XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » “Müəllim maaşı ilə ev ala bilmirəm...” - Məcburi köçkün kömək istəyir

“Müəllim maaşı ilə ev ala bilmirəm...” - Məcburi köçkün kömək istəyir

“Müəllim maaşı ilə ev ala bilmirəm...” - Məcburi köçkün kömək istəyir
8-07-2017, 10:18

“1992-ci ildə Şuşa şəhərindən qaçqın düşmüşəm. 2 ildir Yevlax şəhərində kirayələrdə yaşayıram. Artıq kirayə haqqı verməyə də gücüm çatmır. Ölkə rəhbərliyindən xahiş edirəm ki, məni mənzillə təmin etsin”.
Bu sözləri Yevlax şəhər sakini, əslən şuşalı olan Azər Əbülfət oğlu Abbasov redaksiyaya göndərdiyi şikayət məktubunda yazıb. Məktub müəllifi qeyd edib ki, 25 ildir Yevlax şəhərində müxtəlif ünvanlarda kirayədə qalır. Bu müddət ərzində dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Yevlax ərazi nümayəndəliyinə müraciət edib ki, onu müvəqqəti mənzillə və ya sığınacaqla təmin etsinlər. Lakin heç bir nəticəsi olmayıb.
“25 ilə yaxındır ki, mənzil problemimi həll etmək üçün bütün aidiyyəti qurumlara, deputatlara, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciətlər etmişəm. Komitədən cavab verilib ki, hələlik Yevlax şəhərində məcburi köçkünlər üçün yeni mənzilin tikintisi nəzərdə tutulmayıb. Bu baxımdan yardımçı ola bilməyəcəklərini qeyd ediblər” - şikayətçi yazıb.
Onun sözlərinə görə, deputatlardan yalnız Fazil Mustafa müraciətinə cavab verib və onun üçün “Qaçqınkom”a müraciət ünvanlayıb: “Onun müraciətinə də eyni cavab verildi ki, nə vaxt Yevlax şəhərində qaçqınlar üçün mənzil tikilsə, məni o zaman evlə təmin edə biləcəklər. Artıq 54 yaşım var. Özümün və həyat yoldaşımın səhhətində də problemlər var. Müəllim işlədiyim üçün əmək haqqı elə də böyük deyil. Nəinki mənzil problemimi həll etməyə, hətta kirayə haqqını ödəməyə də gücümüz çatmır. Aylar öncə kirayə qaldığım mənzili də tərk etməli oldum. Pulunu ödəyə bilmədiyim üçün artıq orada qala bilməzdim. İndi bir qızım və həyat yoldaşımla qohumlarımızın evində ayrı-ayrı yaşamaq məcburiyyətində qalmışıq. Mən bacımın evinə sığınmışam. Qızım isə anası ilə birlikdə babasının evində qalır”.
Azər Abbasov məktubunun sonunda yazır: “Bir müəllim kimi daim dövlətimizə və xalqımıza vicdanla xidmət etmişəm. Hesab edirəm ki, 25 ildir vətənindən didərgin düşən bir şəxs kimi hökumətdən bir sığınacaq, mənzil istəməyə haqqım satır. Sizin qəzet vasitəsilə dövlət başçımıza müraciət edirəm ki, mənə kömək eləsin. Ricam odur ki, ya mənə mənzil verilsin, ya da maddi köməklik olsun və özüm bir ev tikə bilim. Müəllim maaşı ilə mənim bunu həyata keçirməyim mümkün deyil”.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.