinin bu işdə uduzduğu daha çoxdur, nə inki qazancı. Nə üçün son zamanlar dini camiəyə qarşı hökumət qanunu tapdalayaraq və öz simasına xələl gətirərək bu cür hücumlar başlayıb? Masallının dələduz icra hakiminin ərizəsi ilə bu cür böyük şəxsiyyəti dama basmaq olar? Kimsə buna dur deməlidir”.
Çıxış edən Rövşən Əhmədli bildirib ki, Hacı Sərdarın məhkəməsinin siyasi bir proses olduğu qaranlıq məsələ deyil. "Bu maddənin özü də siyasi məqsədlə cinayət məcəlləsinə daxil olub. Burada bununla bağlı geniş müzakirə olundu və haqlı olaraqda sual olundu ki, hakimiyyət bundan nə qazanır? Əslində qanunlar insanlar arasındakı münasibətlərdə ədaləti tənzim olunması üçün qəbul olunur, nəinki burda hüquqlarını məhdudlaşdırmaq. Biz görürük ki, Azərbaycanda bu gün qəbul olunan qanunlar çox mürtəce xarakter daşıyır və sadəcə olaraq bu gün qanuna olunan əlavə və dəyişiklikləri qoysaq bir tərəfə və qanun özünü digər tərəfə görərik ki, qanuna edilmiş əlavə dəyişikliklər qanun özündən bir neçə dəfə qalındır. Bu hüquqşünaslar arasında da çaşqınlıq yaradır, çünki o qədər əlavə dəyişiklik edilib ki, vəkillər də girinc qalır. Hacı Sərdar etmədiyi bir günahın, etmədiyi bir cinayətin cəzasını çəkir. Cəmiyyət olaraq da bu çox susqunluqla qarşılanır. Bu ilk dəfə deyil ki, Hacı Sərdar zülmə və ədalətsizliyə məruz qalır, haqqı və hüququ əlindən alınır. Düşünürəm ki, axırıncı olmayacaq. Cəmiyyət olaraq Azərbaycanda bu mürtəceliyi görmürükmü? Bu sabah hamıya şamil ediləcəkmi? Cəmiyyətin rolu nə olmalıdır?
Konfransda çıxış edən ruhani Cəlal Şəfiyev vəkil Cavad Cavadovun “Sərdar Babayevin ittiham edildiyi maddə ilə həbs edilməmək imkanı var idi, sadəcə olaraq o özü qəti şəkildə bu yoldan vaz keçmədi” ilə bağlı çıxışına münasibət bildirib.
O qeyd edib ki, Şeyx Sərdarın əvvəldən sözü bu idi ki, mən hər şeydən öncə ruhaniyəm, və hər şeydən və hər kəsdən öncə özümü Allah qarşısında məsul bilirəm. “Şeyx Sərdar cavanlığında bir yerə dini təbliğat üçün dəvət etmişdilər. Dəvət edənlər deyirdi ki, bir az bu ölkə həssas yerdir, sərhəddi keçmək üçün üzünü bir az qırxıb gəlməlisən. Şeyx Sərdar elə anında buna etiraz etdi. Dedi yox, bu şərtlər altında gəlməyəcəm. Niyə? Cavab verdi ki, mən ora gedirəm camaatı dinə dəvət edim, ora gedirəm camaata saqqalı başa salmağa. Əgər qərar olsa mən saqqalı hava limanında qoyub gedim, ondan sonra orda din dalıyca getməyin mənası yoxdur. Ona görə Şeyx Sərdarın sözü bu idi ki, mən yüzlərlə insanın qarşısında cümə namazı qılıram və bunlara yalan danışmamağı tövsiyyə edirəm və buna görə mən diplom məsələsini heç cürə dana bilmərəm. Şeyx Sərdarın həbsi dini camiənin ürəyində unudulmaz bir hadisə kimi , şərlənərək, haqsız yerə həbs edilməs yaddaşlara səbt olundu və bizim narahatçılığımıza səbəb oldu. Biz körpəmizdən tutmuş böyüyümüzə qədər hamımızın sevdiyimiz və bu xalqın ləyaqətli övladlarından birinin müqəddəs bir işə görə, namaza görə şərlənməsini və həbs olunmasını görürük. Buna həm duamızda etiraz edirik, həm cəmiyyətdə etiraz edirik. Tələbimiz budur ki, bu qanunlar islah olunmalı və xalqın istəkləri nəzərə alınmalıdır. Şeyx Sərdar kimi dəyərli insanlar və haqsız yerə şərlənərək həbs olunan insanlar azadlığa buraxılmalıdır."
Konfrans vəkillərin tədbir iştirakçılarının suallarını cavablandırması ilə davam edib.

Mətbuat konfransının sonunda aidiyyatı dövlət orqanlarına müraciət qəbul olunub. Müraciətin mətni ilə burdan tanış ola bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ