SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsu rayon icra başçısı Qarabağ döyüşçüsünü qəbul etmir - ŞİKAYƏT

Ağsu rayon icra başçısı Qarabağ döyüşçüsünü qəbul etmir - ŞİKAYƏT

Tarix:

24-05-2017, 10:06

/ 59 884 dəfə oxundu.
Ağsu rayon icra başçısı Qarabağ döyüşçüsünü qəbul etmir - ŞİKAYƏT

"Bu gün xəzinə onların əlindədir, istədikləri kimi çapıb talayırlar. Kefləri istəyəndə bütün dünyanı ölkəyə töküb, boğazımızdan kəsib idman yarışları keçirirlər, kefləri istəyəndə adamların evlərini başlarına uçururlar. Hər yerdən nəfəsimizi kəsiblər, iş vermirlər, əlili, xəstəni adam yerinə qoymurlar. Gedirsən qapılarına dərdini deyəsən, səni qapı arxasında saxlayırlar, kobud davranırlar, incidirlər, təhqir edirlər, qovurlar. Bir söz demirəm, yeyib dağıdırlar, yaxşı eləyirlər. Hələ ki, həyat onlarındır. Ancaq azca da olsa, insaf yaxşı şeydir, hökumət olimpiadalara tökdüyü puldan azca kəsib əlilin altına çarpayı alıb qoysun. İkinci qrup əlil qardaşım, xəstə anam, bacım, həyat yoldaşım – hamımız betonun üstündə yatırıq".
Ağsu rayonu, Çaparlı kənd sakini Ramil Kərimov yaşayış şəraitindən yazır. Ramilin atası Qarabağ döyüşçüsü olub, yaralanıb, qayıdıb. Müharibənin travmaları onu həyatdan çox erkən aparıb. 6 uşaq bir ananın ümidində böyüyüb. Hamısı xəstə, yarımcan...
Ramil Kərimov: "İndi anam özü yataq xəstəsidir, bacım da, həyat yoldaşım da xəstədir, müalicələrinə maddi imkanımız yoxdur. Həyat yoldaşım böyrək çatışmazlığından əziyyət çəkir, qardaşımsa 2-ci qrup əlildir. Çox acınacaqlı durumdayıq, daşın üstündə yatırıq, evimiz başımıza uçur, dam örtüyü dağılıb, yağış başımıza yağır. Dörd ağır xəstə belə vəziyyətdə zülm çəkir. Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu. Üstəlik də ailəmizdə heç kimin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Hətta məşğul olmaq istəsək belə, iş də yoxdur".
Ailə gözünü 2-ci qrup əlilin pensiyasına dikib. Bu pensiya xəstələrdən və əlildən ibarət ailənin nəinki dərmanlarına, heç yavan çörəyinə də çatmır. Ailə üzvləri ünvanlı sosial yardım üçün müraciət etsələr də, imtina cavabı alıblar.
Ramil Kərimovun sözlərinə görə, həm özü, həm də ailə üzvləri Ağsunun icra hakimiyyətində olsalar da, onlara bildirilib ki, qurumun kömək etmək imkanı yoxdur:
"Başçı qəbul eləmir, müavinləri deyir, bizim qurum adamlara maddi yardım göstərmir, çörək vermir, başqa işlərə baxır. Ölkənin başçısı rayona icra başçısı təyin eləyir ki, xalqın dərdiylə maraqlansın, problemini həll eləsin. O da bizi qapı arxasında qoyursa, müavinləri bizi kobudlayıb qovursa, bəs dərdimizi kimə deyək?"
Ağsu rayon icra hakimiyyətindən bildirilib ki, Kərimovlar ailəsinə kömək etməyə büdcədə vəsait nəzərdə tutulmayıb: "Evin dam örtüyü yararsızdırsa, bələdiyyəyə müraciət edə bilər. Sosial yardımını kəsiblər, bunun üçün ayrıca qurum var, müraciət etsin, araşdırsınlar ki, niyə kəsiblər. İşsizdir, məşğulluq mərkəzinə müraciət etsin, dərmanı yoxdur, bundan ötrü səhiyyə qurumları var. İcra hakimiyyəti bu qurumların yerinə işləməli deyil axı... Hər qurumun öz vəzifəsinə, səlahiyyətinə daxil olan işi var".
Ramil Kərimov sadalanan həmin qurumlara onsuz da müraciət etdiyini, ancaq cavab almadığını bildirir.

Şərhlər

XƏBƏR LENTİ