XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Gənc oğlan həkim səhvindən əməliyyat masasında öldü

Gənc oğlan həkim səhvindən əməliyyat masasında öldü

Gənc oğlan həkim səhvindən əməliyyat masasında öldü
28-09-2017, 11:52

Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib. Bu barədə mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.

Xəstənin dayısı Ağasəf Xurşidov bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: "Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestesioloq məsuliyyət daşıyır".

Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: "Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".

"Report"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.