"Bircə narahatçılığımız vardı – birdən narkozu çox verərlər... Son vaxtlar bu səbəbdən ölənlərin sayı artıb. Nədən narahat idiksə, uşaq elə o səbəbdən də əlimizdən getdi".
Salyanın Qızılağac kəndində yaşayan Əliyevlər ailəsinə faciə üz verib. Ailə üzvlərinin iddiasına görə, bu faciəni onlara Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri yaşadıb.
Ailənin gənc üzvü və yeganə övladı olan Səbuhi əməliyyat üçün İnstituta aparılıb və əməliyyata götürülərkən gözlərini əbədi yumub. Gəncin dayısı danışır:
"Səbuhidə onurğa əyriliyi vardı. Apardıq, müayinə etdilər, dedilər, mütləq əməliyyat olunmalıdır. Razılaşdıq, heç əməliyyat masasına gedib çatmadı. Narkozdan getdi... İş orasındadır, əməliyyat qərarı veriləndə elə əsas narahatçılığımız da narkoza görə idi. Naşı anestezioloq olub. Uşağımız heç əməliyyat masasına gedib çıxmadı. Narkozu yüksək dozada verib uşağın axırına çıxdılar".